
Ermənistanda sosial media istifadəçiləri bir qrup müğənninin Bakıda keçiriləcək Eurovision yarışmasını boykot etmək çağırışını müzakirə edir.
Bir qrup müğənni Eurovision müsabiqəsini Klikləyin boykot etməyə çağıraraq, buna səbəb kimi Ermənistan əsgərinin Azərbaycan ordusu tərəfindən öldürülməsinə dair məlumatlar göstərirlər.
Tanınmış erməni bloqçu Samvel Martirosyan öz Facebook səhifəsində yazıb: "Deyəsən Eurovision-a getməyəcəyik. Sərhəddə bu gün baş verən insidentdən sonra bütün mümkün iştirakçılar boykot edir".
Bu statusa çoxlu şərhlər yazılıb. Sam Zakeyan adlı istifadəçi ermənicə yazıb: "Bu kədərli hadisə olmasa belə, onlar getməməlidirlər. Təəssüf ki, bunu indi başa düşüblər".
İstifadəçi Anjela Əlibəyova isə yazıb ki, Ermənistanın iştirakının onsuz da əhəmiyyəyi yoxdur, çünki müharibə rəqib ölkədə keçirilir. "Ermənilərin səsləri kimi maraqlandırır ki. Azərbaycan bu müsabiqəni keçirmək üçün milyonlarla dollar xərcləyib və Ermənistan heç yarım-finaldan finala belə keçməyəcək".
Digərləri isə şərhlərdə yazıb ki, Ermənistan müsabiqədən çəkilməməli və dünya qarşısına çıxmaq imkanını əldən verməməlidir.
Azərbaycanın sosial media məkanında da bu barədə şərhlər yazılmağa başlayıb.
Bloqçu Emin Milli öz Facebook səhifəsində yazıb ki, hər iki tərəfdən minlərlə insan 1994-cü il atəşkəs razılşaşmasından sonra öldürülüb: "Daha məntiqli olardı ki, onlar (müğənnilər) və bütün iştirakçılar, Eurovision Mahnı Müsabiqəsinin təşkilatçıları Ermənistan hökumətini 4 BMT qətnaməsinə əməl etməyə, işğal olunmuş ərazilərdən çəkilməyə, ... iqtisadi əməkdaşlığa və qaçqın və didərginlərin münaqişə ərazisinə qaytarılmasına çağırsın..."
























