
ABŞ İranın nüvə gücü olmasının qarşısını almaq üçün İsraillə yaxından işləyir, ABŞ Prezidenti Barak Obama deyib.
O, NBC telekanalına müsahibəsində bildirib ki, İsrailin bu məsələni necə çözməyə dair hələ qərar vermədiyinə inanır. İsrailin İranı bahar aylarında vura biləcəyinə dair məlumatlar var.
Cənab Obama deyib ki, məqsəd böhranı diplomatik yolla çözməkdir. O, eyni zamanda hər hansı çözümün masa üzərində olmadığını da bildirib.
ABŞ və İsrail deyir ki, İran nüvə bombası hazırlayır. İran isə proqramlarının sülh məqsədi daşıdığını israr edir.
Ötən noyabrda BMT nüvə agentliyi İAEA demişdi ki, İranın "nüvə partlayıcı qurğusunun hazırlanmasına aidiyyatı olan" sınaqlar həyata keçirməsinə dair məlumat əldə edib.
O zamandan bəri ABŞ və Avropa İttifaqı İrana qarşı, o cümlədən ölkənin neft sənayesini hədəfə alan sanksiyalar tətbiq edib.
"Mən açıq şəkildə demişəm ki, İranın nüvə silahı hazırlaması və nüvə silahı yarışına zəmin yaratmasının qarşısını almaq üçün hər şey edəcəyik" - cənab Obama bazar günü NBC telekanalına canlı müsahibəsi zamanı deyib.
O bildirib ki, Vaşinqton bu məsələdə İsraillə "hər addımı" belə dəqiqləşdirir. Cənab Obama deyib ki, İsrail İranın mübahisəli fəaliyyəti barədə narahatlıq keçirməkdə haqlıdır.
O, yəhudi dövlətinin İrana qarşı "qabaqlayıcı hücum edə biləcəyinə inanırsınızmı" sualına cavabında deyib: "Düşünmürəm ki, İsrail nə etməli olduğuna qərar verib".
Cənab Obama belə bir mümkün hücumdan öncə İsrailin Vaşinqtonla məsləhətləşməsinə dair suala birbaşa cavabdan çəkinib və sadəcə ABŞ və İsrailin "hər zamankından daha yaxın hərbi və kəşfiyyat məsləhətləşmələri etdiyini" söyləyib.
























