
News of the World qəzetinin heyəti bazar günü sonuncu dəfə çap olunduqdan sonra qəzetin nəşrinin dayanacağı xəbərini şokla qarşılayıb.
Qəzetin siyasət üzrə redaktoru David Wooding deyib ki, bu xəbər redaksiyaya "bomba zərbəsi" kimi gəlib.
168 ildir ki, dərc olunan tabloyd cinayət qurbanlarının, məhşurların və siyasətçilərin telefonlarını gizlicə dinləməkdə ittiham olunur. Polis telefonu dinlənilən mümkün 4 000 adamı müəyyən edib.
Leyboristlər partiyasının lideri Ed Miliband Devid Kameronu News of the World qəzetinin keçmiş redaktoru Əndi Kulsonu əvvəllər kommunikasiya direktoru olaraq işə götürdüyü üçün ittiham edir.
Keçmiş redaktor həbs olunub

Əndi Kulson telefon dinləmələrində iştirakına dair ittihamları rədd edir.
London polisi qəzetin keçmiş redaktoru Əndi Kulsonun həbs olunduğunu bildirib. Polisin bəyanatında deyilir ki, cənab Kulson korrupsiya və telefonların dinlənilməsi ittihamları ilə həbs olunub.
Cənab Kulsonun özü telefon dinlənməsində heç bir iştirakı olmadığını deyir.
Cümə axşamı News International şirkəti News of the World qəzetinin bağlandığını elan edib.
2007-ci ildə News of the World qəzetinin kral ailəsi üzrə redaktoru Clive Goodman və özəl təhqiqatçı Glenn Mulcaire kral ailəsi köməkçilərinin telefonlarına qoyulmuş mesajları dinləmək ittihamı ilə həbs olunmuşdular.
Kameron istintaq çağırıb
Britaniya Baş naziri Devid Kameron cümə günü səhər qalmaqalla bağlı mətbuat konfransı keçirib. O, hakimin idarəçiliyilə istintaq sorğusunun keçiriləcəyini elan edib.
O, özünün Əndi Kulsonu kommunikasiya direktoru təyin etmək qərarını müdafiə edib. Cənab Kulson sonralar bu vəzifədən istefa vermişdi.

Baş Nazir Devid Kameron mətbuat etikası ilə bağlı da istintaq sorğusu keçiriləcəyini bildirib.
Cənab Kulsonun London polis idarəsində sual-cavab ediləcəyi gözlənilir.
Cənab Kameron deyib: "Mən onunla dost olmuşam və düşünürəm ki, o, mənim üçün işi çox səmərəli şəkildə görüb. O, mənim dostumdur, dostum olaraq qalacaq".
O, cənab Kulsonun qəzetdə işlədiyi zaman telefonların dinlənməsindən xəbərsiz olduğunu dediyini söyləyib.
Cənab Kameron deyib ki, mətbuatın etikası və mədəniyyətilə bağlı da istintaq sorğusu keçiriləcək. O, Qəzet Şikayətləri Komissiyasının ləğv olunacağını deyib: "İnanıram ki, bizim tam yeni sistemə ehtiyacımız var".
2007-ci ildə News of the World qəzetinin kral ailəsi üzrə redaktoru Clive Goodman və özəl təhqiqatçı Glenn Mulcaire kral ailəsi köməkçilərinin telefonlarına qoyulmuş mesajları dinləmək ittihamı ilə həbs olunmuşdular.
























