
Fransa parlamentinin erməni soyqırımı ilə əlaqədar qanun layihəsini qəbul etməsi Azərbaycan sosial mediasında tənqidlə qarşılanıb.
Artıq Tvitter və Facebook-da Fransa Senatına etiraz məktubu adlandırılan kampaniya başlanılıb.
İki dildə- azərbaycan və fransız dillərində aparılan kampaniyada deyilir ki, Birinci dünya müharibəsi zamanı Osmanlı İmperiyasında baş verənləri araşdırmaq, siyasətçilərin işi deyil tarixçilərin işidir və bu qanun Fransa konstitusiyası ilə ziddiyət təşkil edir.
Etirazçılar senatorlara deyib ki, əgər "həqiqət axtarırlarsa onda 1992 – ci ili fevralında ermənilər tərəfdən Xocalıda törədilmiş soyqırıma da nəzər salsınlar.
"Birinci dünya müharibəsi zamanı Osmanlı İmperiyasında baş verənləri araşdırmaq, siyasətçilərin işi deyil tarixçilərin işidir"
Etiraz bəyanatından
Onlara görə, bu qanun söz və ifadə azadlığına qarşı yönəlib.
Şəbəkələrdə birgə kampaniyalardan əlavə ayrı-ayrı statuslarda da Fransanı qınayan cümlələrə rast gəlmək olur.
Yalançı Fransa, sənə ar olsun!
Tvitterdə etiraz edənlər Yalançı Fransa, sənə ar olsun! (shame on you lair france) həşteqindən istifadə edib.
Bu həşteq altında yazanlar adətən Türkiyə və Azərbaycandandır.
Hazırda bu həşteq dünya trendində irəliləyir.
Kamram Həsənli adlı istifadəçi yazır ki, 20 yanvarda Türkiyə bizim yanımızda idi. #Azerbaycan'ı dünya trendi elədilər. İndi isə bizim dəstək olmaq vaxtımızdı.
Həsənliyə həm də yerli medianın bu hadisəni necə işıqlandıracağı maraqlandırır:
Onun fikrincə, yerli media belə şeylərə kardı(r), kordu(r), laldı(r).
Yanvarın 20-də bu mikrobloqun Azərbaycanlı və Türkiyəli istifadəçiləri Azərbaycana dəstək olsun deyə, "Azerbaycan" həşteqindən istifadə ediblər, nəticədə bu söz haqqında ən çox danışılanlar siyahısında üçüncü olub.
Ərdoğanın sitatları
Orxan Əhmədov isə, Fransanın siyasətini, demokratiyasını və insanlarını qınayıb.
Bundan başqa, bu gün yayımlanan statuslar arasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sitatları olub.
Gözəl Bayramlı yazır: Ərdoğan: Bu ayrı-seçkiliyə qarşı susanlar, təpkisiz qalanlar Avropada faşizmin ayaq səslərini eşitməmək kimi bir günahın altına girirlər
Bir çoxları isə, Fransa senatına Xocalı hadisələri barədə multimedia göndərməyi üstün tutub.
Facebook-da həm də Fransa senatına qarşı atılacaq cavablar müzakirə edilir.
Zöhrab İsmayıl statusunda yazır ki, "Total"ın Şahdəniz layihəsindən çıxarılması imkanlarını araşdırmaq lazımdır... Fransa Senatının qərarına ən yaxşı cavab bu ola bilər!
Ramil Zeynalov isə bu qanunun təkcə Türkiyəyə qarşı deyil, Azərbaycan da aid olduğunu bildirir.
Lakin o düşünür ki, bu qərar Fransa xalqının seçimi deyil.
Azərbaycan rəhbərliyindən president səviyyəsində açıqlama olmasa da, Xarici İşlət Nazirliyi APA-ya təəssüfləndiyini deyib
"20 yanvarda Türkiyə bizim yanımızda idi. #Azerbaycan'ı dünya trendi elədilər. İndi isə bizim dəstək olmaq vaxtımızdı"
Kamran Həsənli, tvitter istifadəçisi
Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər.
XİN rəsmi Fransanı tarixə nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırıb.
Tarixcə
Bazar ertəsi Fransa parlamentinin üst palatası erməni soyqırımını dananlara 45 min avro cərimə və bir ilədək həbs cəzası məsuliyyəti qoyan qanunun təsdiqlənməsi ilə bağlı müsbət qərar verib.
Hazırda qanun layihəsi qüvvəyə minmək üçün Fransa prezidenti Nikola Sarkozinin imzasını gözləyir.
Erməni tərəfi iddia edir ki, I Dünya Müharibəsi dövründə bir milyon yarım erməninin Osmanlı türkləri tərəfindən öldürülüb.
Fransa on ildir ki, bu kütləvi ölümü "soyqırım" kimi tanıyır.
Rəsmi Türkiyə isə rəqəmlərin şişirdildiyini və müharibə dövründə hər iki tərəfdən ölüm-itim olduğunu bildirir.
Sizin də baş verənlərlə bağlı şərh və ya suallarınız varsa, Klikləyin Facebook səhifəmizə yaza və ya azeri@bbc.co.uk ünvanına göndərə bilərsiniz.
































