bbc.co.uk navigation

Azərbaycan "Əfqanıstandan çıxmağa” yardım edəcək

Son yeniləmə: 18 fevral, 2012 - 12:59 GMT
Vladimir Socor

Cənubi Qafqaz üzrə aparıcı Amerika eksperti deyir, ABŞ və digər NATO ölkələri 2014-cü ilin sonunadək Əfqanıstandakı qüvvələrinin çıxarılmasında Azərbaycanın köməyinə ehtiyac duyur.

Bu mülahizəsi ilə Vaşinqtonda mənzillənmiş Jamestown Foundation mərkəzinin aparıcı təhlilçisi Vladimir Socor Azərbaycan prezidentinin NATO-nun Brüsseldəki qərargahına baş çəkdiyindən sonra BBC Azərbaycancaya müsahibəsində bölüşüb.

Çərşənbə günü Şimali Alyansın baş katibi ilə görüşən cənab Əliyev deyib ki, Azərbaycan NATO yükləri ilə personalın Əfqanıstana daşınmasında tranzit ölkə kimi Klikləyin daha geniş rola malik ola bilər.

O, bu “sahədə əməkdaşlığın dərinləşdirilməsinə yönələn yeni təkliflərin” müzakirə olunduğunu desə də, təfərrüatlara varmayıb.

Cənab Rasmussen Azərbycanla əməkdaşlığı“həll edici” kimi təsvir edib.

NATO Əfqanıstana yük daşınmasında Azərbaycanın indiki rolu ilə yanaşı beynəlxalq qüvvələrin tədricən çıxarılmasında Bakının “əks tranzit” ölkəsi kimi həll edici rolunu görmək istəyir, Vladimir Socor belə hesab edir.

O deyir ki, Əfqanıstanda “strateji məğlubiyyətə uğrayan” ABŞ bu ölkəni daxil olduğu Pakistan yox “arxa qapıdan” tərk etməli olur.

Azərbaycan etdikləri əvəzində nə gözləyə bilər? sualını cavablayan təhlilçi qısa müddətli perspektivdə Bakının güman ki, sanballı bir şey qazanmayacağını deyib.

Lakin ekspert Amerikanın Cənubi Qafqazda daha aktiv rol oynaya biləcəyinə ümid etdiyini deyib ki, Rusiyadan asılı olmayan enerji infrastrukturunun inkişafı və Dağlıq Qarabağ münaqişəsinin siyasi çözümü baxımından yararlı ola bilərdi.

ABŞ Cənubi Qafqaza qayıdacaqmı?

ABŞ və NATO-nun Azərbaycanla daha yaxın əlaqələrə marağı Əfqanıstandan qüvvələrin geri çəkilməsi ilə bağlı “qısa müddətli və rasional” düşüncədən irəli gəlir, deyir təhlilçi.

Vladimir Socor Vaşinqtonun “əvvəlki kimi Cənubi Qafqaza dair strateji siyasətə” malik olacağına ümid etdiyini deyib.

Rusiya enerjisindən həddən ziyadə asılı olan Avropa müttəfiqləri böhran şəraitində Amerikaya yan çıxmaqda çətinlik çəkməsinlər deyə ABŞ Rusiyadan yan keçən enerji marşrutlarını təmin edən Azərbaycanla Gürcüstanı Avropa müttəfiqlərinin enerji təhlükəsizliyində mühüm ölkələr hesab edib, Vladimir Socor belə hesab edir.

Hərçənd ki, Əfqanıstan və İraqdakı müharibələrə görə Amerikanın bu yanaşması əhəmiyyətini itirmiş olub.

“Son bir neçə il ərzində ABŞ Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsində Rusiyaya qeyri-planlaşdırılmış şəkildə aparıcı rol oynamaq iznini verib...bunun nəticəsi kimi Azərbaycana Rusiyanın təsiri artıb. Moskva danışıqlar prosesinin dolayısı ilə təsir vasitəsini tətbiq edir. Rusiyanın artıq oyunçulardan biri olmadığı üçün Azərbaycan onun maraqlarını əvvəlkinə nisbətən daha çox nəzərə almalıdır”.

Vladimir Socor deyib ki, o Amerikanın Dağlıq Qarabağ tənzimləməsi və Rusiyadan müstəqil enerji nəqliyyat infrastrukturunun qurulmasında yenə də fəal rol oynayacağına ümid edir.

“Öncə sabitlik sonra demokratiya”

Jamestown Foundation-in təhlilçisi Amerika ilə daha yaxın əməkdaşlığın Azərbaycana faydalı olacağına inanır və Vaşinqton dəstəyə görə borclu qalmayacağı qənaətindədir.

“Azərbaycan Amerikaya Mərkəzi Asiya, Cənubi Qafqaz və Əfqanıstan siyasətində demək olar ki, qeyd-şərtsiz kömək göstərib".

Vladimir Socor cənab Əliyevin yardım göstərməklə demokratiya çatışmazlığı və insan haqlarının pozulması ilə bağlı Vaşinqton tənqidinin qarşısının alınmasına çalışdığı barədə arqumenti rədd edib.

Cənab Socor əksinə insan haqları ilə bağlı ABŞ tənqidinin həddən ziyadə sərt olduğunu deyib.

“Bir neçə ildir ki, Amerika bu mövzunu şişirdir. Daha sanballı enerji və Qarabağ münaqişəsi kimi strateji məsələlər hesabına diqqət bu məsələyə yönəldilir.”

Cənab Socora görə ABŞ “sabitlik, müasirləşmə və dövlət quruculuğunda qüdrətli prezidentin əhəmiyyətini dəyərləndirə bilməyib.

Təhlilçi Sovetlərinin dağılmasından cəmi 20 il keçdiyini deyərək Azərbaycanın uğurlu olduğunu vurğulayır. Onun sözlərinə görə ölkənin qarşısında duran əsas məsələ “uzun müddətli sabitliyi təmin edəcək institutların qurulmasıdır” ki, “demokratiya bundan sonra” gələ bilər.

Mövzuya aid

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.