BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 16 İyul, 2007 - Published 13:37 GMT
 
Dostunuza göndərin Çap versiyası
Dağlıq Qarabağ ermənilərinə xaricdən "üz verirlər"
 
xankendi
İyulun 19-da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yaranmış tanınmayan respublikada prezident seçkilərini keçirməyə planlaşdırılır.

Bir çox ölkələr və beynəlxalq təşkilatlar artıq indidən həmin seçkilərin nəticələrinin tanımayacağını və onların Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlara mənfi təsir göstərəcəyini bəyan edib.

Bu bəyanatlara əsaslanan rəsmi Bakı bu kimi seçkilərin Dağlıq Qarabağ ermənilərinə nəticə etibarilə heç nə verməyəcəyini bəyan etsə də, bəzi müşahidəçilərin fikrincə, hadisələr bu məcrada davam etsə, bu, Azərbaycanın ərazi bütövlüyü üçün mənfi nəticələr də verə bilər.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçiriləcək prezident seçkiləri xəbəri rəsmi Bakıda birmənalı reaksiya doğurub.

Azərbaycanda hesab edirlər ki, bu seçkilər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Ermənistanla aparılan danışıqlara çox mənfi təsir göstərir.

Xarici İşlər Nazirliyinin sözcüsü Xəzər İbrahimin bildirdiyinə görə, heç kim tərəfindən tanınmayacaq bu seçkilərin keçirilməsi ümumiyyətlə, mənasızdır.

“Ermənistan tərəfinin bu kimi addımları münaqişənin həllinə heç bir yardım göstərmir”- deyib sözçü.

 Beynəlxalq təşkilatlar bir tərəfdən Dağlıq Qarabağı tanımadıqları barədə bəyanatlar verirlər, digər tərəfdən isə onların təmsilçiləri həmin seçkilərdə bu və ya digər səviyyədə iştirak edirlər
 
Aydın Ağayev, MM-in Analitik Mərkəzinin rəhbəri

İndiyədək Dağlıq Qarabağda artıq bir neçə dəfə müxtəlif səviyyələrdə seçkilər keçirilib.

Bunlar prezident, parlament və bələdiyyə seçkiləri idi. Milli Məclisin analitik şöbəsinin rəhbəri Aydın Ağayevin fikrincə, əslində indiyədək keçirilən seçkilər Dağlıq Qarabağda yaşayan ermənilərə heç nə verməyib.

Bununla belə, müşahidəçilər hesab edirlər ki, keçirilən seçkilərlə Dağlıq Qarabağ erməniləri özlərinin müstəqil dövlət qurmaq bacarığını nümayiş etdirməyə çalışırlar. Xəzər İbrahimin fikrincə, bu həmlərlər Qarabağın erməni icmasına heç nə verməyəcək.

“Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qondarma bir rejim heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmır və onun bir dövlət kimi inkişafında heç bir şansı yoxdur”.

Lakin Aydın Ağayevin fikrincə, həmin dövlətlər və beynəlxalq təşkilatların sözdə olan münasibəti əslində o qədər də birmənalı deyil.

“Beynəlxalq təşkilatlar bir tərəfdən Dağlıq Qarabağı tanımadıqları barədə bəyanatlar verirlər, digər tərəfdən isə onların təmsilçiləri həmin seçkilərdə bu və ya digər səviyyədə iştirak edirlər, - deyir Aydın Ağayev, - Bu, yumşaq desək siyasi qəribəliklərdir. Və onlar həmin dövlət və qurumların əslində sonadək bitkin, tamamlanmış münasibətinin olmamasından irəli gəlir”..

 Beynəlxalq təşkilatlar, axırda, bizə Serbiyaya dediklərini deyə bilərlər...
 
Zərdüşt Əlizadə, politoloq

Siyasətşünas Zərdüşt Əlizadənin fikrincə isə, Dağlıq Qarabağda keçirilən seçkilər hazırda heç bir əhəmiyyət kəsb etməsə də, hadisələr belə məcrada davam etsə, gələcəkdə hər şey dəyişə bilər.

Zərdüşt Əlizadə deyir ki, “Gələcəkdə beynəlxalq təşkilatlar Azərbaycana deyə bilərlər ki, “Beynəlxalq təşkilatlar axırda bizə deyə bilərlər ki, “siz 15 ildir, kefinizlə, işrətinizlə, korrupsiyanızla məşğul olduğunuz zaman Dağlıq Qarabağ erməniləri pis-yaxşı nə isə yaradıblar. Seçkiləri də, məhkəmələri də sizinkindən yaxşı, elə həyat səviyyələri də sizdən geri qalmır. Əl çəkin Dağlıq Qarabağdan...Necə ki, Serbiyaya dedilər Kosovodan əl çəksin...”.

Xatırladaq ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində indiyədək keçirilən seçkilərdə müxtəlif dövlətlərdən və beynəlxalq təşkilatlardan olan müşahidəçilər iştirak ediblər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik