
Bu gün Sumqayıt şəhər məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Arif Qəniyevin işi üzrə proses başa çatıb, www.contact.az saytı xəbər verir.
Məhkəmə onu qanunsuz silah saxlamaqda (228.1-ci maddə) və narkotik əldə etməkdə və saxlamaqda (234.1) təqsirli bilib və onu 1,5 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Qəniyevin vəkili Anar Qasımlı bildirib. Əvvəlki prosesdə prokuror Qəniyevin 2,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Vəkilin sözlərinə görə, Qəniyev apellyasiya şikayəti vermək niyyətində deyil. Öz növbəsində, AİP sədr müavini Akif Heydərli hökmü şərh edərkən onu "yumşaq, amma ədalətsiz" adlandırıb.
Heydərli qeyd edib ki, Qəniyev "dövlətçiliyə sadiq insandır" və heç bir cinayət əməli törətməyib.
"Görünür istintaq özü də bunu görüb, amma öz səhvlərini etiraf etməmək üçün ittiham hökmü çıxarıb", deyə Heydərli qeyd edib.
Qəniyev 2011-ci ilin avqust ayında MTN əməkdaşları tərəfindən həbs olunub.
Elə həmin vaxt MTN AİP fəalı və dindar Abgül Süleymanovun və www.islam-azeri.az saytının baş redaktoru Ramin Bayramovun həbs edildiyini bildirib.
MTN həbs olunanları dövlət əleyhinə yönəlmiş fəaliyyətdə və İranın Bakıdakı Mədəniyyət Mərkəzinin dəstəklədiyi Cəfəri radikal dini qrupunda iştirakda ittiham edib.
Lakin Qəniyevin işi sonradan başqa icraata ayrılıb.




























