
Çinlilərin 82 faizi Olimpiya nailiyyətlərinin milli qürur hissinə təsiri olduğunu bildirib.
BBC sifarişi ilə keçirilmiş rəy sorğusuna görə, Olimpiya oyunları və yarışlarda əldə edilmiş nailiyyətlərin milli qürur hissinə təsiri baxımından ölkələr arasında geniş fərq mövcuddur.
Üç ölkədən başqa sorğunun keçirildiyi bütün dövlətlərdə Olimpiya nailiyyətlərinin milli qürura mühüm təsiri vurğulanıb.
GlobeScan sorğusunda iştirak edən 21.061 adamın rəyi inkişafda olan və orta gəlirli ölkələrdə Olimpiya oyunlarındakı çıxışların daha böyük əhəmiyyətə malik olduğuna dəlalət edir.
Sorğuya görə keniyalıların 91 faizi (Keniya bu göstəriciyə görə sorğuda ən yüksək nisbətə malikdir), filippinlilərin 86, türklərin 84 və indoneziyalıların 83 faizi Olimpiya yarışlarındakı idman nailiyyətlərinin milli qürur hissinə böyük və ya müəyyən təsir etdiyini bildirib.

2012-ci il Olimpiadasının sahibi olan britaniyalıların 48 faizi Olimpiyadakı çıxışın az və ya heç bir təsirə malik olmayacağı qənaətindədir.
Respondentlərin yarısı isə ölkənin çıxışının milli qürura təsir edəcəyini bildirib.
Olimpiadada göstərilən nailiyyətlərlə milli qurur hissini əlaqələndirən fransızlarla (51%) ispaniyalıların (58%) faizi bir o qədər də yüksək olmayıb.
Araşdırma ən çox medal qazanan 3 ölkədə - Çin, Amerika və Almaniyada – milli komandanın çıxışına tamamilə fərqli münasibətin bəslənildiyini nümayiş etdirib.
Almaniyada yalnız 39 faiz Olimpiya nailiyyətlərinin milli iftixar hissinə təsirini ifadə edib. 42 faiz ölkənin çıxışının heç bir əhəmiyyətə malik olmadığını deyir.
ABŞ-da 52 faiz Olimpiada yarışlarındakı çıxışların təsirə malik olduğunu - 46 faiz isə belə təsirin olmadığını bildirib.
Bu ölkələrdən fərqli olaraq çinlilərin 82 faizi ölkələrinin çıxışının milli qürur hissinə təsir göstərdiyini deyib.

Braziliyadakı sorğu nəticələri Britaniya ilə Almaniyada olduğu kimi daha tarazlaşmış münasibət nümayiş etdirir.
GlobeScanın başçısı Doug Miller deyib ki, sorğu Olimpiadanın, xüsusilə də inkişaf edən ölkələr və Çində sırf idman tədbirinin olmadığını təsdiqləyib.
BBC Dünya Xidməti üçün Globe Scan və onun partnyorları tərəfindən iyulun 3-dən sentyabrın 8-dək 21 ölkədə birbaşa və ya telefon sorğusu vasitəsilə 21.061 respondentin rəyi öyrənilib.
























