
"Mənim düşüncə azadlığımı əlimdən ala bilməzsiniz" - türk qadın Fransa Senatı qarşısında bu şüarla etiraz edir.
Türkiyənin Fransanı və digər ölkələri qorxutmaq cəhdləri əks təsir göstərəcək, şərhçilər belə düşünür.
"Bu mənfi və reaktiv strategiya iflasa uğrayıb və heç kəs onu qəbul etmir" - İstanbul Bahçeşehir Universitetindən Cengiz Aktar Frans Press agentliyinə bildirib.
"Ümid edirəm ki, hakimiyyət bu barədə düşünəcək və erməni soyqırımının 100 illiyi yaxınlaşanadək fərqli taktika yürüdəcək" - beynəlxalq münsibətlər üzrə professor Aktar belə deyib və Ankaranın qəbul etmədiyi "soyqırım" sözünü işlədib.
Beynəlxalq Böhran Qrupundan Hugh Pope onunla razılaşır: "Türkiyədə çoxları 2012-ci ildə ölkənin məsələ ilə necə davranacağından narahatdır".
O, məsləhət görüb ki, Ankara ermənilərlə barışıq yolunu tutsun ki, ildönümü ilinədək "ermənilərin itmiş cəmiyyətlərini yada salanların tərəfində olsun".
Fransa Senatı 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin öldürülməsini "erməni soyqırımı" kimi tanımayanları həbs və cərimə gözləyən qanunu qəbul edib.
Türkiyə bu qərara qəzəbli rekasiya verib və Fransanı sanksiyalarla hədələyib. Ankara artıq Fransa ilə siyasi və hərbi əməkdaşlığı dayandırıb və iqtisadi və mədəni əlaqələri də kəsəcəyini bildirib. İkitərəfli ticarət 2010-cu ildə 11.7 milyard avro təşkil edib.
"Türkiyə Fransaya qarşı daha artıq hədələr yağdırır" - Milliyyət qəzetində Semih İdiz yazıb. "Amma bir neçə həftə ərzində məsələ ABŞ Konqresinə gedəcək. Sırada başqa ölkələr də var. Hər dəfə Türkiyə səfirini gerimi çağıracaq" - deyə yazar sual edib. "Absurd bir durumla qarşı-qarşıyayıq" - yazır Semih İdiz.
Bu arada isə ABŞ Dövlət Katibi Hillari Klinton ABŞ-da hadisələrin "soyqırım" kimi tanınmasının mümkünlüyü barədə suala cavab verərkən deyib: "Tarixi məsələləri həll etmək üçün hökumətin gücündən istifadə etmək, keçilməsi çox təhlükəli olan bir qapı açır".
2010-cu ildə ABŞ Konqresində qətliamın "soyqırım" kimi tanınması cəhdlərindən sonra Türkiyə səfirini Vaşinqtondan geri çağırmışdı. Obama adminstrasiyası qətnamənin qəbuluna etiraz etmişdi.




























