bbc.co.uk navigation

Ermənistanda "Eurovision-2012" müsabiqəsi ətrafında müzakirələr davam edir

Son yeniləmə: 18 yanvar, 2012 - 06:40 GMT

Ermənistan may ayında Bakıda keçirilən “Avroviziya 2012” mahnı müsabiqəsi iştirakçılarının siyahısına daxil edilib.

Bu barədə Avroviziya beynəlxalq mahnı müsabiqəsinin rəsmi internet saytı xəbər verir.

Lakin məlumatı şərh edən Ermənistan Avroviziya nümayəndə heyətinin rəhbəri Qohar Qasparyan Ermənistanın Azərbaycanda keçiriləcək müsabiqədə iştirak edəcəyinə dair suala birmənalı cavab verməyib.

“Ermənistanın Avropa Yayım İttifaqının tamhüquqlu üzvüdür, və hər il olduğu kimi biz bu il də ərizə vermişik. Bu, hər il yeridilən adi prosesdir. Qalan vacib sualları sonra şərh edərik”, - deyib Qasparyan.

Daha əvvəl erməni tərəfi öz nümayəndə heyəti üçün yalnız qəbul edən tərəfdən deyil, həm də Avropa Yayım İttifaqından və müsabiqənin Bakıda keçerilməsi üçün məsul başqa beynəlxalq təşkilatlardan ciddi təhlükəsizlik təminatları gözlədiyini bəyan etmişdi.

Halbuki Avropa Yayım İttifaqında “Avroviziya” mahnı müsabiqəsinin icraçı direktoru Yon Ola Sand təhlükəsizlik cəhətdən Bakıda gözlənilən müsabiqədə Ermənistanın digər iştirakçı ölkələrlə eyni şəraitdə olacağını bəyan edib.

Avroviziya müsabiqəsinin 2012-ci ildə Azərbaycan paytaxtında keçiriləcəyi məlum olanadək sosial internet şəbəkələrinin erməni sektorunda Ermənistan nümayəndə heyətinin Bakıya gedib-getməyəcəyi məsələsi ətrafında qızğın mübahisələr başlanıb.

Tərəfi-müqabillərin bir qismi Ermənistanın mütləq iştirak etməsini təkid edir, digərləri qətiyyən “düşmən ölkəyə” getməyə qarşı çıxış edirlər.

İştirakçı müğənninin namizədliyi ətrafında da mübahisələr gedib.

Ehtimal olunan namizədlər arasında amerika “System of a Down” rok qrupuna üstünlük verilmişdir.

Qrup 1995-ci ildə solo ifaçı Serj Tanqyan və qitaraçı Daron Malakyan tərəfindən Los-Ancelesdə yaradılıb.

Lakin hələlik, nə Ermənistan nümayəndə heyətinin Bakıya gedəcəyi dəqiq məlumdur, nə də “Avroviziya 2012”mahnı müsabiqəsinin Ermənistan iştirakçısı.

Mövzuya aid

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.