bbc.co.uk navigation

"Sanksiyalar İranı şikəst edəcək, amma öldürməyəcək"

Son yeniləmə: 6 fevral, 2012 - 16:07 GMT
Mahmud Əhmədinejad

"Prezident Mahmud Əhmədinejad siyasi təhlükəni adlaya bilsə, iqtisadi səbəblər onun vəzifədən getməsinə aparmayacaq".

İrana qarşı beynəlxalq sanksiyaların sərtləşdirilməsi onun iqtisadiyyatını zəiflədəcək, inflyasiyanı qaldıracaq və valyutasının dəyəri itəcək, amma bununla Tehrana, onu nüvə ambisiyalarında güzəştə getməyə məcbur edəcək öldürücü zərbəni vurmaq çətindir. Reuters agentliyinin təhlilçisi Andrew Torchia belə hesab edir. Onun təhlilini ixtisarla təqdim edirik:

İran iqtisadiyyatının yalnız az sayda sahələrinə sanksiyalar təsir etməyib. Ödəniş çətinlikləri ucbatından İran gəmiləri son günlərdə Ukraynadan idxal olunan taxılı yükləyə bilməyiblər. Birləşmiş Ərəb Əmirlikləri öz banklarına deyib ki, İranın Dubayla ticarətinə vəsait ayırmağa son qoysunlar. İranlılar xaricə səfər etmək üçün nəğd pul tapmağa çətinlik çəkirlər.

Amma digər ölkələrə sanksiyaların tarixi və İranın müxtəlif və digərlərinə nisbətdə daha çox özünə arxalanan iqtisadiyyatı göstərir ki, Tehran öz nefti üçün alıcılar tapa bildikcə, axsayaraq da olsa yolunu gedəcək.

Sanksiyaların ağrısını bütün ölkə hiss edəcək və bu, hökumətlə xalq arasında narazılığı artıra da bilər. Ancaq Prezident Mahmud Əhmədinejad bu siyasi təhlükəni adlaya bilsə, iqtisadi səbəblər onun vəzifədən getməsinə aparmayacaq.

ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmisi, Beynəlxalq İqtisadiyyat üzrə Peterson universitetinin alimi Gary Hufbauer İrana qarşı tədbirləri son 50 ilin ən ağır beynəlxalq sanksiyaları hesab edir. Amma o deyir ki, bu tədbirlər İraq, Şimali Koreya və Çinə tətbiq edilən sanksiyalar qədər ağır deyil və həmin ölkələr iqtisadi təzyiqləri dəf edə bilib.

O hesab edir ki, İran sanksiyalar altında alıcılar tapmaq üçün onu 10-15 faiz güzəştlə sata bilər. Bu, İranın enerji ixracından gəlirlərini 24 milyard dollar azaldacaq. Ağır zərbə olsa da, 480 milyard dollarlıq iqtisadiyyat üçün öldürücü deyil.

İnflyasiya

Sanksiyalar İranın qeyri-neft ticarətini hələlik qadağan etmir, amma Qərbin tədbirləri nəticəsində həmin sahələr də ziyan görə bilər. Bu isə İran ixracatçılarını sanksiyalara qol qoymayan Asiya və İraq kimi qonşu ölkələrə üz tutmağa və bəzi ticarət üçün barter razılaşmalarından istifadəyə məcbur edə bilər.

İranın xarici mübadilə ehtiyatları büdcə defisitini asanlıqla bağlaya bilər. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, mərkəzi bankın xarici aktivləri bu maliyyə ilində 104 milyard dollar olacaq. Avropa İttifaqı İran mərkəzi bankının aktivlərini donduracağını desə də, İranın öz ehtiyatlarını Avropa və digər ABŞ müttəfiqi olan ölkələrin banklarından çıxarmaq üçün kifayət qədər vaxtı var.

Ancaq inflyasiya vəziyyəti çətinləşdirir. Rəsmi inflyasiya son on səkkiz ayda tək rəqəmlidən 20 faizədək artıb. Təhlilçilər real rəqəmin daha böyük olduğunu düşünür.

Bu artım həm iqtisadiyyatda islahatlar - enerji və qida subsidiyalarının azaldılması, həm də sanksiyaların idxalı daha bahalı etməsi ilə bağlı ola bilər.

Yüksək inflyasiya İran rialına olan inamsızlığı daha da dərinləşdirir. Qara bazarda rialın qiyməti dollara nisbətdə 20 mindir, bu isə ötən illə müqayisədə əlli faiz artım deməkdir.

Aylarla tərəddüdən sonra İran hakimiyyəti yanvarın sonlarında rialı sabitləşdirmək üçün tədbirlər görüb və uzun müddətli bank depozitlərinə gəlir faizini 21 faizədək qaldırıb.

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.