
"News of the World" tabloidinin keçmiş reportyoru Şon Hoar
Britaniyada bağlanmış "News of the World" tabloidinin keçmiş müxbiri Şon Hoarın öldüyü məlum olub.
Şon Hoar (Sean Hoare) qəzet rəhbərliyini əməkdaşları telefon xakerliyi yolu ilə sensasiyalı xəbər axtarmağa həvəsləndirməkdə ittiham etmişdi.
New York Times qəzetinə müsahibəsində Şon Hoar bildirmişdi ki, telefonların qanunsuz dinlənilməsi halları "News of the World" qəzeti rəhbərlərinin etiraf etdiyindən daha irimiqyaslı idi.
Britaniya polisi jurnalistin ölümü səbəblərinə dair hələlik bir açıqlama verməyib. Lakin onun ölümünün şübhəli sayılmadığını qeyd edib.
Polis bildirib ki, Hoarın meyiti Londonun şimal qərb hissəsində, Uotford adlanan ərazidəki şəxsi evində tapılıb.
Ölümündən əvvəl Şon Hoar BBC-yə bildirmişdi ki, "News of the World" qəzetində jurnalistlər tərəfindən telefonların qanunsuz dinlənilməsi halları "kütləvi" hal almışdı.
Şon Hoarın təbirincə, "News of the World" qəzetinin keçmiş redaktoru Əndi Kulson ona telefonların dinlənilməsi ilə məşğul olmağı şəxsən tapşırıbmış.
Sonradan Britaniyanın Baş Naziri Devid Kameronun mətbuat katibi vəzifəsində işləmiş Əndi Kulson bu ittihamları rədd edib.
Britaniyada "News of the World" qəzeti ətrafında yaranmış qalmaqal bu tabloidin bağlanmasına və qəzeti çap edən
News İnternational nəşriyatının bir neçə rəhbərinin həbsinə gətirib çıxarıb.
Qalmaqalın dərinləşməsi Rupert Merdokun media imperiyasını laxladıb və onun Britaniyanın siyasi dairələri ilə əlaqələrinə dair suallar doğurub.
























