
Türklər "soyqırım qanunu"nun qəbuluna etiraz edir.
Fransada "erməni soyqırımını" tanımayanlara 1 illik həbs və 45 min avro cərimə nəzərdə tutan qanunun ölkə Senatında qəbul olunması orada yaşayan azərbaycanlılara və türklərə necə təsir edəcək?
Strasburqda yaşayan azərbaycanlı jurnalist Fuad Qulubəyli hesab edir ki, əsasən elm və siyasət adamları bu termini işlətmək məcburiyyətində qalacaqlar, adi insanlar üçün isə qanun mühüm əhəmiyyət kəsb etməyəcək.
"Bu qanun əsasən Fransa cəmiyyətində ictimailəşmiş insanlara, tarixçilərə, jurnalistlərə, televizya ilə çıxış edənlərə çətinlik yaradacaq" - o, BBC Azərbaycancaya deyib.
Jurnalistin müşahidələrinə görə, Senatın qəbul etdiyi qərarı bölüşməyən türklər və azərbaycanlıların əsas arqumenti odur ki, yeni qanun Fransanın respublika dəyərlərinə ziddir.
"Bundan sonra hansısa türk və ya azərbaycanlı jurnalist və ya tarixçi ermənilərin öldürülməsilə bağlı yazı və çıxışlarında "erməni soyqırımı olmayıb" ifadəsini işlədə bilməyəcək".
"Fransada hesab edirlər ki, bu onun söz azadlığının pozulmasıdır və rahat şəkildə tarixi araşdırmasına mane olacaq".
Adi fransızlar və türklər arasında münasibətlərə gəlincə isə, Fuad Qulubəyli hesab edir ki, bu qanunun sadə insanlar arasında problem yaradacağına inanmır.
"Ancaq bir türk Fransada yerli idarəetmə orqanlarına namizədliyini irəli sürərsə, ondan rəsmən erməni soyqırımını tanıması tələb olunacaq. İnkar edərsə, ona cəza tətbiq olunacaq".
Qulubəyli deyir ki, fransızlar özləri də bu haqda çox danışır. "Səhər avtobusda müzakirələri eşitdim. Fransızlar erməni soyqırımının olduğunu inkar etmir, amma onu dananların cəzalandırılması barədə qanunun Fransa dəyərlərindən uzaq olduğunu düşünürlər".
Rəsmi rəqəmlərə görə, Fransada 600 min türk yaşayır. Türklər və azərbaycanlılar arasında məyusluq hissi və qəzəb var.
Fransa 1990-cı ildə Holokostu - yəhudilərin Nasist Almaniyasında kütləvi öldürülməsini inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul edib. Fuad Qulubəyli deyir ki, ondan bu yana elə bir presedent olmayıb ki, sadə adamları həbs etsinlər. "Odur ki, erməni soyqırımı qanunu da adi adamlara təsir etməyəcək".
































