Sanksiyalar iranlı azərbaycanlıya necə təsir edir?

Son yeniləmə: 23 yanvar, 2012 - 16:54 GMT
Məhəmməd Ənsari

Məhəmməd Ənsari sanksiyaların bundan sonra vəziyyəti daha da çətinləşdirəcəyini deyir.

Avropa İttifaqı bazar ertəsi İrandan neft idxalı müqavilələrinə qadağa qoyub. Nüvə proqramı ucbatından İrana qoyulan sanksiyalar adi iranlılara necə təsir edir?

35 yaşlı Məhəmməd Ənsari, Təbrizdən olan bəstəkardır. O, London Universitetinin Goldsmith mədəniyyət kollecində təhsil alır.

“Sanksiyalar mənim özümə çox böyük təsir edir. Çünki İran tüməninin qiyməti qalxdığından valideynlərimin təhsil üçün göndərdikləri pulun dəyəri çox aşağıdır” – Məhəmməd BBC Azərbaycancaya bildirib.

O, deyir ki, bu yaxınlarda ona İrandan göndərilmiş pul valyuta mübadiləsi nəticəsində dəyərini itirib.

“Bir neçə ay bundan öncə göndərilsə idi, həmin pulun məbləği 2000 funt sterlinq olacaqdı. İndi isə cəmi 1600-dür” – deyir Məhəmməd.

O, sanksiyalar nəticəsində İran iqtisadiyyatının düşdüyü durumun təsirinə məruz qalan bir çox iranlılardan biridir.

Son həftələrdə İran rialının (tümən) qiyməti dollara nisbətdə rekord səviyyədə aşağı düşüb.

İranın hər yerində valyuta məntəqələri təhlükəsizliyi səbəb göstərərək dolların satışını dayandırıb.

Qeyri-rəsmi küçə valyutaçıları isə həbslərlə hədələnib. Mərkəzi Bank xəbərdar edib ki, xarici valyuta gəzdirənlər, bank çeki təqdim etməlidirlər, əks halda polis onları həbs edəcək.

“Dollar min tümən idisə, indi olub 2 min tümən. Xaricdə təhsil alan uşağına bir ailə əvvəl 300 min tümən göndərirdisə, indi 600 min tümən göndərməli olur” – deyir Məhəmməd Ənsari.

İşsizlik

Sanskiyalar İranda işsizliyə də təsir edib. Rəsmi rəqəmlər 14 faizdir, bu isə 25 milyondan çox insan deməkdir. Ancaq qeyri-rəsmi rəqəmlərin bundan daha artıq olduğu deyilir.

Kərac şəhərindən olan 40 yaşlı Firudun İranın avtomobil istehsal edən Xodro şirkəti üçün 15 il işlədikdən sonra işini tirib.

“Mən Mersedes-Benz avtomobillərini yığırdım. Amma sanksiyalara görə, Daimler şirkəti İranla əlaqələri kəsib və nəticədə mən işimi itirmişəm. Özbaşıma işləyirəm, süfrəyə çörək qoymağa çətinlik çəkirəm” – Firidun BBC Fars xidmətinə deyib.

Ancaq avtomobillərdən fərqli olaraq, İranda bir çox mallar istehsal olunmur və əsasən Çindən gətirilir.

Biznes

“Çindən ixracat isə dollarla edilir. Məsələn, biznesmen Çindən gətirdiyi bir soyuducunu 500 dollara satırdısa, indi onu 1000 dollara satmağa məcburdur. İnsanların alış-veriş gücü isə 6 ay bundan öncəyə nisbətdə azalıb” – deyir Məhəmməd və sanksiyaların insanların həyatına təsirinin bundan sonra daha çox olacağını düşünür.

İrandan neft idxalına qoyulan qadağa, sanksiyaların növbəti dalğasıdır. İran banklarına qoyulmuş sanksiyalar ucbatından iranlı biznesmenlər qanuni yollarla xarici banklara pul yatırmağa çətinlik çəkir.

Bəzi iranlılar ölkənin Qərbin təzyiqinə tab gətirə biləcəyinə və vəziyyətin düzələcəyinə inanır.

İşini itirmiş Firudun BBC Farscaya deyib: “Bu mənim ölkəmə qarşı psixoloji müharibədir, Amma biz bütün təzyiqlərə tab gətirəcəyik… Mənim oğlumun nəsli güclü İranda yaşaya biləcək”.

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.