
Avro-Atlantik Şura (AAŞ) höküməti, medianı, ziyalıları və vətəndaş cəmiyyətini Qəbələ Radio-Lokasiya-Stansiyasını nəinki Rusiya verilməsi, hətta onun ləğvinə çağırır.
Stansiyadan imtina ilə bağlı fikri önə sürən AAŞ sədri Sülhəddin Əkbər deyir ki, Azərbaycanın mülkiyyətində olan bu ziyanlı obyekt ləğv edilməlidir.
Çünki, o, stansiyanın Azərbaycana hərbi-siyasi, hərbi-texniki, hərbi-strateji və kəşfiyyat işləri baxımından zərər verə biləcəyini düşünür.
"Səbəb"
Qəbələ RLS-in Rusiyaya verilməsi Azərbaycanın hərbi-siyasi maraqlarına heç uyğun deyil deyən Əkbər Rusiyanı, Ermənistanla müttəfiq olduğu üçün dost olmayan ölkə adlandırır.
Onun fikrincə, bu, heç Azərbaycan- NATO münasibətləri baxımından da məqsədəuyğun deyil.
Bilirik ki, Rusiya və İran NATO bazalarının yerləşdirilməsinə hər zaman narazıdır
Əkbər stansiyanın həm də mənəvi cəhətdən köhnəlmiş olduğunu iddia edir.
"İrana hərbi müdaxilə olarsa, Azərbaycan da öz qüvvələrini hazır vəziyyətə gətirməyə məcburdur"
Sülhəddin Əkbər, AAŞ sədri
Fikrincə, bu obyekt ölkədə hələ də Rusiyanın varlığına simvolik işarədir.
AAŞ sədri İrana hərbi müdaxilə olarsa, Rusiya tərəfdən Azərbaycana hərbi müdaxilə ola biləcəyini də ehtimal edir.
Rusiya İranın hərbi müttəfiqi olaraq iki istiqamətdə Cənubi Qafqaza müdaxilə edə bilər: Cənubi Osetiyadan Gümrü koridoru ilə və Dəryal keçidi vasitəsilə.
Onun fikrincə bu, dolayı yolla Ermənistanla yeni hərbi münaqişə yarada bilər.
Buna görə, Əkbər, İrana hərbi müdaxilə olarsa, Azərbaycanın da öz qüvvələrini hazır vəziyyətə gətirməyə məcbur olduğunu bildirir.
"RLS-li" Azərbaycan
RLS-siz Azərbaycan İctimai Birliyinin sədri Səxavət Əlisoy isə RLS-in ekoloji və sağlamlıq baxımından dəyərləndirilməsini aparıb.
Əlisoy deyir ki, stansiya Azərbaycan əhalisinin genofonduna mənfi təsir göstərir.
Çünki, yüksək radiasiya onkoloji, eləcə də, zəif körpələrin dünyaya gəlməsinə səbəb olur.
210 hektar əraziyə malik stansiya ölkənin əsasən on bir rayonunun şüalanmasına səbəb olur.
Hazırda 50 meqabayt sürətlə işləyən obyekt ətrafında fauna-flora və insan sağlamlığına ziyan olan freon maddəsinin miqdarı yüksək olur.
Əlisoy höküməti əhalinin sağlamlığına biganə olmaqda günahlandırır:
Dövlət yeni bağlamaq istədiyi müqavilədə yalnız icarə pulunu dəyişmək istəyindədir, yeddi milyarddan 15 milyarda.
Onun fikrincə, bu, Rusiyanın 25 illik müqavilə və 2017-19-cü illərdə tikməyi planlaşdırdığı və öz mülkiyyətində olacaq yeni portativ stansiya qurmaq istəməsinin yanında heçnədir.
Əlisoy deyir ki, ümumiyyətlə, Daryal barədə qərarı xalq verməlidir.
"Dövlət yeni bağlamaq istədiyi müqavilədə yalnız icarə pulunu dəyişmək istəyindədir, yeddi milyarddan 15 milyarda"
Səxavət Əlisoy, RLS-siz Azərbaycan İB sədri
O, referendum keçirməyi məsləhət görür.
Tarixcə
Hazırda Rusiya və Azərbaycan arasında müqavilənin yenilənməsi sahəsində iş aparılır.
Yeni müqavilə yanvar ayının sonunda imzalanmalıdır.
Bu RLS son on ildə Rusiyanın icarəsində idi.
2011-ci ilin sonunda müqavilənin vaxtının bitdiyi üçün yeni danışıqlara başlanılıb.
Azərbaycan tərəfi icarə haqqını qaldırmağı düşünür.
Yerli müxalifət düşünür ki, bu RLS Rusiyaya deyil, Türkiyəyə verilməlidir.
Çünki, bu zaman Azərbaycanın da maraqlarına uyğun Türkiyə ilə birlikdə alternativ təhlükəsizlik sisteminin yaradılması mümkün ola bilər.
Dəniz səviyyəsindən 637 metr hündürlükdə yerləşən Dəryal stansiyası 1976-cı ildə səkkiz il müddətinə tikilib.
Onun tikintisinə iyirmi mindən çox hərbi qulluqçunun cəlb edildiyi deyilir.
Stansiya 350 meqabayt gücüylə işləyərək 6000 km radiusdakı məsafəni, təxminən İran, Türkiyə, Hindistan da daxil olmaqla bütün Yaxın Şərq və Avstraliyanın bir qismini nəzarətdə saxlayır.
Özündə 145 ziyalı, ictimai xadim və 34 qeyri -hökumət təşkilatını birləşdirən AAŞ-ın məqsədi, ölkənin demokratik inkişafına- Avropa İttifaqı və NATO olmaqla Avropa və Avro-Atlantikanın siyasi, iqtisadi və başqa strukturlarına tam inteqrasiyasına ictimai dəstəyi təşkil etməkdir.




























