bbc.co.uk navigation

Olimpiya 2020 - Bakı nə kimi şanslara malikdir?

Son yeniləmə: 16 fevral, 2012 - 16:07 GMT
Stadion

Britaniyada keçəcək 2012 London Olimpiadasının büdcəsi 14.6 milyard dollara yaxınlaşır.

Olimpiya oyunlarını qəbul etmək uğrunda mübarizədən İtaliyanın çıxması ilə 5 rəqib ölkənin şansları nəzərdən keçirilir.

Reuters agentliyi yazır ki, Romanın iqtisadi problemlərlə bağlı Olimpiada ambisiyasından vaz keçməsi yerdə qalan 5 namizədin maliyyə imkanlarını diqqət mərkəzinə keçirir.

Beynəlxalq Olimpiya Komitəsi, ölkələrin maliyyə vəziyyətinə İtaliyanın addımından sonra xüsusi diqqət yetirəcək, deyib anonimlik şərti ilə Reuters agentliyinə müsahibəsində dəfələrlə Olimpiya oyunlarının təşkilində iştirak etmiş məsləhətçi.

Onun sözlərinə görə Olimpiya yarışlarının təşkilatçıları oyunları qəbul etmək iddiasında olan ölkələrdən yarana biləcək maliyyə çatışmazlığının qarşılanmasında hökumət təminatını gözləyirlər.

Belə bir mühitdə öncədən autsayder kimi görünən külli miqdarda nağd pula malik olan Doha ilə Bakının vəziyyəti əvvəlkindən daha yaxşı görünür.

5 namizəd - Mardrid, Tokio, Doha, İstanbul və Bakı - arasından qalib 2013-cü ildə Argentinadakı Olimpiya Komitəsinin tam tərkibdə keçən iclasında seçiləcək.

Final

“Onların hamısından finala 3 və yaxud da 4 namizəd çata bilər”, - deyib AP agentliyinə müsahibəsində Beynəlxalq Olimpiya Komitəsinin marketinq komissiyasının başçısı Gerhard Heiberg. - Lakin 5 nəfər mükəmməldir. Bu ölkələrin beşi də oyunu qəbul etməyə qadirdir ”.

"Onların hamısından finala 3 və yaxud da 4 namizəd çata bilər. Lakin 5 nəfər mükəmməldir. Bu ölkələrin beşi də oyunu qəbul etməyə qadirdir"

Gerhard Heiberg, Beynəlxalq Olimpiya Komitəsinin marketinq komissiyasının başçısı

İtaliyanın yarışdan çıxması ilə Madrid oyuna ev sahibliyi etmək istəyənlər arasında yeganə Avropa paytaxtı qalır.

Ekspertlər 2012 ilə 2016-cı ildəki oyunlarının keçirilməsinə müraciət etmiş İspaniyanın iqtisadi çətinliklərlə üzləşdiyini qeyd edir.

Ölkənin maliyyə reytinqi endirilib və işsizlik səviyyəsi 23 faiz təşkil edir.

Bununla yanaşı Madrid Romadan fərqli olaraq oyunları xərcləmək deyil, investisiya cəlb etmək fürsəti kimi görür.

Fürsətlər

Mətbuat Tokioya gəlincə Yaponiyanın da iqtisadi cəhətdən zəiflədiyini qeyd edir.

Təhlillərdə Qətərlə Azərbaycanın təbii minerallar sərvətindən geniş gəlirlərə malik olduğu deyilir.

Doha və Xəzər dənizinin neft resursları hesabına bum yaşayan Bakı beynəlxalq olayların keçirilməsinə çalışırlar, deyilir Reuters agentliyinin təhlilində.

Rəqiblərdən biri – İstanbul yaxşı maliyyə imkanlarına malik olaraq bundan əvvəl oyunlara sahib olmaq üçün ardıcıl olaraq 4 ərizə ilə müraciət edib.

Beynəlxalq Olimpiya Komitəsi tez-tez israrlı olan ölkələri mükafatlandırır, yazır AP agentliyi.

Bununla yanaşı Beynəlxalq Olimpiya Təşkilatı yeni istiqamətləri seçmək təmayülünü nümayiş etdirir; 2014 qış oyunları ilk dəfə Soçidə keçəcək, və Cənubi Amerika tarixində birinci dəfə Rio de Janeyro 2016-cı ildəki yarışların ev sahibi olmalıdır.

Yarışdan çıxması barədə qərarı elan edən İtaliyanın baş naziri Mario Monti deyib ki, 2020-ci il Olimpiya oyunları üçün tələb olunan maliyyə resurslarını səfərbər etmək imkanında deyil.

Mövzuya aid

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.