bbc.co.uk navigation

Azərbaycan ABŞ könüllülərin gözü ilə

Son yeniləmə: 23 yanvar, 2012 - 17:56 GMT

Dar və çılpaq küçələr, sahibsiz ev heyvanları, neft buruqları, sadəlöhv, gülərüz və deyingən adamlar, saymaqla bitməyən toy dəvətnamələri…

Ceff

Azərbaycan Oreganlı Jeff Baileyin yaddaşında məhz belə qalıb.

27 yaşlı bu gənci üç il əvvəl Birləşmiş Ştatların Qərb sahillərindən Xəzərin qoynuna aparan həvəs hər il yüzlərlə amerikalının can atdığı Sülh Korpusunda könüllülük istəyi olub.

Jeff 2009-ci ilin payızınadək Sumqayıt və Ucar şəhərlərində yaşayıb, məktəblilərə ingilis dili və Amerika mədəniyyətini tədris edib, arada isə vaxt taparaq, paytaxt Bakıdan tutmuş Qəbələnin ucqar Nizz kəndinədək ölkəni qarış-qarış gəzib-dolaşıb.

Zillənmiş baxışlar, tənqid və rişxənd

“Azərbaycan insanı iki cürdür”, deyir Jeff. “Öyrənib-savadlanmaq uğrunda hər şeyindən keçənlər və bu dəyərlərdən bixəbər ömür sürərək, başqalarına da rişxənd edənlər”.

BBC Azərbaynca ilə xatirələrini bölüşən Jeff, Qərb dəyərlərinin təmsilçisi olan gənc üçün Azərbaycanda yaşamağın çətinliklərindən danışır.

“Daim özünü nəzərlər altında hiss edirsən – küçədə, ictimai nəqliyyatda, hətta toyda hər kəsin baxışları sənə zillənir. Geyimindən tutmuş, nitqinə qədər hər bir hərəkətinə göz qoyur, bəzən tənqid edir, hətta məsxərəyə qoyurlar”,

Gözqamaşdırıcı soyuqqanlılıq, yoxsa yoxsul səmimiyyət?

Jeffə görə, Azərbaycanda insanlar kimi, şəhərlər də qütbləşib. Məsələn, Bakı, onun təbirincə, “gözqamaşdırıcı olsa da, soyuqqanlıdır”, amma kəndlərə getdikcə, nisbətən “yoxsul geyimli səmimiyyətə” rast gəlmək olar.

İnsanlara gəldikdə, Jeff deyir, kişilərlə müqayisədə Azərbaycan qadını daha humanist və qayğıkeşdir.

“Əlbəttə bunu ümumilikdə hər kəsə aid etmək olmaz. Amma xüsusilə kənd yerlərində işsiz-gücsüz “dominoxanalarda” gün keçirən kişilərin nəinki ölkənin, hətta öz gələkləri barədə düşündüklərini təsəvvür etmək çətindir”, deyir keçmiş Sülh Koprusu könüllüsü.

Hamının bildiyi “sirrlər”

Bununla yanaşı, Jeffi Azərbayana çəkən oradakı dostları və keçmiş tələbələridir. Deyir, imkan düşsə Ucara qayıdıb onların güzəranı ilə tanış olmaq istərdi.

“Bu iki ldə Azərbaycanda baş verənlərlə bağlı çoxlu xəbərlər oxumuşam. Orada gördüyüm yeni gənclik - boyük qabiliyyətlərə malik olan, sadəcə köməksiz qalmış insanlardır. Onların üzləşdiyi çətinliklər hamınızı üzür”, deyir könüllü.

Jeffin təbirincə, Azərbaycanda sosial və siyasi problemlərin kökündə yalnız bir səbəb durur: İnsanların demək olar, hamıya gün kimi məlum olan həqiqətləri sirr kimi qoruyaraq, ürəklərində daşıması…

Ən yaxşı rəqs, nəğmə, yemək və geyim

Azərbaycan və onun insanları Nyu Yorklu Chi Chanın xatirəsində də qarışıq hisslər buraxıblar.

Cəmi üç həftədir Sumqayıtdan qayıtmış Çin əsilli Amerikalı həyatının son 27 ayını bu kiçik şəhərdə ingilis dilinin tədrisinə həsr edib. Chi hətta yerli banklardan birində də könüllü olaraq çalışıb.

Azərbaycanlılardan bəhs etdikdə, bir sual Chini rahat buraxmır: “Görəsən nədən onlar xarici dünyaya bu qədər qapalıdırlar? “

“Əksər azərbaycanlılar ömürlərində bir dəfə olsun ölkəni, hətta kəndlərini tərk etmədikləri halda, xarici aləmə olduqca etinasız münasibət sərgiləyirlər. Məsələn, onlar inanırlar ki, Azərbaycan dünyanın ən yaxşı ölkəsidir. Onlar öz ənənələri ilə fəxr edir, dünyada ən yaxşı rəqs, nəğmə, milli yemək, geyim və milli musiqi alətinə malik olduqlarını tez-tez təkrar edirlər”, deyir keçmiş könüllü BBC-Azərbaycancaya müsahibəsində.

Chinin təbirincə, Azərbaycanlıya desən ki, Türkiyə və yaxud başqa müsəlman ölkələri gəzmək üçün daha yaxşıdır, səndən inciyər.

Keçmiş könüllüni Sumqayıtda təəccübləndirən başqa məqam isə Azərbaycanlıların demokratiya və korrupsiya barədə tənqidləri geri çevirmələridir.

Deyir , “onlar öz liderlərindən narazı ola bilərlər, amma dəyişiklik barədə düşünmək belə istəməzlər”.

“Azərbaycanlıların fikrincə, Liviya və Misirdə baş verənlər səhv idi. Gənclərin əksəriyyəti tənqiddən uzaq dururlar. Məncə bu problemlərin kökündə təhsilsizlik dayanır”, Chi əlavə edir.

“Qeyri-ixtiyari” ənənələr

Amerikalı könüllülərin Azərbaycan xatirələri…

Siyasəti kənara qoyduqda, Chiyə Azərbaycanda daha çox “qaranlıq qalan” gəncliyin davranışı olub.

Deyir, bəzən

yeniyetmə oğlanlar məsələn, küçədə onu hədələyib, “söz atdıqları” halda, ictimai nəqliyyatda xüsusi nəvazişlə ayağa qalxaraq, oturacaq təklif edir, çantasını “mühafizə edirdilər”.

“Çətinliklər olsa da, ümumilikdə özümü təhlükəsiz hiss edirdim. Başa düşürdüm ki, küçədə gənclərin mənə söz atmaqlarının məqsədi məni incitmək, soymaq deyildi. Avtobuslarda gənc oğlanların yaşlılara, uşaqlara və qızlara qarşı nəzakəti olduqca təbii, qeyri-ixtiyari görünürdü. Bu məni sevindirirdi”, deyir Chi.

Könüllülük “dərsləri”

ABŞ-a qayıtdığı üç həftə ərzində, Chi yaşayış tərzində dəyişiklilər etməyə, könüllülük dövründə öyrəndiklərini tətbiq etməyə çalışır. Deyəsən, Sumqayıt həyatı ona bədxərcliyi də tərgidib.

“İndi daha az xərcləyir, büdcəmə nəzarət edirəm. Mən Azərbaycanda həyatın sadəliyindən olduqca zövq aldım”, o əlavə edir.

Gələn aydan etibarən Chi Vaşinqtonda Simisonian İnstitutunda yeni iş həyatına başlayacaq. İndi onun yeni evi Vircinia ştatı olacaq.

Okeanın o tayından tövsiyə

Həm Chi, həm də Jeffin Azərbaycandakı dostlarına bir sıra tövsiyələri var.

“İlk növbədə çox oxusunlar, imkan düşdükcə, təhsillərini genişləndirsinlər”, deyir Jeff.

Chi əlavə edir, “Azərbaycanda görüşdüyüm gənclərin çoxu ümumiyyətlə kitabdan uzaq düşmüşdülər. Bu məni çox üzürdü. Onlara tövsiyəm həm kitab, həm də internetin verdiyi imkanlardan maksimum bəhrələnmək, dünyanı özləri üçün kəşf etmələridir.

Düzdür, Sumqayıtlılar internetdən korluq çəkmirlər, buna baxmayaraq, Chinin müşahidələrinə görə, gənclərin 99 faizi ondan internet oyunlardan istifadə məqsədilə yararlanırlar.

“Əgər Azərbaycan gəncliyi daha açıq təfəkkürlü olsa və xarici dünya, mədəniyyətlər barədə öyrənməyə imkan tapsa, başa düşəcək ki, ətrafında gördükləri unikal deyil və Azərbaycnda heç də hər şey əla deyil”, o əlavə edir.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.