
Avropa Şurası rəsmisi Strasburqda keçirilən toplantıda rəsmi Bakının 17 siyasi məhbusu azad edəcəyinə dair Azərbaycan mediasında yayılan məlumatları təkzib edib.
O, iclas zamanı Azərbaycan rəsmilərindən bu məsələ ilə bağlı hər hansı aydın mesaj eşitmədiyini deyib.
"Mən bu məlumatları təsdiq edə bilmərəm. Azərbaycan rəsmisi iclasda belə bir vəd verməyib" - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser BBC Azərbaycancaya bildirib.
AŞPA Hüquq Məsələləri Komitəsində cümə axşamı keçirilən Azərbaycanla bağlı dinləmələrdən sonra Yeni Müsavat qəzeti "İnsan Haqları Uğrunda" İctimai Birliyin sədri Eynulla Fətullayevə istinad edərək "vicdan məhbuslarınının buraxılacağını" və bu barədə rəsmi Bakı təmsilçisinin "AŞPA-da söz verdiyini" yazıb.
Cənab Ştrasser başqa şərh verməkdən imtina edib və bunu toplantının bağlı qapılar arxasında keçməsi və danışıqların məxfi olması ilə izah edib.




























