bbc.co.uk navigation

"2 aprelçi" əfv olunmaq üçün məktub yazıb

Son yeniləmə: 23 fevral, 2012 - 14:22 GMT

Son iki gündə Azərbaycan mediası “2 Aprel” mitinqi zamanı həbs edilən Elnur İsrafilovun “həbsdən azad edilməsi üçün prezidentə məktub yazması”nı müzakirə edilir.

Məktubda deyilir ki, İsrafilov həbs edildiyi zaman AXCP rəhbərinin müşaviri, dayısı Məmməd İbrahimin dəvəti ilə Bakıya gəlib.

Qafqazinfoda çap edilən məktublarda deyilir ki,

“2 Aprel 2011-ci il tarixində səhər tezdən mən onlarda oldum. O, həmin gün saat 13. 30 radələrində məni və oğlu Toğrulu Bakının mərkəzi küçələrindən biri olan “Tarqovı”ya gəlməyə və birlikdə şəhəri gəzməyə dəvət etdi. Yalnız mən ora gələndə bildim ki, camaat mitinq keçirmək üçün toplaşıb”.

İsrafilovun dayısının açıqlaması

"2 Aprel 2011-ci il tarixində səhər tezdən mən onlarda oldum. O, həmin gün saat 13. 30 radələrində məni və oğlu Toğrulu Bakının mərkəzi küçələrindən biri olan “Tarqovı”ya gəlməyə və birlikdə şəhəri gəzməyə dəvət etdi. Yalnız mən ora gələndə bildim ki, camaat mitinq keçirmək üçün toplaşıb"

Elnur İsrafilovun məktubundan

Məmməd İbrahim BBC Azərbaycancaya deyib ki, əgər “Elnur belə məktub yazıbsa, təzyiq altında yazıb".

İbrahim deyir ki, o normal olaraq hamını mitinqə dəvət edir, amma “Elnur özu eşitmişdi ki, mitinq var və gəlmişdi”.

“Yanvarda Elnur deyirdi ki, ona məktub yazması üçün ona həbsxana müdiri və 3-4 hüquq müdafiəçisi tərəfdən təzyiqlər var. Lakin o yazmaq istəmirdi. O deyirdi ki, onsuz da təxminən 1 ilim qalıb, çünki cinayətkar deyiləm”, İbrahim İsrafilovla görüş zamanı ondan bu sözləri eşitdiyini deyir.

Dayısı deyir ki, İsrafilov eyni sözləri ailəsinə də deyib.

İbrahim düşünür ki, “məhbusun təhsili ona “müstəntiq tipli” məktub yazmağa imkan verməz.

Məktubda həmçinin yazılır ki, İsrafilov bilik səviyyəsi və təhsili aşağı olduğu üçün etdiyi hərəkətlərin düzgün olmadığını qiymətləndirə bilmədən və bir qrup insanın təsiri altında hərəkətləri təkrarlayıb.

"Yanvarda Elnur deyirdi ki, ona məktub yazması üçün ona həbsxana müdiri və 3-4 hüquq müdafiəçisi tərəfdən təzyiqlər var. Lakin o yazmaq istəmirdi. O deyirdi ki, onsuz da təxminən 1 ilim qalıb, çünki cinayətkar deyiləm"

Məmməd İbrahim, AXCP rəhbərinin müşaviri və İsrafilovun dayısı

Yevlaxda yaşayan İsrafilov orta təhsillidir. Məktub kiril əlifbası ilə yazılıb.

Prezident İlham Əliyevə ikinci ərizəsində isə “İsrafilovun hakim Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyi” bildirilir.

O bildirir ki, onu AXCP partiyasına “istəmədən üzv seçilib”.

Həmçinin İsrafilov yerli mətbuatda “vicdan məhbusu” adlandırılmasının da qarşısının alınmasını istəyib.

Partiya nə deyir?

AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı da məktubun təzyiq altında yazıldığını və ya sadəcə imzalandığını hesab edir.

“Hakimiyyət sağlamlığı zəif olan insanlardan öz opponentlərini sındırmaq üçün istifadə edir”, Qurbanlı BBC Azərbaycancaya məsələ ilə bağlı münasibət bildirir.

Qurbanlı İsrafilovun təxminən 7 ay əvvəl partiya üzvü olmaq üçün könüllü müraciət etdiyini deyir.

Tarixcə

İsrafilov hazırda Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

O, 2011-ci ilin yayında Səbael Rayon Məhkəməsinin hokum ilə 2 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda cəzasının 10 ayını çəkib.

29 yaşlı İsrafilov uşaq vaxtı gözünə məftil batması səbəbilə bir gözünün tamamən görməməsinə görə 3-cü qrup əlildir.

Mövzuya aid

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.