|
Azərbaycan qəzetlərinin icmalı 06/02/06 - 12/02/06 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
· Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu dəfə də nəticəsiz qaldı · Quş qripi Azərbaycana da cığır tapdı Paris sirləri
Ötən həftə Azərbaycan və Ermənistan prezidentləri Fransanın orta əsrlərə aid Rambuye Qəsrində müasir dövrün artıq 18 ildir ki davam edən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh danışıqları apardılar. Paris ətrafında fevralın 10-u və 11-də keçirilən görüş böyük ümidlər və nikbin bəyanatlara rəğmən bu dəfə də nəticəsiz qaldı. Həmsədrlərin iştirakı ilə və təkbətək görüşən İlham Əliyev və Robert Köçəryan bir neçə saat çəkən danışıqlarda "azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz evlərinə qayıtması və Azərbaycanın ərazi bütövlüyünə dair razılıq əldə edə bilmədilər", bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə müsahibəsində bildirib. Görüşdən əvvəl Əliyevlə Köçəryan ayrı-ayrılıqda Fransa Prezidenti Jak Şirakla görüşərək münaqişənin həlli istiqamətində fikir mübadiləsi aparıblar. Lakin bu görüşlər belə prezidentlərin ortaq məxrəcə gəlməsinə kömək etməyib.
Azərbaycan mətbuatı bu görüşlərin ətrafında məxfilik pərdəsinin olduğunu yazaraq, aparılan sülh danışıqlarını müxtəlif cür yozub. "Azadlıq" qəzet yazır ki, "Parisdəki lal sükut yenə prinsipial məqamlar, yəni Qarabağın statusu, bu statusun əsas elementləri, Qarabağın Ermənistanla quru əlaqəsinin təmin edilməsi, Laçın dəhlizinin statusu və taleyi və sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsi ətrafında razılaşma əldə olunmaması ilə bağlıdır". "Əslində Rambuye görüşündən öncə baş verənlər bu qəsrdəki danışıqlarda real nəticəyə ümidləri azaldırdı. Həm Bakı, həm də İrəvan Fransadakı görüşdən əvvəl heç bir güzəştə getməyəcəklərini bəyan etmişdilər. Bu isə tərəflərin anlaşma imzalayacağı ehtimallarını sıfıra endirirdi", "Azadlıq" yazır. "Ehtimal etmək olar ki, Qarabağın Ermənistanla quru sərhədinin təmin edilməsi məsələsi ilə bağlı fikir ayrılığı danışıqlarda az da olsa irəliləyiş əldə edilməsinə imkan yaratmır. Ermənilərin bu şərti yerinə yetirilərsə Azərbaycan ya Kəlbəcər, ya da Laçın rayonunu güzəştə getməlidir. Yaxud da bu rayonların ərazisinin bir hissəsi hesabına Qarabağın sərhədləri dəyişdirilməlidir. Təbii ki, Azərbaycan tərəfi bu güzəştlərə gedə bilməz. De-fakto bu, ermənilərin Qarabağın Ermənistana birləşdirilməsi planlarına "yaşıl işıq" yandırılması demək olardı", qəzet qeyd edir. Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, yaxın zamanda münaqişə tərəflərinin apardığı danışıqlarda hər hansı bir konkret nəticənin əldə ediləcəyinə ümid etməyə əsas yoxdur və bu, hər iki ölkədə - Ermənistan və Azərbaycanda ictimai-siyasi vəziyyətlə əlaqədardır. "Ermənistan və Azərbaycanda ictimai-siyasi vəziyyət elədir ki, tərəflərin qarşılıqlı güzəştlər əsasında hər hansı bir razılığa gəlməsi hakimiyyəti ağır vəziyyətdə qoya bilər. Çünki bu cür razılaşma müxalifətə əsas verər ki, hakimiyyətə hücum edərək onları xəyanətdə ittiham etsin", Əlizadə "Bakı Xəbər"ə deyib. "Beynəlxalq dairələrə gəldikdə isə, onlar faktiki olaraq münaqişənin həllini tərəflərin öhdəsinə buraxıblar. Özləri isə hər hansı bir təzyiq göstərmək və təcavüzkarı tanımaq fikrində deyillər", "Bakı Xəbər" Əlizadənin belə dediyini yazır. Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov isə deyib ki, o, hələ prezidentlərin Rambuye görüşündən öncə danışıqların nəticəsiz başa çatacağını proqnozlaşdırmışdı. "Danışıqlar masasına qoyulmuş doqquz məsələnin yeddisinin razılaşdırılması ifadəsi məndə gülüş doğurur. Ona görə ki, həmin yeddi məsələ artıq on ildir ki, həllini tapıb. Bu on il ərzində danışıqlar zamanı yalnız iki həll olunmamış məsələ var. Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtması və status məsələsi. Ondan başqa qalan məsələlər ətrafında hansısa fikir ayrılığı yoxdur. Hətta razılaşdırılmış sənədlər də var idi. Məhz buna görə də yeddi məsələnin razılaşdırılaraq, yalnız ikisinin qalması ifadəsini işlədib, onu nəticə kimi ortalığa qoymaq gülüncdür", Namazov "Bakı Xəbər"ə bildirib. Politoloq Rasim Musabəyov başqa bir müxalifət qəzeti "Yeni Müsavat"a bildirib ki, 2006-cı ilə Qarabağ münaqişəsinin həllində "ümid ili" kimi baxanların bir çoxu real situasiyanı anladı: "Mən heç bir əsas görmürəm ki, Azərbaycan 10 il əvvəl, zəif vaxtı getmədiyi güzəştlərə indi getsin. Vəziyyət indi Azərbaycanın xeyrinədir. İqtisadi cəhətdən də imkanlarımız xeyli genişlənib", Musabəyov deyib. Rəsmi qəzetlərdə Paris görüşünün təfərrüatları açıqlanmamışdır. Azərbaycanın quş qayğıları Ötən həftə ölkə mətbuatını şoka salan xəbər Azərbaycanda quş qripinin aşkarlanması oldu. London laboratoriyası Xəzər Dənizinin Azərbaycan sahillərində köçəri quşlardan götürülən nümunələrdə H5N1 virusunun olmasını təsdiqlədi.
Bütün dünyanı qorxuya salan və minlərlə ev quşunun ölümünə gətirib çıxaran virusun aşkarlanması haqqında məlumatdan dərhal sonra Səhiyyə və Kənd Təsərrüfatı Nazirlikləri bəyan etdilər ki, bu xəstəliyə qarşı mübarizə aparmaq üçün bütün imkanlar səfərbər olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə Azərbaycanda bu virusun insanlarda aşkar olunmadığını söyləyib. "Xalq" qəzetinə müsahibə verən Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov da quş qripi ilə mübarizə məqsədi ilə bütün zəruri tədbirlərin görüldüyünü bildirib. "Dövlət Baytarlıq Xidməti bu işə bilavasitə cavabdeh olan bir təşkilat olaraq bütün mühüm tədbirləri görüb və görür. Xeyli vaxtdır ki, xəstəlik qeydə alınan ölkələrdən diri quş və quş məhsullarının idxalına qəti qadağa qoyulub", Həsənov "Xalq"a deyib. "Fevralın 3-də axşam Londona Ueybric laboratoriyasına 100-ə yaxın yeni nümunə göndərildi. Təəssüflə qeyd etməliyəm ki, göndərilən su quşu cəsədi nümunələrindən birində H5N1 virusunun olması təsdiqlənib", Həsənov deyib. Həsənov əhalini ayıq-sayıq olmağa çağıraraq bildirib ki, dövlət tərəfindən bu virusla mübarizəyə 100 min ABŞ dolları məbləğində vəsait ayrılıb. İcmalı hazırladı Əli Verdiyev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||