
Fransa Senatının erməni soyqırımını tanımayanlara cəza nəzərdə tutan qanununun qəbulu üçün müsbət qərar verməsi Azərbaycanda gənclər, ziyalılar və ictimai birliklərin tənqidi ilə qarşılanıb.
Bəzi qurumlar isə artıq cavab addımı atıb.
Çərşənbə axşamı Gənclər üçün Təhsil Mərkəzi (GTM) üç Fransa qeyri-hökümət təşkilatı ilə fəaliyyət anlaşmalarını pozduğu barədə məlumat yayıb.
Mərkəzin icraçı direktoru Rasim Ağayev BBC Azərbaycancaya deyir ki, bunu etməkdə məqsəd Fransa hökümətinin qəbul etdiyi qərara etirazı bildirməkdir.
İlk öncə, mənəvi hisslər daşıyan vətəndaş kimi borcumuzu yerinə yetirdik. Həm də biz bundan sonra ora gedəcək gənclərin həyatını risk altına qoya bilməzdik
"İlk öncə, mənəvi hisslər daşıyan vətəndaş kimi borcumuzu yerinə yetirdik. Həm də biz bundan sonra ora gedəcək gənclərin həyatını risk altına qoya bilməzdik"
Rasim Ağayev, GTM
Mərkəz son üç-dörd ildə QHT-lərlə gənclərin təhsili, mübadilə və düşərgə təşkil etməkdə birgə fəaliyyət göstərib.
Ağayev deyir ki, bu imtinadan təkcə Azərbaycan tərəfi yox, Fransa tərəfi də əziyyət çəkəcək:
Onlar da hökümətlərinin atdığı addımın anormal olduğunu bilirlər, lakin imtinamıza heç bir söz deməyiblər.
Digər "cavab" addımları
ANS teleşirkəti çərşənbə günü elan edib ki, Fransanın Perrier şirkətinin mineral sularının reklamından imtina edir.
Bu reklam ANS TV-də cümə axşamları yayımlanan Ən yeni tarix ictimai-publisist verilişin rəsmi sponsoru olub.
Kinodramaturq, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyov Fransa Mədəniyyət Nazirliyinin ona verdiyi İncəsənət ordenindən və Azərbaycan-Fransa mədəni əlaqələr cəmiyyətinin prezidentliyindən imtina etdiyini bildirib.
İbrahimbəyov, ordeni qaytarmaq üçün Sarkozinin qanun layihəsini imzaladığı günü gözlədiyini deyir.
Çərşənbə günü Facebook sosial şəbəkəsində Qanun nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu yazıb ki, Fransa Senatının qəbul etdiyi qanuna etiraz olaraq fransız müəlliflərinin kitablarının nəşriyyatımızda yayımını bu gündən dayandırıram.
"Fransa mədəniyyətindən, ədəbiyyatından imtina etmək Fransaya heç nə etmir, çünki onlar Fransa xalqının məhsuludur, siyasətə daxil deyil"
İlkin Santak, boykota etiraz edən gənc yazıçı
Xuduoğlunun bu statusu həm narazılıq, həm də razılıqla qarşılanıb.
Bir çoxları onu bu hərəkətinə görə İran ayətullahlarına bənzədib və bu qərarının Fransa senatının vecinə olmayacağı bildirilib.
Boykota etiraz
Fransız yazıçılarının əsərlərindən, ətirlərdən və məhsullardan imtina etməyə qəti etiraz bildirən stomatoloq-yazıçı İlkin Santak Hüseynov bu tip qərarları absurd adlandırır.
Fransa mədəniyyətindən, ədəbiyyatından imtina etmək Fransaya heç nə etmir, çünki onlar Fransa xalqının məhsuludur, siyasətə daxil deyil
Bir necə il əvvəl mentaliteti tənqid edilən bloq yazıları ilə tanınan Hüseynov BBC Azərbaycancaya deyir ki, fransız dilindən imtina da gülünc və məntiqsiz görünür.
Onun fikrincə, bu düşüncə ilə hərəkət edilsə, o zaman hindular Amerikanın fəthi zamanı baş verənlərə görə bütün Avropanı düşmən saymalıdır.
Tarixcə
Yanvarın 24-ü Fransa parlamentinin üst palatası erməni soyqırımını dananlara 45 min avro cərimə və bir ilədək həbs cəzası məsuliyyəti qoyan qanunun təsdiqlənməsi ilə bağlı müsbət qərar verib.
Hazırda qanun layihəsi qüvvəyə minmək üçün Fransa prezidenti Nikola Sarkozinin imzasını gözləyir.
Qanuna qarşı dünyanın bir çox yerlərində Fransa səfirliklərinin qarşısında etiraz aksiyaları keçirilir.
Amnesty İnternational Təşkilatı bu qərarı "söz azadlığı və demokratiyaya təhlükə" kimi qiymətləndirib.
Erməni tərəfi iddia edir ki, I Dünya Müharibəsi dövründə bir milyon yarım erməninin Osmanlı türkləri tərəfindən öldürülüb.
Fransa on ildir ki, bu kütləvi ölümü "soyqırım" kimi tanıyır.
Rəsmi Türkiyə isə rəqəmlərin şişirdildiyini və müharibə dövründə hər iki tərəfin əziyyət çəkdiyini bildirir.




























