Azərbaycanda demokratiya ilə bağlı vəziyyət "daha da pisləşib"

Son yeniləmə: 21 yanvar, 2012 - 12:42 GMT
Freedom House

Freedom House təşkilatına əsasən hökumət 2011-ci ildə təzyiqlərini artırıb və prezident Əliyev hakimiyyətdə müddətsiz qalmaq niyyətindədir.

Dünya boyu demokratiya və azadlıq uğrunda kampaniya təşkilatçısı olan Amerikanın aparıcı qeyri-hökumət qurumunun yüksək rütbəli əməkdaşı Azərbaycanın solğun mənzərəsini təsvir edib.

Freedom House təşkilatının strategiya və təhlil üzrə vitse-prezidenti Christopher Walker bildirib ki, hökumət ötən 12 ay ərzində müxalifət fəalları, jurnalist, vətəndaş cəmiyyəti üzvlərinin təqiblərini artırıb və ictimai müzakirələr məkanını daraldıb.

Onun sözlərinə görə ötən il mart və aprel aylarındakı küçə etirazları dağıdılıb, jurnalist və fəallar həbs olunub, tələbə və müəllimlər hökumətdən fərqli siyasi baxışlarına görə universitetlərdən xaric ediliblər.

“Əsas haqların sistematik danılması Azərbaycanı bizim göstəricilər üzrə qlobal miqyasda olduqca zəif çıxış edən ölkələr sırasına aid edir”, - deyib demokratiya və siyasi azadlıqlar üzrə illik hesabatının dərc olunmasının ertəsi günü BBC Azərbaycancaya müsahibəsində cənab Walker.

2011-ci ilin yekunları geniş baxımdan əvvəlki ili təkrar etsə də, azadlığın azalması və təzyiqlərin genişlənməsi meyli mövcud olub.

Avtoktratik və repressiv hökumətin idarə etdiyi ölkə xalqın qəfil küçəyə çıxa biləcəyi üzündən məğzinə görə qeyri-sabitdir, deyib Christopher Walker.

"Biz bunu Rusiyada gördük. Əhalinin geniş seqmenti, kiçik qrup, ola bilsin ki, iki nəfər tərəfindən hakimiyyətin kimin əlində qalacağının həllini hörmətsizlik və iyrənc kimi qəbul etdi. Bu on minlərlə adamın küçələrə çıxmasına təkan verdi. Bu uzunmüddətli perspektivdə riskli addımdır və Azərbaycandakı hakimiyyət bundan agah olmalıdır"

Christopher Walker, Freedom House

Christopher Walker bildirib ki, hakimiyyətin ötürülməsinin aydın mexanizmi olmayan avtoritar rejimlərdə xalqın küçəyə çıxmaq ehtimalı daha yüksəkdir.

“Biz bunu Rusiyada gördük. Əhalinin geniş seqmenti, kiçik qrup, ola bilsin ki, iki nəfər tərəfindən hakimiyyətin kimin əlində qalacağının həllini hörmətsizlik və iyrənc kimi qəbul etdi. Bu on minlərlə adamın küçələrə çıxmasına təkan verdi. Bu uzunmüddətli perspektivdə riskli addımdır və Azərbaycandakı hakimiyyət bundan agah olmalıdır”

“2011-2010-dan pis olub”

Freedom House rəsmisi demokratiya ilə azadlıqlar baxımından vəziyyətin bir müddət ərzində mənfi olduğunu qeyd edərək bu göstəricinin 2011-ci ildə daha da pisləşdiyini deyib.

Təşkilat azad toplaşma, özünü ifadə etmə və media, məhkəmə hakimiyyətinin müstəqilliyi, korrupsiya əleyhinə tədbirlər habelə vətəndaş cəmiyyətinin hökumət və onun siyasətinə nəzarət mexanizmlərinin mövcud olması kimi amillərə diqqət yetirir.

Christopher Walker Azərbaycanın neft və qaz sektorunda yüksək “səviyyəli korrupsiyaya” görə məsuliyyətə cəlb etmək effektiv mexanizmlərinin olmadığını bildirir. Onun sözlərinə görə müstəqil məhkəmənin olmadığı bir halda hökumətin vətəndaş cəmiyyəti tərəfindən sorğu-suala tutmasının qarşısı alınır.

Christopher Walker deyib ki, əlavə narahatçılıq “prezident İlham Əliyevin hakimiyyətdə müddətsiz qalmaq niyyətinə dair daha aydın görünən siqnallardan” irəli gəlir.

“Azərbaycan pis çıxış edən ölkələr arasındadır”

Azərbaycanı başqa ölkələrlə müqayisə edən Walker onu qlobal çapda pis çıxış edən dövlətlərə aid edib.

“Biz iqtisadi artım və iqtisadi amilləri araşdırmırıq. Bizim hesabat vurğunu sırf demokratik məsuliyyət və vətəndaşların hüquqlarının hansı dərəcədə təmin olunmasına edir”.

Rəsminin sözlərinə görə hazırkı təmayül çox kiçik dairənin müəyyənləşdirdiyi siyasi qərarların müzakirəsinə və alternativ fikir üçün məkanın daralması ilə təqiblərin genişlənməsini nəzərdə tutur.

Christopher Walker deyib ki, bu ötən il kütləvi etirazlar görən bir çox Şimali Afrika və Yaxın Şərq ölkələrinə xas olan göstəricidir.

Hökumətin “riskli oyunu”

Cənab Walker Azərbaycanda kütləvi etirazların proqnoz edilməsinin mümkün olmadığını deyib. Hərçənd ki, bu yaxınlarda Rusiya ilə Qazaxıstandakı etirazlar xalqın “ məsuliyyətsiz və korrupsiyaya qurşanmış hökumətlərinə ” qarşı daha az dözümlü olduğunu deməyə əsas verir.

Rəsmi xəbərdarlığında deyir ki, Azərbaycan hökuməti “alternativ səslərin, bir neçə ölkədə olduğu kimi böhran zərbəsinin məcburiyyəti altında deyil, hazırda eşidilməsinə icazə vermək fürsətini əldən qaçırır”.

“Bu kimi məcburi və korlanmış idarəni yürüdən ölkələr çox riskli oyun oynayırlar”, deyib Freedom House rəsmisi.

Cənab Walker iqtisadi artımı qorumaq üçün əsasən sabitliyin təmin edilməsi ilə qayğılandığı barədə Azərbaycanın arqumentini rədd edib:

“Bu saxta arqumentdir və zənnimcə əsas fikir budur – hakimiyyətin saxlanılması üçün himayədarlıq, məcburiyyət və korrupsiyaya söykənən Azərbaycan kimi avtoritar sistemlər mahiyyətcə qeyri-sabitdirlər. Politoloqlar bunu bilir – onlar qeyri-sabit olanadək sabitdirlər”.

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.