
İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Məhəmməd Esmail Kövsəri Azərbaycandan Mossad və Mərkəzi Kəşfiyyat Agentliyinin (MKA) agentlərini ölkədən çıxarmasını tələb edib. Bu barədə Tehrandakı yarı-rəsmi Fars xəbərlər agentliyi məlumat yayıb.
"İran İslam Respublikasının əldə etdiyi bəzi sənədlərə görə, Azərbaycan rəsmiləri Mossad və MKA elementlərinə kömək edib və onlar bizim ölkədə alimləri, xüsusən qeyd edim ki, şəhid Əhmədi Rövşəni qətlə yetiriblər" -cənab Kövsəri deyib.
"Azərbaycan öz hərəkətlərinə cavadeh olmalıdır və xarici casus təşkilatlarının elementlərini İran İslam Respublikasının sərhədlərindən xaric etməlidir" - yüksək rütbəli siyasətçi deyib.
Kövsəri əlavə edib ki, Azərbaycanın "ABŞ və İsrailin casus təşkilatları ilə əməkdaşlığı" azərbaycanlılar üçün zərərlidir.
Millət vəkili həmçinin deyib ki, "casuslar" İran sərhədlərindən uzaqlaşmalıdır, "çünki İranın Azərbaycanla heç bir problemi yoxdur və iki ölkə dost və qardaşdır".
Rəsmi Bakı bir neçə gün öncə İrandan daha əvvəl səslənən ittihamlara cavab verib."...Azərbaycan özünün xarici əlaqələrindən İrana qarşı, eləcə də digər qonşu dövlətlərə qarşı heç zaman istifadə etməyib, istifadə edilməsinə də imkan verməyib. Ona görə də bu şəkildə günahlandırmaların əsası yoxdur - bunu APA xəbərlər agentliyinə açıqlamasında Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib
"Bu ölkənin maraqları bizim həmişə diqqətimiz mərkəzində olub və bu maraqların pozulmasına, heç bir anti-İran fəaliyyətinə yer verməmişik. Eyni şeyləri İrandan da tələb edirik və düşünürük ki, bu, belə də olacaq" - cənab Həsənov əlavə edib.
























