
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi evləri təkrar satılaraq aldadılmışların işi üzrə istintaqın davam etdirildiyi barədə xəbər yayıb.
Məlumatda "Kamran B.Ə" MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə açılmış cinayət işinin davam etdirildiyi deyilir.
Şirkətin vəzifəli şəxsləri- Ələkbər Babayev, Qerman Hüseynov, Rüfət Nağıyev və Süleyman Əliyevin təqsirləndirilən şəxs qismində həbs edilib.
İdarə bu şəxslərin tikintisi başa çatdırılmamış binada 96 mənzilin ümumilikdə təxminən 300 vətəndaşa təkrar satılması, mənzil satışından əldə olunmuş 4.623.331 manat məbləğində pulun isə dələduzluq yolu ilə ələ keçirilməsinin müəyyən olunduğu bildirir.
Hazırda tikintini davam etdirən "Şaiq" MTK-nın da təxminən yüzə qədər zərərçəkmişlə yenidən müqavilə bağlanması və Orxan MMC də daxil olmaqla, iki şirkətin fəaliyyətinin yoxlanılması barədə məhkəmə qərarının icra olunduğu deyilir.
Bu məqsədlə "Şaiq" MTK-nın satış üzrə meneceri Elçin Bağırovun da həbs edildiyi və digərlərinin isə axtarışda olduğu qeyd olunub.
Çərşənbə axşamı aldadılmış bir qrup vətəndaş Prezident Administrasiyası və Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirib.
Onlar problemlərinin həlli üçün prezidentdən yardım istədiklərini deyib. BŞİH-dən heç kim onları qəbul etmədiyinə görə, sonda vətəndaşlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə üz tutub.
İdarə onları qəbul edərək istintaq barədə məlumat verdiyini deyir.
Zərərçəkmiş Aytən Hüseynova BBC Azərbaycancaya deyir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onlara məhkəmə bitdikdən sonra problemlərinin həll ediləcəyi deyilib.
Lakin bizə dəqiq bir zaman demirlər, bəzən bir il, bəzən də haçan olacaqsa, olacaq deyirlər, Hüseynova bildirir.
Məlumatda GEN MMC-nin aldatdığı payçıların işi üzrə məlumat verilmir
































