bbc.co.uk navigation

İsrail deyir ki, Azərbaycanın nə dediyi yox, nə etdiyi önəmlidir.

Son yeniləmə: 23 yanvar, 2012 - 12:29 GMT
The Economist

İsrail-Azərbaycan münasibətləri haqqında yazı dərc etdirən The Economist jurnalı yazır ki, İsrail həmişə olduğu kimi, öz regional periferiyasında qeyri-ərəblərlə dostluq axtarır.

"Bu, haqqında danışılması cəsarət tələb edən məhəbbət kimidir. Azərbaycan 1991-ci ildə müstəqillik qazananadan bəri, yəhudi dövləti və Şiə Müsəlman ölkə arasında münasibətlər böyüyüb və çiçəklənib" - "Qeyri-adi, amma lazımlı müttəfiqlər" adlı yazıda deyilir.

"Onların hər ikisi İrandan qorxur, hər ikisində digərinin istədiyi şeylər mövcuddur".

"WikiLeaks xəbər sızdırma saytının dərc etdirdiyi 2009-cu ilə aid Amerika diplomatik sənədlərində Azərbaycan prezidenti İlham Əliyevə istinadən deyilir ki, iki ölkə arasında münasibətlər aysberq kimidir: onda doqquzu görünməyən tərəfdir" - The Economist yazır.

"Məlum olan odur ki, İsrail neft idxalının üçdə birini Azərbaycandan - Türkiyənin Ceyhan limanına qədər uzanan boru kəməri vasitəsilə alır. Ceyhandan sonra neft İsrailə daşınır. Azərbaycan şirkəti isə İsrailin cənubundakı Aşkelon limanı yaxınlığındakı sularda qazma işləri aparmağa ümid edir.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür, iş İsraillə bağlı qətnamələrə gələndə Ərəb və Müsəlman ölkələrinin xeyrinə səs verir. İsraillilər isə deyir ki, onlar Azərbaycanın nə dediyinə yox, nə etdiyinə daha çox önəm verirlər".

The Economist, son on ildə Azərbaycan və İsrail arasında ticarətin sürətlə inkişaf etdiyini yazır:

"2008-ci ildə Azərbaycanın İsrailə ixracatı (əsasən neft) rəsmi rəqəmlərə görə, 3.6 milyard dollara bərabər olub, 2009-cu ildə bu rəqəm 1.2 milyard dollar, 2010-cu ildə isə 1.7 milyard dollar təşkil edib".

Jurnal qeyd edir ki, Azərbaycanın ən böyük mobil telefon provayderi İsrail şirkətilə birgə müəssisədir. İndi israillilər daha böyük rəqəmlərdə, hətta müdafiə sənayesinə sərmayə yatırılar. Mart ayında israillilər və azərbaycanlılar yaratdıqları birgə müəssisədə pilotsuz təyyarə istehsal etməyə başlayıblar.

"Azərbaycan liderləri, əhalisinin dörddə biri etnik azərbaycanlı olan İrandan gələn islamçı təsirdən qorxurlar. İranda Ayətullalar isə sekulyar Azərbaycanın təsirindən ehtiyat edir.

İran cənab Əliyevi İsraillə münasibətlərinə görə məzəmmət edib.

Azərbaycanlı rəsmilər İsrailin Azərbaycan silahlı qüvvələrinə təlimlər keçməsinə dair məlumatları müzakirə etməyə könülsüzdür.

Azərbaycanla yaxın münasibətləri olan Türkiyə də cənab Əliyevin İsraillə mehribanlığına qəzəblənir.

Amma Türkiyəinin Bakıdakı elçisi Azərbaycan hökumətini Türkiyə yolunu tutaraq İsraillə münasibətləri pozmağa çağıranda nəzakətli rədd cavabı aldı".

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.