Beynəlxalq "mətbuat azadlığı" cədvəlində Azərbaycan geriləyib

Son yeniləmə: 25 yanvar, 2012 - 18:09 GMT
Sərhədsiz Reportyorlar təşkilatı

Mətbuat azadlığı cədvəlində Azərbaycan aşağı həddə yaxınlaşıb.

Beynəlxalq "Sərhədsiz Reportyorlar" təşkilatı ənənəvi illik söz azadlığı indeksi siyahısını hazırlayıb.

"Sərhədsiz reportyorlar" təşkilatı 2011-ci ildə Azərbaycanda media azadlığı sahəsində vəziyyətin kəskin sürətdə pisləşdiyini bildirib.

Təşkilatın media azadlığı indeksi siyahısında Azərbaycan 179 ölkə arasında 162-ci yerə layiq görülüb.

Keçən ilki nəticə ilə müqayisədə Azərbaycan 10 pillə aşağı enərək, cədvəldə aşağıdan 18-ci yeri tutub.

"Sərhədsiz reportyorlar" təşkilatının Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Johan Bihr, BBC Azərbaycancaya bildirib ki, Azərbaycanda 2011 ildə yenidən mətbuata qarşı zorakılıq halları baş verib.

O, Rafiq Tağının qətlini, jurnalist və bloqerlərin həbsi, onlara hücum və oğurlanması kimi hallarının Azərbaycanın geriləməsinə səbəb olduğunu bildirib.

Avropa və postsovet məkanında yalnız Belarus və Türkmənistan Azərbaycandan aşağıda yerləşiblər.

"Sərhədsiz Reportyorlar" təşkilatı

Media azadlığı indeksində öndə gedən ölkələr:

  • 1.Finlandiya
  • 2. Norveç
  • 3. Estoniya
  • 4. Hollandiya

Ən aşağı göstəricilərə malik ölkələr:

  • 176. Suriya
  • 177. Türkmənistan
  • 178. Şimali Koreya
  • 179. Eritreya

Azərbaycanın qonşuları:

  • 77. Ermənistan
  • 105. Gürcüstan
  • 142. Rusiya
  • 148. Türkiyə
  • 175. Iran

"Sərhədsiz Reportyorlar" təşkilatı Prezident İlham Əliyevi mətbuat azadlığının qənimi sayılan fərdlər və təşkilatlar sırasına daxil edib.

"Pis olan vəziyyət, daha da pisləşib"

Cənab Bihr deyib ki, onsuz da Azərbaycanda media azadlığı sahəsində qənaətbəxş olmayan vəziyyət 2011-ci ildə daha da pisləşdi.

"Rafiq Tağının qətlindən əvvəl müxalifət jurnalistlərinə, o cümlədən Azadlıq qəzetinə qarşı, və bloqerlərə qarşı hücumlar dalğası həyata keçirildi".

"Azadlıq qəzetindən bir gün müddətinə 2 jurnalist oğurlandı, onları naməlum yerdə saxladılar. Jurnalistləri tutanlar - naməlum şəxslər- onlara rejim barədə tənqidi material yazmamağı tapşırıblar. Tanınmış jurnalist Əvəz Zeynallı məhbəsə salındı. Bir sıra reportyorlar ölümlə hədələndi, və bəziləri mühacirət etməyə məcbur oldu", Bihr deyib.

O əlavə edib ki, hətta bəzi xarici jurnalistlər, ö cümlədən Fransadan gəlmiş televiziya kanalı heyəti, Naxçıvanda insanlarla danışan almaniyalı reportyor belə Azərbaycandan xaric ediliblər.

"Bütün bunlara görə, o Azərbaycan hökümətini cavabdeh sayırmı" sualına cavabında Johan Bihr deyib ki, Rafiq Tağının ölümü mürəkkəb olsa da, müxalifət jurnalistlərinə və bloqerlərə qarşı hücumlara görə "Sərhədsiz Reportyorlar" təşkilatı höküməti cavabdeh sayır.

Prezident Əliyev mətbuatın "qənimi" kimi

Cənab Bihr deyib ki, prezident İlham Əliyev "Sərhədsiz Reportyorlar" təşkilatının mətbuatın azadlığı indeksində "mətbuatın qənimi" sayılan təşkilat və fərdlər siyahısında yerini möhkəmlədib.

aa

Həmin siyahıda eləcədə Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya Baş naziri Vladimir Putin, Çeçen lideri Ramzan Kadırov, Bask separatist qrupu ETA və İtaliyanın bir sıra mafioz təşkilatlarının adları var.

Cənab Bihr izah edib ki, "Sərhədsiz Reportyorlar" təşkilatı öz siyahısını hazırlayanda həm son ilin hadisələrini, həm də ki, ölkədə bu sahədəki ümumi vəziyyəti nəzərə alıblar.

Onun sözlərinə görə, Azərbaycanın ümumi siyahıda aşağı enməsinin əsas səbəbi ötən il jurnalistlərə qarşı baş verən insidentlər olub.

Cənab Bihr qeyd edib ki, Özbəkistanda buna bənzər insidentlər daha az sayda olduğuna görə, Özbəkistan Azərbaycandan 5 pillə yuxarı qalxıb, baxmayaraq kı Özbəkistanda mətbuat daha ağır vəziyyətdədir.

"Azərbaycanda bir neçə müxalifət mətbuat vasitələri var, Özbəkistan isə bu baxımdan tamamilə qapalı ölkədir", Johan Bihr bildirirb.

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.