bbc.co.uk navigation

Kür daşqınlarından əziyyət çəkənlər hökümət qurumları ilə görüşə bilər

Son yeniləmə: 22 fevral, 2012 - 07:20 GMT

“Kür daşqınlarından zərərçəkmişlər”in fevralın 28-də problemlərini danışmaq üçün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı (KVCQ) ilə görüşməsi planlaşdırılır.

Görüş üçün Sabirabad Rayon İcra Hakimiyyəti müvafiq yer ayırıb.

Qərargah rəhbəri Oqtay Güləliyev BBC Azərbaycancaya bildirib ki, tədbirdə sakinlərlə yanaşı Fövqəladə Hallar Nazirliyinin, yerli İcra Hakimiyyətlərinin və digər dövlət qurum nümayəndələrinin də iştirakı gözlənilir.

"24 fevral aksiyası" olacaqmı?

Ötən bazar Sabirabad və Saatlı rayonlarında sakinlər fevralın 24-də icazəsiz mitinq keçirmək istəyində olduqları üçün hökümət qurumları onları polis şöbəsinə dəvət edərək söhbətlər aparıb.

"Indiki anda sakinlərin icazəli görüşdə sözlərini və tələblərini deməsi daha yaxşıdır, nəinki icazəsiz və gərginlik yaradacaq aksiyalarla çıxış etmək"

Oqtay Güləliyev, KVCQ rəhbəri

Güləliyev deyir ki, bu mitinqin olub-olmayacağı barədə dəqiq məlumatı yoxdur, çünki “Qərargah mitinqin təşəbbüscüsü deyil”.

O düşünür ki:

“Indiki anda sakinlərin icazəli görüşdə sözlərini və tələblərini deməsi daha yaxşıdır, nəinki icazəsiz və gərginlik yaradacaq aksiyalarla çıxış etmək”.

KVCQ yanvarın 7-də sakinlərlə görüş keçirmək istəsə də, yerli İcra Hakimiyyəti və Polis Şöbəsi icazə verməyib.

“Görüşün keçirilməsi üçün öncədən “Şam” İstirahət Mərkəzi ilə müqavilə bağlansa da müqavilə ləğv edilərək görüşə gələnlər polisin gücü ilə dağıdılmış, Qərargah nümayəndələri Mehman Əliyev və Oqtay Gülalıyev Polis Şöbəsinə dəvət edilərək onlarla söhbət aparılıb”, Qərargahın yaydığı məlumatda deyilir.

Yanvarın 25-də isə görüş üçün RİH-dən rəsmi icazə istənilib.

Tarixcə

2010-cu ilin yazında çayların daşması zamanı yüz min hektar torpaq və iyirmi min ev ziyan çəkib.

İndiyə qədər ziyanı aradan qaldırmaq üçün 346 milyon manat ayrılıb.

KVC həmin dövrdən daşqının nəticələrinin aradan qaldırılması problemləri ilə məşğul olan vətəndaş cəmiyyətidir.

Qərargahın məqsədi zərərçəkmişlərlə hakimiyyət arasında dialoqu qaydasına salmaqdır.

Mövzuya aid

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.