
Rusiyadan yan keçəcək Nabukko layihəsi qərbin dəstəyinə malikdir.
Financial Times qəzeti yazır ki, Azərbaycanla Türkiyənin son addımlarından sonra Avropanın ən ambisiyalı infrastruktur Nabukko layihəsinin yaşamaq qabiliyyəti barədə suallar yaranıb.
Biznes dairələrinin nüfuzlu nəşrinə görə Nabukko layihəsinin yenidən nəzərdən keçirilməsi BP-nin başçılıq etdiyi konsorsiumun Avropa bazarlarına qaz ixrac etməyə hazırlaşdığı bir vaxta təsadüf edir.
Qəzet yazır ki, 8 milyard avro dəyərində olan layihə bahalıdır və onu qazla təmin etmək üzrə sazişlər əldə olunmayıb.
Bəzi tənqidçilər kəmərin qaz mənbəsinin olmadığını deyir, yazır Financial Times.
Nabukkonun müqəddəratı Xəzərdəki Şahdənizlə bağlıdır ki, 2017-ci ildən etibarən ildə 16 milyard kubmetr qaz verəcək yatağın ikinci mərhələsinin inkişafına BP, Statoil, Total və ARDNŞ 22 milyard dollar həcmində yatırım qoyur.
Şahdəniz qazının 6 milyard kubmetri Türkiyə və yerdə qalanı Avropaya göndəriləcək, - deyilir məqalədə. - Nabukkoya isə ildə 31 milyard kubmetr qaz lazımdır.
Financial Times qəzetinin icmalında deyilir ki, ötən il Şahdəniz qazının Avropaya ixracı üzrə tenderə qatılan kəmər layihələri – Nabukko, iTGİ və TAP qazın nəqli ilə bağlı tariflərini təqdim edib.
BP ilə partnyorları ilin sonunadək bu layihələrdən birini seçməliydilər. Lakin bu müddət cari ilin ilk rübünə qədər uzadıldı, deyilir icmalda.
Ötən il Ankara ilə Bakı Nabukkonun Türkiyə marşrutunu təkrarlayaraq Azərbaycandan Bolqarıstanı bağlayan Tanap kəməri barədə razılıq əldə ediblər.
Amerikanın dəstəklədiyi layihə Şahdəniz 2 qazını daşıyaraq gələcəkdə əlavə Azərbaycan qazını nəql etməyə qadirdir. BP öz növbəsində Cənub-Şərq Avropa Kəməri təşəbbüsü ilə çıxış edib.
Nabukkonun səhmdarları hələ də şansa malik olduqlarını bildirirlər.
Zənnimcı Nabbukko realdır, - deyib RWE şirkətindən Stefan Judisch. Onun sözlərinə görə buna dəlalət edən odur ki, indiyədək Nabukko rəqibinin heç birinə üstünlük verilməyib. Hərçənd ki, cənab Judisch Tanap layihəsinin yeni vəziyyət yaratdığını etiraf edir.
Financial times Nabukko konsorsiumuna yaxın mənbəyə istinadən yazır ki, partnyorlar Tanapın davamı olaraq tam miqyaslı layihədən 60 faiz ucuz olacaq Nabukko Qərb (Nabucco West) adlanan daha yüngül layihəni seçə bilərlər.
Hərçənd ki, bir çox təhlilçiyə görə Şahdəniz konsorsiumu Nabukkonu qırağa qoyaraq İTGİ, TAP və yaxud da BP-nin təklif etdiyi layihələrin kombinasiyalarından istifadə edə bilər.
























