bbc.co.uk navigation

ATƏT münaqişələrin həllində İrlandiya təcrübəsini təklif edib

Son yeniləmə: 9 fevral, 2012 - 10:13 GMT
Gilmore

Birləşmiş Ştatlarda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya baş nazirinin müavini, xarici işlər və ticarət naziri Eamon Gilmore uzadılmış münaqaşilərin həllini qarşına qoyduğu əsas məqsəd kimi təsvir edib.

“Uzadılmış münaqişələrin həlli mənim ATƏT sədri olaraq qarşıma qoyduğum ən vacib məqsəddir”, - deyib rəsmi.

Çərşənbə günü Vaçinqtonda BBC Azərbaycancaya müsahibəsində Eamon Gilmore konkret olaraq Dağlıq Qarabağdan bəhs edərkən, Minsk Qrupunun fəaliyyətini dəstəkləməklə yanaşı, sülh prosesinin şəxsi diqqətində saxlayacağını bildirib.

“Bu məsələdə mənə müntəzəm olaraq yardım və məsləhət verməsi üçün səfir Pádraig Murphyni xüsusi nümayəndə olaraq nominasiya etmişəm. O, beynəlxalq oyunçularla yerində əməkdaşlıq etməklə yanaşı, həm Azərbaycan, həm də Ermənistan ilə yaxından təmasdadır”, - deyib ATƏT sədri.

İrland-əsilli nüfuzlu diplomat Pádraig Murphy hələ Sovetlər dövründə ölkəsini SSRİ-də, sonralar isə Almaniya və Asiyada təmsil edib. 2005-ci ildən o, diplomatik sistemdən kənarlaşmışdı. Bugünlərdə isə ATƏT sədri Murphynin namizədliyini Cənubi Qafqaz üzrə şəxsi nümayəndəsi vəzifəsinə irəli sürüb.

Cənab Gilmore ümid edir ki, yeni xüsusi nümayəndənin fəaliyyəti və digər beynəlxalq vasitəçilik səyləri Azərbaycan və Ermənistanı münaqişənin uzunmüddətli həllinnin tapılması işində həvəsləndirəcək.

"Bizim məqsədimiz ATƏT ərazisində münaqişələrin uzunmüddətli həlli işində öz təcrübəmizi sınaqdan keçirməkdir"

Eamon Gilmore, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya baş nazirinin müavini

“Şəxsən mən, sədr olaraq bu məqsədə nail olmaq üçün əlimdən gələni edəcəyəm”, - deyə o vurğulayıb.

Bakiya səfər

Azərbaycana nə zaman səfər edəcəyi barədə suala cavab olaraq cənab Gilmore vurğulayıb ki, belə bir planı var və onu qarşıdakı iki ay ərzində reallaşdıra biləcəyinə ümid edir.

İlk dəfə ATƏT-ə sədrlik edən İrlandiya donmuş münaqişələrin həllində Şimali İrlandiya təcrübəsinin sınaqdan keçirilməsini təklif edir.

“Bizim məqsədimiz ATƏT ərazisində münaqişələrin uzunmüddətli həlli işində öz təcrübəmizi sınaqdan keçirməkdir”, - deyib cənab Gilmore.

Sədr həmçinin əlavə edib ki, bu ilin Aprel ayında Dublində məsələni maraqlı tərəflərlə müzakirə etmək niyyətindədir.

“Ümid edirəm, xüsusilə Dağlıq Qarabağa münaqişəsinə yanaşmada sözügedən təcrübə yardımçı olacaq”, - deyə o, vurğulayıb.

İnsan haqları

Azərbaycanda insan haqları və fundamental azadlıqlar barədə sualı cavablandırarkən, ATƏT sədri xatırladınb ki, oxşar narahatlıqlar təşkilata üzv ölkələrin bir neçəsində səslənir və bu, olduqca təhlükəlidir.

“İrlandiya sədr olaraq ATƏT-in insan haqları ölçülərinə cavab verməyənlərə narahatlığını ünvanlamaq əzmindədir və biz üzv ölkələrin insan haqları, eləcə də fundamental azadlıqlara tam hörmət etdiyinə əmin olmaq məqsədilə ATƏT institutlarının bütün cəhdlərini dəstəkləyəcəyik” deyib sədr.

Diplomat onu da bəyan edib ki, ifadə azadlığının müdafiəsi məqsədilə İyun ayında Dublində digər bir konfrans keçirmək niyyətindədir.

Vaşinqtona səfəri çərçivəsində cənab Gilmore ABŞ dövlət katibinin müavini William Burns ilə görüşüb.

O həmçinin Helsinki Komissiyası kimi tanınan Birləşmiş Ştatlar hökümətinin müstəqil agentliyi qarşısında məruzə ilə çıxış edib.

“ATƏT münaqişələrin həlli, təhlükəsizlik və insan haqlarına hörmət və qanunun aliliyi məqsədlərinə nail olunmasında ən yaxşı nemət olaraq qalır və bu yolda əhəmiyyətli rol oynamaqda davam edəcək”, - deyib sədr.

O, həmçinin din, azlıqlar, insan qaçaqmalçılığı və gender problemlərini də ATƏT-in qarşıdakı 11 ay ərzində prioritetləri sırasında sadalayıb.

Çıxışının böyük hissəsini isə cənab Gilmore regional problemlərin həllində ABŞ ilə birlikdə görülə biləcək işlərə həsr edib.

Dağlıq Qarabağdan bəhs edərkən, o, Birləşmiş Ştatların Minsk Qrupunda həmsədri olan səfir Robert Bradtke ilə yaxından işləyəcəyini vəd edib.

Öz növbəsində, Helsinki Komissiyasının sədri conqressman Chris Smith bəyan edib ki, ölkəsi regional münaqişlərə və xüsusilə insan haqlarının müdafiəsində ATƏT-in səylərinə ümid bəsləyir.

Vaşinqton görüşlərinin ardınca, cənab Gilmore cümə axşamı Nyu Yorkda BMT Təhlükəsizlik Şurasına səslənəcək.

Mövzuya aid

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.