Azərbaycan nümunəsində "saxta demokratiya"dan danışılır

Son yeniləmə: 26 yanvar, 2012 - 07:37 GMT

Hikmət Hacızadə məruzə ilə çıxış edir.

Vaşinqtonun demokratik elitasını təmsil edən yüzdən artıq forum iştirakçısı çərşənbə günü Demokratiyaya Milli Dəstək Fondunda Reagan-Fascell demokratiya proqramının Azərbaycandan olan təqaüdçüsü Hikmət Hacızadənin məruzəsini dinləyib.

“Saxta-demokratiyalarla nə etməli: Azərbaycan nümunəsi” başlıqlı müzakirələrdə ölkədə avtoritarizmin güclənməsi kəskin pislənib və dəyişiklik imkanlarına nəzər salınıb.

Hazıcadənin təbirincə, Azərbaycanda baş verənlər “Sovet üsul-idarəsinə qayıdışı” təcəssüm etdirir, belə ki, böyük neft gəlirlərindən “başı dumanlanan” hakimiyyət rəqiblərini səhnədən çıxardıqdan sonra bütün gücünü demokratiyanın dayaqlarını sarsıltmaq və azad düşüncəni dəfn etməyə səfərbər edib.

“Ölkədə yalnız bir həqiqi müstəqil qəzet və informasiya agentliyi mövcuddur. Bunun əksinə olaraq, milyonlarla vəsait hakimiyyətə loyal təsisatların saxlanmasına sərf ediir. Məqsəd Qərb dairələri qarşısında demokratiya görüntüsü yaratmaqdır”, deyib Hacızadə.

İcmalçı Qərbin yanaşmasını da kəskin tənqid edib.

Onun fikrincə, yaxşı olardı, beynəlxalq demokratik təsisatlar Azərbaycanda bəhrə verməyən ədliyyə islahatları və polis treyninqlərinə dəstək əvəzinə, vətəndaş cəmiyyətinin dircəlməsinə diqqət ayırsın.

“Demokratik rejimlər öz özünə getmir – dəyişiklik kənardan dəstəklənir. Növbəti 15-20 il dünyanı diktatorlardan tamamilə xilas etmək üçün yaxşı şansdır”, deyib məruzəçi.

Azərbaycana gəldikdə, cənab Hazıcadənin təbirincə, hakimiyyətin təqibləri qarşısında yerli dissidentlər “təkbaşına partiya şəklində” duruş gətirməyə çalışırlar.

Xüsusilə də ölkədən kənarda təhsil almış gənclik ön çıxmaqdadır.

"Ölkədə yalnız bir həqiqi müstəqil qəzet və informasiya agentliyi mövcuddur"

Hikmət Hacızadə, Reagan-Fascell demokratiya proqramının təqaüdçüsü

Mübarizənin daha effektiv şəkild aparılması üçün Hacızadə fəalları dəstəkləməyə çağırıb.

Forumun şərhçisi, George Washington Institutunun Professoru Sharon Wolchik demokratik dəyişikliklərdə daxili və xarici “aktyorların” rolunun qeyri-bərabərliyini diqqətə çəkib.

Onun fikrincə, məsələn Slovakiya və Ukraynada demokratik dəyişikliklər zamanı Qərbin iştirakı həlledici məqamda önəmli idisə, işin əsas hissəsini yerli “oyunçular” icra edirdi.

“Öncə müxalifət məqsədyönlü strategiya ortaya qoymalı və yerli “aktyorlar” dəyişiklik şəbəkəsinin bir hissəsinə çevrilməlidir. Xarici dəstək isə sonrakı mərhələlər zamanı – rejimlərə “get” mesajının verilməsi və yeni demokratiya quruculuğu üçün vacib ola bilər,” deyib xanım Wolchik.

Forum iştirakçıları Azərbaycanda müxalifətin birləşmə imkanları, təhsil, İslamçı qüvvələrin rolu və digər suallara cavab tapmağa çalışıblar.

Mövzuya aid

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.