"Salehi İrandakı bütün türkdilliləri nəzərdə tutub"

Son yeniləmə: 26 yanvar, 2012 - 13:45 GMT
Əli Əkbər Salehi

Əli Əkbər Salehi Türkiyəyə Tehranın mübahisəli nüvə proqramının müzakirə etmək üçün gedib.

İranın xarici işlər naziri Əli Əkbər Salehinin ötən həftə Türkiyədə olanda işlətdiyi "İranlıların 40 faizi türkcə danışır" Klikləyin cümləsi bir çox şərhlər və reaksiyalarla müşahidə olunub. Sosial mediada bu bəyanatla nazirin İrandakı azərbaycanlıları nəzərdə tutduğu və onların hüquqlarının təmin olunması məsələsi müzakirə olunub.

"Salehi İran üçün həssas bir zamanda Türkiyəyə gəldiyində belə bir bəyanat verdi. Türkiyə qəzetlərində Tehran və Ankaranın münasibətlərinin davam edib-etməyəcəyi müzakirə olunurdu" - BBC Fars xidmətinin Türkiyə müxbiri Nəfisə Köhnəvard bizə müsahibəsində deyib. Onun fikrincə, bu cümlənin istifadə olunduğu yer və zaman çox önəmlidir.

"Nazir iki ölkənin dostluğuna işarə edərək, onların nədən bu qədər yaxın olduğunu göstərmək üçün belə bir cümlə qurmuş və İrandakı azərbaycanlıların sayını nəzərdə tutmamış kimi görünür".

Köhnəvard qeyd edir ki, daha öncə İran təhsil naziri də bu barədə danışmışdı və demişdi ki, "məktəbdə oxuyan uşaqların sadəcə 100-də otuzu fars kökənlidir" və digərləri iki dildə - həm ana dilində, həm də farsca danışırlar.

"İrandakı azərbaycanlılar həmin sözləri də önəmli bir bəyanat kimi dəyərləndirdilər. Təbii ki, bu, hər bölümü əhatə edir, amma bu sözlərdə hədsiz həyacanlandırıcı bir yük yoxdur. Daha çox siyasi məqsədlə istifadə olunan bir bəyanatdır".

İranda yaşayan azərbaycanlıların sayına gəlincə isə, jurnalist xatırladır ki, indiyədək bu barədə dəqiq bir rəqəm ortaya çıxmayıb. "20 faizdən artıqdır deyirlər, amma dəqiq rəqəm yoxdur".

"İranda azərbaycanca danışanları da türk hesab edirlər. Yalnız bütün türk kökənlilərə deyil, azərbaycanlılara da farslar türk deyə xitab edirlər".

Nəfisə Köhnəvard deyir ki, nazir Salehinin həyat yoldaşı da azərbaycanlıdır və Urmiyədəndir.

"İranda həm azəricə danışanlar var, həm də, Zəncan və Həmədan kimi əyalətlərdə azərbaycan və türkcəyə qarışıq dialektlər var, onlar da türkdür. Bu acıdan baxanda Salehi bütün türkləri nəzərdə tutub" - deyir Nəfisə Köhnəvard.

Əli Əkbər Salehi ötən həftə Türkiyəyə Tehranın mübahisəli nüvə proqramını müzakirə etmək üçün gedib.

"Əli Salehinin sözlərinə görə, İranda əhalinin 28 milyonu azərbaycanlı və türkdür. Bu, İranda ilk rəsmi açıqlanan rəqəmdir və ən önəmli nazirliklərdən birinin rəhbəri bunu açıqlayır" - İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü, Kanadada yaşayan Yaşar Hakkakpur BBC Azərbaycancaya müsahibəsində deyib.

Onun sözlərinə görə, azərbaycanlılar bu bəyanatı İran rəsmilərinin etirafı kimi qarşılayıblar.

Yaşar Hakkakpur qeyd edib ki, İranda yaşayan azərbaycanlıların öz ana dilində - "türki dilində məktəbləri yoxdur və İran hakimiyyəti onların mədəni haqlarını məhdudlaşdırır".

O, ana dilində təhsil haqlarını tələb edən azərbaycanlıların İranda "pantürkist" olaraq damğalandığını iddia edib.

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.