
Mənbə: contact.az
DIN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mənsurzadə bildirib ki, mövcud qanunvericiliyin tələblərinə görə, icra strukturlarının razılığı olmadan hər hansı aksiyanın keçirilməsi qanunsuz hesab olunur.
Buna görə qanunsuz aksiyanın təşkilatçıları Sabirabad RPŞ-yə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılmış, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış istənilən kütləvi aksiyaya cəhdin polis əməkdaşları tərəfindən alınacağı barədə xəbərdar edilmişlər.
Bildirilib ki, güya bir qrup sakinin təzyiqlərə məruz qalması və RPŞ-yə müvafiq söhbətlər üçün dəvət olunmuş şəxslərin saxlanılması barədə məlumatlar həqiqəti əks etdirmir.
Bazar günü Sabirabad və Saatlı rayonlarında rayon polis şöbəsi, Milli Təhlükəsizlik Nazirliyi və icra hakimiyyəti daşqından əziyyət çəkmiş vətəndaşlardan izahat alıb.
Turan agentliyi xəbər verir ki, buna səbəb əsasən Qasımbəyli və Əsgərbəyli kəndlərinin sakinlərin 2010-cu ildə daşqınların yaratdığı problemlərin həlli tələbi ilə fevralın 24-ə təyin edilmiş icazəsiz mitinq keçirmək istəməsidir.
Kür Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Oqtay Güləliyev BBC Azərbaycancaya deyir ki, bu saxlanılmalar sadəcə polisin apardığı profilaktik tədbirlərdir.
"Bu saxlanılmalar sadəcə polisin apardığı profilaktik tədbirlərdir"
Oqtay Güləliyev, KVC
Onun sözlərinə görə, sakinlərin əsas tələbi daşqının nəticələrinin tam aradan qaldırılmaması, kompensasiyanın azlığı və ümumilikdə, regiondakı sosial-iqtisadi problemlərin olmasıdır.
KVC bildirir ki, onların İcra hakimiyyəti və Fövqəladə hallar nazirliyinin əməkdaşları ilə son görüşündə işlərin hələ də davam etdirilməsi deyilib.
Lakin bütün görülənlər sakinləri qane etmir, Güləliyev deyir.
Cəmiyyət düşünür ki, region respublikanı bostan tərəvəzləri ilə təmin edən ərazi olduğundan buradakı problemlərin həlli üçün dövlət proqramı qəbul edilməlidir.
Tarixcə
2010-cu ilin yazında çayların daşması zamanı yüz min hektar torpaq və iyirmi min ev ziyan çəkib.
İndiyə qədər ziyanı aradan qaldırmaq üçün 346 milyon manat ayrılıb.
KVC həmin dövrdən daşqının nəticələrinin aradan qaldırılması problemləri ilə məşğul olan vətəndaş cəmiyyətidir.
Qərargahın məqsədi zərərçəkmişlərlə hakimiyyət arasında dialoqu qaydasına salmaqdır.
























