bbc.co.uk navigation

Təhlil: Azərbaycan-ABŞ münasibətləri nə yerdədir?

Son yeniləmə: 30 yanvar, 2012 - 08:50 GMT

Vaşinqtonda çoxlarının nəzərində Azərbaycanla münasibətlərin 1990-cı illərdəki “bal ayı” dövrü artıq geridə qalıb.

Ərəb inqilabları, Wikileaks ifşaları, Amerika əsgərlərinin İraqdan çəkilməsi, Əfqanıstan tranzitinə diqqətin azalması, seçilər, bir tərəfdən də ABŞ-la Avropanı bürüyən iqtisadi çətinliklər və Nabucco kimi bahalı layihələrin gündəmdən düşməsi Birləşmiş Ştatların regionda maraqlarını həvalə etdiyi bir çox müttəfiqləri kimi, Azərbaycanla da münasibətlərinə təsirsiz ötüşməyib.

Buna baxmayaraq, iki ölkənin bir-birindən tam “soyuduğunu” da demək olmaz.

Ötən həftə Bakıya səfər etmiş Dövlət Departamentinin rəsmisi Eric Rubin əməkdaşlığın gələcək istiqamətlərinə nəzər salıb.

Departamentdən BBC Azərbaycancaya bildirildiyinə görə, hazırda cənab Rubinin səfərinin nəticələri “təhlil olunur”.

“Bryza böhranı”

2012-ci il ABŞ-ın Azərbaycan daxil, bir neçə ölkədə səfirlərinin geri qayıtması ilə başladı.

Demokrat prezident Barak Obama respublikaçı Buş Administrasiyasının Qafqazda “vuran əli” sayılan təcrübəli diplomat Matthew Bryzanı Azərbaycana ötən il elçi təyin etsə də, onun mandatı elə Senatdakı demokratlar tərəfindən əngəlləndi.

Kaliforniyalı senator Barbara Boxer və New Jerseydən olan Robert Menendez təmsil etdikləri ştatlarda erməni icmasının narahatlıqlarını təkidlə müdafiə edərək, Bryza və xanımının “Azərbaycanpərəst” olduğunu iddia edirdilər.

"Azərilər Dağlıq Qarabağ məsələsi və ölkənin daxili siyasətinə münasibətdə ABŞ-dan daha artıq anlaşıq gözləyirlər"

Cenk Sidar, Sidar Qlobal Araşdırmalar Mərkəzinin baş direktoru

Nyu Yorkda Columbia Universitetinin Harriman İnstitutunda Qafqz üzrə tədqiqatçı Professor Lincoln Mitchell ötən il Bakıda səfir Bryza ilə görüşüb.

BBC Azərbaycancaya verdiyi müsahibədə Professor Mitchell deyib ki, Bryza ölkələrarası münasibətlərin sahmana salınmasında çox iş gördü, amma onun geri dönmə səbəblərinin diplomatiya ilə “zərrə qədər də əlaqəsi yoxdur”.

“Tam əmin edirəm ki, bu, ABŞ-dakı daxili siyasi sistemdən irəli gələn məsələdir. Senatorlar onlara səs verən icmaların təbələrini qarşılamaq zorundadırlar”, deyib cənab Mitchell.

Vaşinqtonda mənzillənən Sidar Qlobal Araşdırmalar Mərkəzinin baş direktoru Cenk Sidara görə isə səfir Bryzanın fəaliyyətinin Senat tərəfindən əngəllənməsi ABŞ-ın regionda nə dərəcədə tərəfsiz siyasət yürütdüyünə dair“suallar açıb”.

“Azərilər Dağlıq Qarabağ məsələsi və ölkənin daxili siyasətinə münasibətdə ABŞ-dan daha artıq anlayış gözləyirlər”, deyib cənab Sidar BBC Azərbaycancaya şərhində.

Münasibətlərdə “çalxalanma”

Carnegie Araşdırma Mərkəzindən Tom De Waal hesab edir ki, ABŞ-Azərbaycan münasibətləri məsələn, 5-10 il əvvəl ilə müqayisə etdikdə, geriləyib: “Bunun bir neçə qısa və uzunmüddətli səbəbləri var”.

ABŞ-ın Azərbaycandakı sonuncu səfiri, Metyu Brayza. Hazırda səfir postunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq həyata keçirir.

BBC Azərbaycancaya müsahibəsində icmalçı xatırladıb ki, əgər Buş Administrasiyası dövründə Azərbaycan xüsusilə vitse-prezident Dick Cheney və müdafiə katibi Donald Ramsfeldin nəzərlərində ABŞ-ın Yaxın Şərqdə etibarlı müttəfiqi kimi ad qazansa da, Obama Administrasiyasının özü ilə gətirdiyi yeni prioritetlər münasibətlərdə qaçılmaz soyuqluq yaratdı.

“Səfir Bryzanın təyinatı üzrə Senatda yaşanan arzuolunmaz böhran bu soyuqluğu daha da artırdı”, deyə o vurğulayıb.

Şimali Dakota Universitetində Qafqaz üzrə araşdırmaçı Thomas Ambrosio isə əmindir ki, ikitərəfli münasibətlərdə “çalxalanma” uzun çəkməyib, Obama Administrasiyasının ilk ilinə baxanda, indi vəziyyət daha yaxşıdır.

O, çalxalanmanın səbəblərini belə izah edir.

"Səfir Bryzanın təyinatı üzrə Senatda yaşanan arzuolunmaz böhran bu soyuqluğu daha da artırdı"

Tom De Waal, Carnegie Araşdırma Mərkəzi

“Müəyyən təəssürat yaranmışdı ki, yeni Administrasiya məqsədli şəkildə Azərbaycanla münasibətləri korlayaraq, özündən əvvəlki siyasətin ziddinə gedir və bununla “anti-Buş Administrasiyası” olduğunu nümayiş etdirmək niyyətindədir.. Şükürlər olsun, artıq bu mərhələ arxada qalır”, deyib Ambrosio BBC Azərbaycancaya.

Eyni zamanda, o hesab edir ki, nə qədər Prezident Obama Ağ Evdədir, Azərbaycanla münasibətlər heç zaman “Buş-Cheney dövrünə” qayıtmayacaq.

Demokratiya öhdəlikləri

Demokratiyadan bəhs etdikdə de-Waal xatırladır ki, 10 il əvvəllə müqayisədə son illərdə Azərbaycan öhdəliklərinə daha saymazyana yanaşıb, məsələn, Bakıda iki qərbtəhsilli blogeri həbs etməklə hakimiyyət Qərb ölkələri ilə münasibətlərinin gərginləşməsinə uzun müddət göz yumdu.

Cenk Sidar əlavə edir ki, indiki mərhələdə Vaşinqton rəsmiləri Azərbaycandan demokratiyanın inkişafını, söz azadlığı və qanunun aliliyinin təmin olnumasını səbrlə gözləyirlər.

“Əlbəttə ki, söhbət demokratik dəyişikliklərdən gedir, siyasi sabitsizlikdən yox”.

"Azərbaycandan Əfqanıstan əməliyyatlarına dəstəyin davamını gözləyir"

James Coyle, Chapman Universiteti, Qlobal Tədqiqatlar bölməsinin direktoru

Belə düşünənlərdən biri də John Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutundan Svante Cornelldir.

BBC Azərbaycanya müsahibəsində cənab Cornell deyib ki, Azərbaycanın insan haqları göstəricilərinin aşağı olması onun Qərb çevrələrində imicinin korlanması ilə yanaşı, ölkə üçün üçün əhəmiyyətli məsələlərdə səsinin eşidilməsinə də problemlər yaradır.

Ümumilikdə Cornellə görə, ikitərəfli münasibətlər “əvvələ baxanda indi daha şaxəlidir, amma keyfiyyətcə yox”.

“Azərbaycanlıların ABŞ-a etimadı 2008-ci il Gürcüstan müharibəsindən sonra Vaşinqtonun bölgədə qeyri-aktivliyi və eləcə də Obama Administrasiyasının Bakının maraqlarını nəzərə almadan Türkiyə-Ermənistan münasibətlərini önə çəkməsi üzündən azaltdı”, deyib cənab Cornell.

Əfqanıstan, İran...

Ancaq Cornellə görə, ABŞ Əfqanıstan və İran kimi bir sıra strategi məsələlərdə Azərbaycanın Şumali Atlantika Şurası ilə əməkdaşlığının davamında olduqca maraqlıdır.

Düzdür, İran ətrafında beynəlxalq mübahisələr hələlik Tehranla Qərb arasında kəskin seçim etmək mərhələsinə yetişməyib, ancaq Professor Mittchellə görə, “müharibə ehtimalı həmişə var və ABŞ ona görə istərdi ki, Azərbaycan yanlış istiqamətə meyllənməsin”.

“Amma biz bunun qarşısını kəsmək iqtidarında da deyilik” deyir professor. “Məsələn, Azərbaycanla müqayisədə Gürcüstan İranla daha artıq yaxınlaşıb”.

ABŞ Ordusu Hərbi Kollecinin Yaxın Şərq problemləri bölməsinin keçmiş direktoru, hazırda Chapman Universitetinin Qlobal Tədqiqatlar bölməsinin direktoru vəzifəsini tutan James Coyle isə əmindir ki, Bakı ilə Vaşinqton arasında ikitərəfli əlaqələr “siyasətdən fərqli olraq, hərbi müstəvidə genişlənib”.

"Onilliklər boyunca Birləşmi Ştatlar bu problemin (Qarabağ) həllinə çalışıb, lakin sülhün əldə olunmasında bəxti gətirməyib"

Ronald Grigor Sani, Miçiqan Universiteti, Tarixi araşdırmalar üzrə Eisenberg İnstitutunun direktoru

“Azərbaycandan Əfqanıstan əməliyyatlarına dəstəyin davamını gözləyir”, deyir cənab Coyle BBC Azərbaycancaya müsahibəsində.

O, siyasi müstəvidə buraxılan səhvləri belə təsvir edib:

“Obama Administrasiyası nə Abxaziya məsələsində Güctüstana yardımdan boyun qaçırarkən, nə də Şərqi Avropada radar və inti-raket sistemlərinin quraşdırılmasından imtina edərkən, eləcə də Rusiya ilə “yenidən yüklənmə” planlarında Azərbaycan və digər “Yaxın Xaric” ölkələrinin maraqlarını nəzərə almadı”.

Buna baxmayaraq, təhlilçi hesab edir ki, yaxşı olardı, Bakı ilə Vaşinqton qarşıda daha çox əməkdaşlıq edə biləcəkləri sahələrə diqqət ayırsınlar, nəinki bilməyəcəkləri.

Qarabağ

Miçiqan Universitetində Tarixi araşdırmalar üzrə Eisenberg İnstitutunun direktoru olan Ronald Grigor Saniyə görə isə ABŞ-ın regionda üzləşdiyi ən böyük “axsama” Qarabağ nizamlaması ilə bağlıdır.

Onilliklər boyunca Birləşmiş Ştatlar bu problemin həllinə çalışıb, lakin sülhün əldə olunmasında bəxti gətirməyib, deyib ekspert BBC Azərbaycancaya.

Onun fikincə, məsələnin tezliklə yoluna qoyulması da, "təəssüf, real görünmür".

Professor Mitchell isə əlavə edir ki, ABŞ Qarabağ münaqişəsinin həllində maraqlıdır, “amma biz onu sizin yerinizə edə bilmərik”.

Thomas Ambrosionin təbirincə isə, qarşıda Vaşinqtondan sülh anlaşmasına və Misnk Qrupunun işinə “dəstək ritorikasını” gözləmək olar, yalnız bu, tərəflərdən hansısa birinə üstünlük vermək anlamına gəlməməlidir.

Enerji maraqları və lobbi

"Azərbaycan özünün zəngin resusrsları və səriştəsini xalqın rifahnın yüksəlməsinə yönəldə bilər, nəinki hakim siyasi və iqtisadi elitanın"

Ronald Grigor Sani, Miçiqan Universiteti, Tarixi araşdırmalar üzrə Eisenberg İnstitutunun direktoru

Hər nə qədər Azərbaycan ABŞ xarici siyasətində prioritet ölkə olmasa da, enerji tədarükçüsü qismində, Qərbin barmaqla sadalayacaq müttəfiqlərindən bir olaraq qalır, deyir Cenk Sidar.

“Son onillik ərzində əməkdaşlığın bu xətti effektiv şəkildə fərqlənib”.

Ancaq ekspert əlavə edir ki, Bakı bu işin lobbiçiliyinə də diqqət ayırmalıdır.

Hərçənd, onun təbirincə, Azəri lobbisi ABŞ erməniləri ilə müqaiyəsədə zəifdir, "baxmayaraq ki, son illərdə fəaliyyəti müəyyən qədər genişlənib".

“Əsas problem koordinasiyadadır”, deyir ekspert. “Erməni lobbisi siyasi cəhətdən daha aktiv və zirəkdir. Bu, səfir Bryzanın işində də özünü göstərdi”.

Gözləntilər…

Bəs görəsən Rubinin Bakıda müzakirə etdiyi əməkdaşlıq istiqamətləri yuxarıdakılardan hansıdır?

Amerika Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin Azərbaycana son səfərinin nəticələrini hələ açıqlamayıb.

Cornell deyir ki, “hamısı”.

ABŞ üçün “ilk addım”, analitikin təbirincə, Bakıda boş qalan səfir postuna yeni güclü diplomat təyin etməkdir.

Bu, ökələrarası siyasi dialoqu sürətləndirə və qarşılıqlı maraqlara cavab vermək imkanlarını artırardı.

Azərbaycandan gözlənilən isə korrupsiya ilə mübarizə, insan haqlarının bərpası və qanunun aliliyi kimi sahələrə diqqət artırmaqdır.

"Əks halda, ölkənin demokratik inkişafının enerji imkanlarına qurban verildiyi təəssüratı yaranar".

Mövzunu yekunlaşdıraraq, Professor Sani əlavə edir ki, Azərbaycan özünün zəngin resursları və səriştəsini xalqın rifahnın yüksəlməsinə yönəldə bilər, nəinki hakim siyasi və iqtisadi elitanın.

Bu, ölkənin uzunmüddətli inkişafı ilə yanaşı, Qərbdə dəstəyinin kəskin şəkildə atmasına imkan yaradardı..

Mövzuya aid

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.