
İran və Qərb arasında gərginlik Qafqaza qədər yayılıb. Burada ötən həftə İsrail diplomatının avtomobilinə bərkidilmiş bomba aşkar edilib.
Belə görünür ki, İran və İsrail bir-birinə hədə-qorxu, bomba hücumları və sui-qəsdlə Qafqazda gizli müharibə aparırlar.
İranın gizli nüvə proqramı, Tehranın qəbul etməməsinə baxmayaraq, Qərb onun nüvə silahı istehsal etdiyinə inandıqca, casuslar üçün hədəf olaraq qalır.
Tbilisidə, İsrail diplomatının maşınında bomba Azərbaycanda İsrail səfirini öldürməyə cəhddə təqsirləndirilən üç nəfərin həbsindən cəmi bir neçə həftə sonra tapıldı.
Azərbaycan hakimiyyəti deyir ki, yəhudi məktəbi və yerli ravvinlər də hədəfə alınıb.
İsrail hökuməti İranı hücumların arxasında olmaqda günahlandırır, Tehran isə bu iddiaları rədd edir.
"Hər kəs Cənubi Qafqazdan gizli müharibə üçün istifadə edir."
Aleksandr Rondeli, gürcüstanlı təhlilçi
Ötən həftə İran, İsraillə dostluq münasibətləri olan Azərbaycanı məzəmmət edib. Tehran deyib ki, yanvarda İran nüvə alimini öldürənlərə Azərbaycan öz ərazisindən qaçmağa icazə verib.
Bu gərginlik göstərir ki, İran casusları və İsrail gizli xidməti Mossadın agentləri Cənubi Qafqazda fəaldır.
Xəzər Dənizində Azərbaycan neft və qazının istismarı, enerjinin Qərb bazarlarına axıdılması regionun strateji əhəmiyyətini artırır.
Güclərin rəqabəti
"Casusluq məsələsində, bu region 2-ci Dünya Müharibəsindən öncəki İsveçrəni xatırladır" - gürcü siyasi təhlilçisi Aleksandr Rondeli deyir. "Hər kəs Cənubi Qafqazdan gizli müharibə üçün istifadə edir. Buna şübhə yoxdur" - o, əlavə edir.
İranla sərhəddə yerləşən Azərbaycanın Tehranla tarixi və mədəni bağları var, şimali İranda yaşayan 20-30 milyon insan etnik azərbaycanlıdır.
Ötən ildən başlayaraq İrandan vizasız gəliş tətbiq edən Gürcüstan İranla ticarət və turizm əlaqələrini inkişaf etdirir.
Ancaq eyni zamanda Gürcüstan və Azərbaycan Qərbin müttəfiqləridir. Hər ikisi Əfqanıstanda NATO missiyasında iştirak edir və Avropa ilə güclü biznes bağları var.
Azərbaycan Qərbə, o cümlədən İsrailə neft və qaz təchizatçısıdır. Əvəzində Azərbaycan İsraildən silah və hərbi sursat alır.
Əsrlər boyu Rus, Fars və Osmanlı imperiyaları dağları Alpdan uca, bərəkətli vadiləri və dünyada ilk üzüm bağları olan bu gözəl regiona sahiblənmək üçün vuruşublar.
Şimalda Rusiya və cənubda İran buranı çətin qonşuluğa çevirib və bu vəziyyət getdikcə daha da çətinləşir.
"Bu, indi son 200 ilin ən mürəkkəb dövrüdür " - Azərbaycanın keçmiş terrorizmlə mübarizə rəsmisi və siyasi təhlilçi Ərəstun Oruclu deyir.
Rusiyanın rəqibləri
1991-ci ilədək Gürcüstan, Azərbaycan və Ermənistan Sovet İttifaqının üzvləri idi və Rusiya bu regionda yeganə oyunçu idi.
Ancaq bu gün regionun keçmiş imperialist gücləri - Türkiyə və İran 19-cu əsrdən əvvəlki özünə inamlarını geri qazanırlar.
Region indi üç inadkar ölkənin mühasirəsindədir.
"Qonşunu seçə bilməzsən" - buralarda tez-tez işlədilən bir ifadədir.
Amma müttəfiqini seçə bilərsən - Azərbaycan qapılarını Türkiyə və ABŞ-a, o cümlədən keçmiş ağası Rusiyaya açıb.
O, indi ABŞ qoşunlarının Əfqanıstana təchizat və yanacaq yoludur.
Bəs ABŞ və ya İsrail İrana hücum edərsə, region üçün nəticələr nə olacaq?
"Gürcüstan İranın əks-hücumları üçün yaxın hədəf olacaq" - Ərəstun Oruclu belə hesab edir. "Azərbaycan Qərblə hər hansı əməkdaşlıqdan çəkinəcək. Gürcüstan isə böyük məmnuniyyətlə əməkdaşlıq edəcək".
Aleksandr Rondeli isə bununla razılaşmır. "Bizim Amerika bazalarımız və ya lazımi infrastrukrumuz yoxdur" - o deyir.
Diplomatlar deyir ki, Vaşinqton Gürcüstanı belə çətin vəziyyətə sürükləməz.
İranla hər hansı münaqişə insan fəlakəti yaradar. Yüzlərlə qaçqın İran sərhəddini keçib Azərbaycana - onsuz da bir milyon didərginin problemini həll etməyə çalışan ölkəyə üz tutacaq.
Təhlilçilər bir məsələdə razılaşır: münaqişələr yaşamış regionda heç kimin bundan sonra başqa bir konfliktə həvəsi yoxdur.
Son terror aktı cəhdləri müharibə əsəbinin bir hissəsi ola bilər. Amma illərlə davam edən müharibələrin təsirindən çıxmağa çalışan Cənubi Qafqazda insanlar sabitlik həsrətindəndir.
























