bbc.co.uk navigation

Təmas xətti: Kəndləri qoruyan mühafizə divarı

Son yeniləmə: 14 fevral, 2012 - 16:33 GMT
Farizin anası

Farizin anası

Bu gün Ağdamın bəzi kəndlərini bir-birindən üç metr hündürlüyündə olan daş hasarlar ayırır.

2011-ci ilin martın 8-də Ağdam rayonunun Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovun snayper gülləsindən qətlə yetrilməsi təmas xəttində yerləşən kəndlərdə təhlükəsizlik divarlarının çəkilməsi üçün zərurət yaratdı.

Azərbaycan hökumətinin rəsmi məlumatına görə, Bədəlov Erməni silahlı birləşmələrinin nəzarəti altındakı Şıxlar kəndi istiqamətində açdığı atəş nəticəsində həlak olub.

Bu hadisədən sonra Orta Qərvənd və Şıxlar arasında 700 metr uzunluğunda mühafizə divarı ucaldılıb.

Bədəlovun ailə üzvlərinin yaşadığı ev təmas xəttinin yaxınlığında yerləşir.

Tikinti işləri ötən ilin oktyabrında başlanıb, dekabr ayında yekunlaşıb.

Şıxlar və Qərvənd kəndləri

Evin qapısı

Evin qapısı

Orta Qərvənd kəndi ilə həmsərhəd olan Şıxlar və ondan sonrakı Baş Qərvənd kəndi erməni silahlı qüvvələrinin nəzarəti altındadır.

Şıxlar kəndi ilə Orta Qərvəndi 400-450 metrlik məsafə ayırır. Müharibədən öncə iki kənd arasındakı ərazidə pambıq tarlası, üzümçülük, qarğıdalı təsərrüfatı yerləşirdi.

1999-cu ilin yay aylarında Farizin babası Arif Bədəlov evin pilləkənində oturan yerdə güllə ilə sağ ayağından yaralanmışdı.

4-5 aylıq intensiv müalicədən sonra sağaldığını deyən Arif kişi növbəti təhlüklələrdən sığortalanmaq üçün evin xarici görünüşündə bir sıra dəyişiklik etdiyini deyir; təmas xətti istiqamətində olan giriş qapısı tamamilə hasarlanıb, otağın iki pəncərəsi mühafizə divarı istiqamətində yerləşsə də, sakinlər qrantamyot təhlükəsi üzündən burada yaşayışın olmadığını deyir.

Bundan sonra evin qapısı və pilləkəni işğal altında olan ərazi tərəfdən tam əks istiqamətə dəyişdirilib.

Mühafizə divarlarının tikintisi

Mühafizə səddi

Divar

Bu iş Ərazilərin Yenidən Qurulması və Bərpası Agentliyinin sifarişiylə aparılır.

Agentliyin əməliyyatlar üzrə meneceri Əhməd Əhmədov bildirdi ki, divarlar cəbhə və təmas xəttində yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin olunması məqsədilə çəkilib.

Onun sözlərinə görə, paralel olaraq Tərtərin Qapanlı (145 metr), Goranboyun Tapqaraqoyunlu (750 metr) kəndlərindəki yaşayış evlərinin qarşısında mühafizə divarları inşa olunub.

Agentlik rəsmisi bu divarların müvəqqəti xarakter daşıdığını dedi.

Bədəlovun dayısı Gündüz Səmədovun sözlərinə görə, bu istinad divarı xeyli təhlükənin qarşısını alıb, insan həyatını xilas edib.

"Bu hasar olmasaydı, indi sizinlə rahat dayanıb söhbət edə bilməzdik".

Başqa bir sakin Zakir Əliyev deyir ki, əvvəllər açıq şəraitdə burada dayanmaq 100 faiz ölüm demək idi.

Həyətdəki başqa tikilinin üzərində xeyli güllə yerlərinin olduğu nəzər çarpır. Sakinlər güllə izlərinin mühafizə divarının inşasından əvvələ təsadüf etdiyini deyir.

Belə ki, mühafizə divarından 10 metr arxada yerləşən bu tikilinin üstünə çıxıb şiferləri düzmək hələ də mümkün olmayıb. Çünki bu yüksəklik birbaşa atəş hədəfində yerləşir.

Evin quruluşu dəyişdirilib

Evin quruluşu dəyişdirilib

Gündüz deyir ki, yaz fəslinin gəlməsini gözləyirlər ki, həmin binanın qarşısında yerləşən ağaclar çiçəklənəndən sonra dama çıxıb şiferi vursunlar.

Çəkilmiş hasarlar əhalini evlərinin qarşısında qorusa da, kəndin başqa bir istiqamətində yerləşən təsərrüfat sahələrində olan təhlükədən qorumur.

Kəndlilərin sözlərinə görə, onları pulemyotrlarından atəşə tuturlar.

Yüksəkliklər ermənilərin nəzarətindədir

Münaqişə tərəfləri arasında atəşkəs sazişi imzalansa da, bu amil təmas xəttində yaşayan sakinlərin həyatında özünü əks etdirmir.

Amma fermerlər əvvəlki məşğuliyyətinə qayıda bilmir. Ağdamın Orta Qərvənd kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Amma bu ərazilər birbaşa atəş hədəfində yerləşir. Digər bir problem də su ilə bağlıdır. Belə ki, su mənbələri relyefə uyğun olaraq yüksəklik ərazilərdə yerləşir və bu torpaqlar da erməni ordusunun nəzarətində olduğundan suyun qarşısı tez-tez kəsilir.

Digər kənd sakini Qardaşxan Zeynalovun da evi birbaşa erməni əsgərlərinin mövqeyi istiqamətində yerləşir. O da, divardan öncə xeyli təhlükənin olduğunu deyir. “Evdən bayıra çıxa bilmirdik, həyətdə işləmək qeyri-mümkün idi. İndi bu divar köməyimizə çatır”.

Qardaşxan Zeynalovun ailə üzvləri

Qardaşxan Zeynalovun ailə üzvləri

Divarı yerli sakinlər tikir

Zakir Əliyevin sözlərinə görə, bu istinad divarını kənardan gələn ustalar çəkməyib. “Güllənin qarşısında dayanıb iş görmək mümkün deyil. Bu işi kənd sakinləri özləri görüblər. Gecələr işləyiblər ki, düşmən onları ayırd edə bilməsin, gün işığının altında işləyiblər ki, snayper hədəfi yaxşı müəyyən edə bilməsin”.

Ərazilərin Yenidən Qurulması və Bərpası Agentliyinin əməkdaşı Əhməd Əhmədov faktı təsdiqlədi: “Bakıdan usta aparmağa lüzum görmədik. Yerli sakinləri cəlb etdik, onlara müvafiq olaraq əmək haqqı da verilir. Həm də bu onunla əlaqədardər ki, yerli əhali mövqeləri yaxşı tanıyır, əraziyə bələddir. Ola bilər ki, bir neçə mütəxəssis cəlb olunur ki, onlar da tikinti prosesinə nəzarət edir”,-Əhmədov bildirdi.

Xosrovun evi

Çıraqlı kənd sakini Xosrov Şükürovun evi ilə erməni postu arasındakı məsafə 100-150 metrdir. Ev ikimərtəbəli olduğundan, mühafizə divarı yuxarı mərtəbəni qoruya bilmir. İkinci mərtəbənin divarlarında, damında çoxsaylı güllə yerləri var. Elə buna görə də, evin iki pəncərəsi və qapısı daşla hörülüb. Evin bir darvazası işğal altında olan Şıxlar kəndi istiqamətindədir. Onun üstündə çoxsaylı iri və ortaçaplı mərmi izləri aydın nəzərə çarpır. Hazırda bu darvaza mühafizə divarının arxasında qalıb. Güllələrdən deşik-deşik olmuş evin damından həyətə düşən günəş şuaları da müharibənin fəsadlarını ev sahibinə xatırladır.

Xosrovun evi

Xosrovun evi

1994-cü ildə erməni qoşunları kəndə daxil olanda evini tərk edib, 1996-cı ilədək Bərdədə çadır şəhərciyində yaşayıb.

Onun həyətinin qarşısından çəkilmiş mühafizə divarı təkcə evini və həyətini deyil, həm də ailə üzvlərini qoruyur. “Bir neçə il öncə böyük qızımın toy günündə kiçik qızım qarşı tərəfdən atılan güllə onu qolundan yaralamışdı. Amma indi həyətdə sərbəst hərəkət edə bilirik”.

Xosrov Şükürov kənddə tanınmış adamdır. Yerli sakinlər deyir ki, əgər o kəndi tərk etsə, hər kəs onun ardınca Çıraqlıdan çıxacaq. Çünki əhalini kəndə o qayıtmağa təhrik edib. “Burada ən qorxulu yerdə mənim evim yerləşir, amma qayıtdım. Ağır şəraitə baxmayaraq, harasa getmək fikrim yoxdur”.

Evinin damını bərpa etmək üçün Ərazilərin Yenidən Qurulması və Bərpası Agentliyi ona şifer verib. Xosrov kişi isə ikinci mərtəbənin damına çıxıb bərpa işlərini aparmağın mümkün olmadığını deyir. “Gözləyirik ki, yaz gəlsin, ağaclar çiçəklənsin. O zaman heç olmasa, snayper təhlükəsindən qorunmaq olar”.

Baxımsız qalmış ev

Çıraqlıda gördüyümüz evlərdən birində isə yaşayış yoxdur.

Darvazanı açıb həyətə daxil oluruq.

Açıq səma altında muzeyi xatırladan ev tamamilə dağılmasa da, yaşamaq üçün yararsızdır.

tenha ev.JPG

Ev 3-4 iri otaqdan ibarət olub. Baxımsızlıq üzündən vaxtilə otaqlar yerləşən ərazidə ot və ağaclar ucalır.

Bundan başqa, evin torpaq sahəsi də bir neçə sot ərazini əhatə edir. Yaşayış olmadığından ətraf mühafizə divarı ilə əhatə olunmayıb.

Mühafizə divarından kənarda qalan, həm də nəzarət altında olan Baş Qərvənd kəndinin neytral ərazidəki qəbirstanlığıdır.

Qəbirstanlıqla erməni birləşmələrinin məntəqələri arasında məsafə 100-150 metrdir. Yerli sakinlər deyir ki, günün istənilən vaxtında buraya gələn ziyarətçilər atəşə tutulur.

Qəbirstanlıqda erməni mövqeləri aydın müşahidə edilir. Mühafizə divarları yalnız yaşayış əraziləri üçün nəzərdə tutulduğundan qəbirstanlıq ərazisində ucaldılmayıb.

Kəndlilər deyir ki, burada onların təhlükəsizliyi üçün hansısa zəmanət yoxdur, yəni istənilən an güllə ata bilərlər.

Qəbirstanlıq

Ötən ilin dekabrında Mingəçevir şəhər sakini 56 yaşlı Elmira Həsənova atasının məzarını ziyarət edərkən qarşı tərəfin açdığı atəş nəticəsində ayağından yaralanmışdı.

Bu kimi təhlükələrin mövcudluğundan əhali qəbirstanlığa istədiyi vaxt gedə bilmir, hətta dəfn mərasimini çox vaxt qaranlıq düşəndən sonra həyata keçirirlər.

Farizin qəbri

Farizin qəbri

Digər problem isə məzarların üstünün götürülməsi ilə bağlıdır. Ağdamda yaşayan jurnalist Teymur Zahidoğlunun sözlərinə görə, buradakı başdaşılarının çoxu yeni qoyulmağa başlanıb. Amma elə məzarlar var ki, onların üzərində güllə izləri aydın nəzərə çarpır. Bunlar əsasən şəhid məzarlarıdır. “Onların özləri də döyüşüb, indi də qəbirləri döyüşür”,- dedi Teymur Zahidoğlu.

9 yaşlı Farizin məzarı da buradadır. Hələ evlərində olarkən, anası Şirinnaz xanım bizə onun şəxsi əşyalarını göstərmişdi; ən çox sevdiyi kostyumu, ölümündən bir ay öncə aldığı cins gödəkçə, bir də Şaxta Baba maskası. Anası deyir ki, oğlu Yeni il bayramını çox sevirdi, bayramda bu maskanı taxıb uşaqlarla oynayırdı.

Farizin məzarına yaxınlaşırıq. Məzar daşının hər iki tərəfində onun şəkili döyülüb. Bu şəkillərdən birində o ən çox sevdiyi kostyumundadır. Uyuduğu məzar gül-çiçəklə əhatə olunub. Onların arasında Şaxta Baba oyuncağı da var. Sağlığında olduğu kimi, məzar daşı da müdafiə səddindən kənarda qalıb.

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.