
Avropa Yayım Birliyi Bakıda yerli təşkilatçılarla birlikdə Eurovision-2012 mahnı müsabiqəsinin ilk mətbuat konfransını keçirib.
Müsabiqənin icraedici rəhbəri Yan Ola Sand bildirib ki, Azərbaycanda bu müsabiqəyə bir ilkdir ki hazırlıq gedir:
Bu cür müsabiqənin bir il müddətində həyata keçirilməsi çox çətindir. Amma bizim bu işə çox vurğun olan komandamız var və çox hallarda bu müsabiqənin hazırlığını daha qısa müddətdə həyata keçirmişik.
Yan Ola Sand bildirib ki, Azərbaycanda siyasi məhbusların olması məsələsinin Eurovision yarışmasına heç bir aidiyyəti yoxdur.
Avropa Yayım Birliyi Azərbaycandakı məsələlərlə maraqlanır və kifayət qədər məlumatlandır. Amma Azərbaycan hökumətinə heç bir göstəriş və ya nəyi isə diktə edə bilməz"
Təşkilatı məsələlər üzrə rəhbər Sietse Bakker deyib ki, bu il müsabiqəni işıqlandırmaq üçün 43 iştirakçı ölkədən 1600 jurnalist akkreditə olunacaq.
"Avropa Yayım Birliyi Azərbaycandakı məsələlərlə maraqlanır və kifayət qədər məlumatlandır. Amma Azərbaycan hökumətinə heç bir göstəriş və ya nəyi isə diktə edə bilməz"
Yan Ola Sand, Eurovision müsabiqəsinin icraedici rəhbəri
Bekker AYB-nin BBC-yə rəsmi xəbərdarlıq məktubu göndərməsi iddiasının səhv olduğunu bildirib.
Biz BBC-nin saytında çıxan xəbərə cavab olaraq xəbər yazmışıq, lakin BBC-yə rəsmi məktub göndərilməsi kimi fikri doğru deyil, çünki BBC də digər media kimi bu müsabiqəni işıqlandıra bilər, Bekker deyib.
Yerli işçi qrupunun rəhbəri Adil Kərimli deyib ki, bu il hamının gözlədiyi təntənəli şounu sizə təqdim edəcəyik.
Lakin o, bu şounun bir qədər fərqli üslubda olacağını da qeyd edib.
Kərimlinin dediyinə görə, şounun 150 milyon izləyicisi ola bilər.
Tədbirdə Eurovision-2012-nin logosu və eurovision.az saytı ilə bağlı video-roliklərin təqdimatı keçirilib.
Təxminən yüzə qədər medianın iştirak etdiyi mətbuat konfransında adları çəkilən rəsmilərlə yanaşı, eurovision.tvnin idarəedicisi Yorqan Frank, yerli işçi qrupunun rəhbəri Adil Kərimli və ictimaiyyətlə əlaqələr rəhbəri Tahir Məmmədov da iştirak edib.
































