BBC navigation

ATƏT Minsk Qrupu təmas xəttində insidentlərdən narahatdır

ATƏT Minsk Qrupunun həmsədrləri ( şəkil ATƏT saytından götürülüb)

Minsk Qrupu həmsədrləri Ermənistan-Azərbaycan sərhədi və təmas xətti boyunca atəşkəs rejiminin pozulması və nəticədə bir neçə adamın həlak olması və yaralanması hallarından narahat olduqlarını bildirirlər.

Bu haqda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin cümə günü yaydığı bəyanatında xəbər verilir.

“Bu kimi mənasız hərəkətlər tərəflərin güc tətbiq etməkdən çəkinmək və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini tapmaq öhdəliklərinə riayət etmək, prezidentlər Əliyev, Sarkisyan və Medvedevin 23 yanvar 2012-ci il tarixli birgə bəyanatlarının ruhuna ziddir”, - deyilir həmsədrlərin bəyanatında.

Həmsədrlər “istənilən insan itkilərini pisləyir və bir daha münaqişənin dinc yolla həllinə alternativ olmadığını” qeyd edirlər. Həmsədrlər tərəfləri atəşkəs haqqında 1994-cü il tarixli sazişə riayət etməyə, vəziyyəti daha da gərginləşdirə bilən “cavab tədbirlər”dən çəkinməyə çağırırlar.

Ermənistan atəşə tutulduğundan şikayətlənir

Son günlər Ermənistanın sərhədyanı döyüş mövqeləri və kəndlərinin Azərbaycan tərəfindən tez-tez şiddətli atəşə tutulduğu bildirilir. Ermənistan Müdafiə Nazirliyinin məlumatına əsasən, cümə günü səhər saat 4:15 radələrindəErmənistan ordusunun 3 hərbçisi odlu silahdan atəş nəticəsində həlak olub.

Müqavilə üzrə xidmət edən hərbçilər onlardan birinin “VAZ 2107” markalı avtomobilində Azərbaycan sərhədi yaxınlığında yerləşən Tavuş vilayətində yolun Ayqepar-Movses kəndləri sahəsində öldürülüblər. Ermənistan Müdafiə Nazirliyinin məlumatında hadisə ilə bağlı cinayət işi açılqığı bildirilir, lakin öldürülən hərbçilərin adları və avtomobilin Ermənistan yaxud Azərbaycan tərəfindən atəşə tutulduğu dəqiqləşdirilmir.

Çərşənbə günü Tavuş vilayəti Doveğ kəndi istiqamətində müxtəlif çaplı silah növlərindən atəş nəticəsində uşaq bağçasının divarları dağıdılıb, GAZ-53 markalı bir avtomaşın yanıb. Uşaq bağçasında olanların təxliyə edildiyi xəbər verilir.

Bundan bir gün sonra Tanınmamış Dağlıq Qarabağ ordusunun mətbuat xidməti Azərbaycan tərəfindən təmas xəttində atəşkəs rejiminin pozulduğu haqqında məlumat yayılıb. Məlumatda erməni qüvvələrinin ön mövqeləri istiqamətində 2 mindən çox atəş açıldığı, nəticədə yaralananlar olduğu bildirilir.

Ermənistan prezidenti cavab tədbirlərlə hədələyib. Seçicilərlə Dilican şəhərində görüş zamanı Ermənistan prezidenti Serj Sarkisyan təmas bölgələrində erməni hərbçilərin öldürülməsi ilə bağlı rəsmi Yerevanın “lazımi tədbirlər” görəcəyini bəyan edib.

Sarkisyan bu hadisələr üçün Azərbaycan tərəfinin məsuliyyət daşıdığını bildirib: “Qoy heç kəs düşünməsin ki, ölkəmizdə daxili proseslərdən istifadə edə bilər, elə bilməsin ki, başımız bağqa işlərə qarışıb. Bizim cavabımız qaçılmazdır. Bizim ordumuz güclüdür, və biz müvafiq tədbirlər görərik. Fikrimcə, heç kəs silahlı qüvvələrimizin qüdrətində və düşmənə layiqincə cavab veriləcəyində şübhələnmir”.

Azərbaycan erməni tərəfini ittiham edir

APA agentliyi Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumatında aprelin 27-də və 28-də Azərbaycan mövqelərinin atəşə tutulduğunu blar.

Müdafiə Nazirliyi Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində bir zabitin yaralandığını bildirir.

“Milli Ordunun leytenentı 24 yaşlı Vaqif Zakir oğlu Abdullayev düşmən gülləsinə tuş gəlib. Nəticədə zabit aldığı güllə yarasından dünyasını dəyişib. V. Abdullayev Xızı rayonundan hərbi xidmətə çağırılıb”, - deyilir APA-nın məlumatında.

Hərbi idarənin məlumatına əsasən, hadisə aprelin 26-da təmas xəttinin Ağdam istiqamətində qeydə alınıb.

Mövzuya aid

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.