bbc.co.uk navigation

Ermənistan parlamentində narazılıq

Son yeniləmə: 9 fevral, 2012 - 15:57 GMT

Ermənistan parlamentində deputatlar 2-3 adamın yerinə səs verib

Milli Məclisin iclasında yetərsay olmadığına baxmayaraq, Ermənistan parlamenti bir sıra qanun layihələrinin qəbul olunması üçün kifayət qədər səs təmin edə bilib.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Ermənistan Milli Məclisi iclasında yetərsay olmadığına və müxalif millət vəkilllərinin hakim koalisiya parlament təmsilçilərinə səsvermə qaydalarını pozmamaq çağırışlarına baxmayaraq, Ermənistan parlamenti bir sıra qanun layihələrinin qəbul olunması üçün kifayət qədər səs təmin edə bilib.

Müxalif Jaranqutyun (İrs) fraksiyasının üzvü Larisa Alaverdyan iclas zalında olan deputatların sayının səvermə tablosunda göstərilən rəqəmə uyğun olmadığını, belə iş tərzinin qanunverici orqana "hörmətsiz münasibət" olduğunu və qəbul olunan mühüm qanun layihələrini "qiymətdən saldığını" qeyd edib.

Qəbul olunan qanun layihələrindən xüsusilə “Fövqaladə vəziyyətin hüquqi rejimi haqqında” qanun layihəsi müxalif millət vəkillərinin və qeyri-parlament siyasi qüvvələrinin etirazlarına səbəb olub.

Qanun polis və təhlükəsizlik orqanlarının asayişi sahmana salmaq iqtidarında olmadıqları halda silahlı qüvvələrin müdaxiləsi qaydalarını tənzimləyir.

Müxalif qüvvələri, qanunun məhz may ayında gözlənilən parlament seçkiləri ərəfəsində qəbul olunması xüsusilə narahat edir.

“Qanun fövqəladə vəziyyətin dəqiq anlayışını müəyyən edir. Fövqəladə vəziyyət yalnız Ermənistan Respublikasının konstitusiya quruluşuna təhlükə kəsb etdiyi – konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi və ya hakimiyyətin zəbt edilməsinə yönəlmiş kütləvi qanunsuzluqlar, terror aktları, xüsusi təyinatlı obyektlərin zəbt edilməsi yaxud mühasirəyə alınması hallarında – tətbiq edilə bilər ”, - qanun layihəsini parlamentə təqdim edən ədliyyə naziri Hrayr Tovmasyan belə izah edib.

Larisa Alaverdiyan

Larisa Alaverdiyan tablodakı sayla deputatların sayı arasında fərqin olduğunu deyib.

Jaranqutyun fraksiyasının təmsilçisi Armen Martirosyan Ermənistanda seçkilərin "nə cür keçirilməsinin hamıya məlum olduğunu" qeyd edərək, iqtidara ordudan istifadə etmək hüququ verilməsinə qarşı olduğunu bildirib.

“Hakimiyyəti mənimsəmək yaxud zəbt etmək şərtləri elə iqtidarın özü tərəfindən pozula bilər. Hakimiyyəti qanuni yolla tərk etmək istəməyən iqtidar ordudan istifadə edib hakimiyyəti ələ keçirə bilər”, - Martirosyan deyib. Onun sözlərinə görə, bu qanun iqtidara “xalqa qarşı tank çıxarmaq“ imkanı verir.

Tabloda qanun layihəsinin qəbul olunması üçün kifayət edən 67 millət vəkilinin səs verdiyi qeyd olundu. Millət vəkili Larisa Alaverdyan iclas zalında 67 adam olmadığını bildirdi.

Ermənistan Milli Məclisinin hakim koalisiya təmsilçilərinin iclasda iştirak etməyən yoldaşlarının əvəzinə səs vermələri yenilik deyil. Lakin bu iclas zamanı onların hər biri 2-3 qaib deputatın əvəzinə səsvermə düymələrini basıblar.

Millət vəkilləri jurnalistlərin bununla bağlı suallarına “elə şey ola bilməz” deyə, başqalarının əvəzinə səs verdiklərini qəti inkar edirlər. Lakin “Azatutyun.TV” müxbirinin videosunda bu aydın görünür.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.