bbc.co.uk navigation

İsrail qəzeti İran-Azərbaycan münasibətləri barədə

Son yeniləmə: 23 yanvar, 2012 - 11:04 GMT
Bakı

İsrailin Haaretz qəzeti ötən həftə Azərbaycanda baş verən həbslər və Azərbaycan-İran münasibətləri barədə yazı dərc etdirib.

Bakıdakı yəhudi məktəbində çalışan iki israilliyə hücum etməyi planlaşdıran üç nəfər cümə axşamı həbs olunub - Haaretz qəzeti yazır.

"Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi deyib ki, ictimai xadimləri öldürməyi planlaşdıran şəbəkəni həbs edib, sonra isə məlum olub ki, öldürülməsi planlaşdırılanlar İsrail emissarları - ravvin və Bakıdakı yəhidi məktəbinin müəllimi imiş".

Nazirlik deyib ki, Rasim Əliyev, Əli Hüseynov və Balaqardaş Dadaşov İran agentlərindən qaçaqmal silah və avadanlıq alıblarmış.

Haaretz hesab edir ki, bu, İran nüvə agentlərinin İsrail tərəfindən vurulmasına qarşı planlaşdırılan qisas əməliyyatı imiş.

"Azərbaycanın təhlükəsizlik qüvvələri bizə xəbər vermədən gizlicə hərəkət ediblər" - hədəflərdən biri, ravvin Shneor Segal qəzetə deyib.

"Öncə deyilirdi ki, onlar məktəb yaxınlığında yəhudi görünüşlü və xarici pasportlar gəzdirənlərə hücum etməyi planlaşdırırlarmış, amma məktəb gözətçiləri onlardan şübhələnməyə başlayıblar və mən yaşadığım ərazini nəzarətə alıblar".

Seqal ikinci hədəfin ravvin Mati Lewis olduğunu deyib.

Qəzet yazır ki, İran-Azərbaycan münasibətləri heç zaman işıqlı olmayıb, Azərbaycan kommunikasiya naziri Əli Abbasov İranı ölkənin bir neçə dövlət orqanına kiber hücumlarda təqsirləndirdikdən sonra isə münasibətlər daha da korlanıb.

Azərbaycan İranı Dağlıq Qarabağ münaqişəsində Ermənistanı dəstəkləməkdə ittiham edib və ötən noyabrda İran parlamentinin üzvü Azərbaycan və Türkmənistanı "Mossad bazaları" olmaqda təqsirləndirib.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.