
Hacızadəyə görə, hakimiyyətdaxili münasibətlər belədir:Prinsip sadədir. Biz istəyirik ki, siz varlanıb bizim avtomobillərimizi alasınız.
Ərəb inqilablarının ilk ildönümü Azərbaycanda dəyişiklik və islahat ümidlərinin sönməsilə müşayiət olunur.
Bunu Vaşinqtondakı Woodrow Wilson Mərkəzində Azərbaycanın 20 illik müstəqilliyi mövzusunda keçirilən forumda siyasi təhlilçi Hikmət Hacızadə bəyan edib.
Bakıda rəsmilər Ərəb baharının əvvəlində verdikləri vədləri qısa müddətdə unutdular, deyib cənab Hacızadə.
Onun təbirincə, hakimiyyət daha özünü ötən il olduğu kimi təqsirli hesab etmir, əksinə indi rəqiblərinə nəzarəti daha da gücləndirib, korrupsiya, vergi və digər sahələrdə pozuntu adı ilə vətəndaş cəmiyyətinə təzyiqlərini artırıb.
Neft - demokratiyanın qənimi
Təəssüf ki, bu qədər təbii zənginlik içərisində olan bir dövlətdə demokratiya heç zaman inkişaf etmir, deyib cənab Hacızadə.
Təhlilçinin təbirincə, hazırda ölkə iqtisadiyyatının 98 faiz neftdən asılıdır, bu səbəbdəndir ki, böyük pul axınına baxmayaraq, əhalinin 2 milyona qədəri iş arxasınca xaricə üz tutub.
"Bakıda rəsmilər Ərəb baharının əvvəlində verdikləri vədləri qısa müddətdə unutdular"
Hikmət Hacızadə
Qeyri-azad iqtisadiyyat və korrupsiyanın səviyyəsi ilə Azərbaycan artıq Afrika ölkələri ilə bərabər tutulur, deyib təhlilçi.
Varlandıqca sıralarını məhdudlaşdıran hakimiyyət rəsmiləri isə büdcə gəlirlərinə maksimum nəzarət edirlər.
Hacızadənin təbirincə, biznes maraqları məmurların hətta öz yaxın ətrafları ilə münasibətində hakimi-qüvvədir.
Prinsip sadədir. Biz istəyirik ki, siz varlanıb bizim avtomobillərimizi alasınız, deyə haimiyyətdaxili münasibətləri izah edib.
Ağıllı avtoritarizm
Cənab Hacızadənin fikrincə, Azərbaycan Sovet üsul-üdarəsindən uzaqlaşsa da, əslində ondan tam imtina etməyib.
Düzdür, insanlara öz mətbəxlərində danışmaq azadlığı verilib, ancaq ümumilikdə ölkədə SSRİ qaydaları hökm sürür, deyə o vurğulayıb.
Təhliçiyə görə, hazırkı hakimiyyət yaxşı və pis rəqiblər arasında seçim etmək istəmir, o, hamını inkar edir və yalnız bir rəqibi var – düşmən.
Heydən Əliyevin yaratdığı ağıllı avtoritarizm modeli artıq Azərbaycanda daha işləmir, deyib cənab Hacızadə.
"Düzdür, insanlara öz mətbəxlərində danışmaq azadlığı verilib, ancaq ümumilikdə ölkədə SSRİ qaydaları hökm sürür"
Hikmət Hacızadə
Onun sözlərinə görə, hazırda ölkə boyunca onlarla siyasi məhbus və 200-dən artıq dini mötivdə həbs edilmiş şəxslər var.
İslam təhlükəsi
Demokratik islahatların yubanması Azərbaycanda Qərbə bəslənən etimadı da azaldıb.
Hazırda ölkə əhalisinin yalnız 5,4 faizi ABŞ-ı özlərinə dost sayır, 10,7 faizi isə İslam dövlətlərini, deyib cənab Hacızadə bir müddət əvvəl Bakıda keçirdiyi rəy sorğularına əsasən.
Onun təbirincə, İran Azərbaycana radikal sistem, Türkiyə isə Nurçuluq təriqətini ixrac etmək istəyirlər.
Halbuki, onun sözlərinə görə, mübarizələrini Bakıda həyata keçirə bilməyən dindarlar çox zaman bunu Əfqanıstanda etməyə maraq göstərirlər.
























