
Bakıda Nəqliyyat Nazirliyi qarşısında narazı taksi sürücüləri bugün növbəti etiraz aksiyalarını keçiriblər.
"Obyektiv TV" kanalının əməkdaşı Vəfa Nağının BBCazeri.com-a verdiyi xəbərə əsasən, pols aksiya iştirakçılarını "20 Yanvar" metrosuna tərəf, Fövqəladə Hallar Nazirliyinə tərəf sıxışdırıb.
100-dən artıq aksiya iştirakçısı orada jurnalistlərə müsahibə verib İctimai Televiziya binasına tərəf hərəkət ediblər. İTV qarşısında onların qarşısına İTV jurnalistləri çıxıb, çəkiliş aparıblar.
Etiraz aksiyasında iştirak edən sürücülər keçirdikləri tədbirlərin İTV tərəfindən işıqlandırılmasını tələb ediblər.
Bundan sonra etirazçılar eyni tələblə ANS telekanalı binası istiqamətində hərəkətə başlayıblar.
Yarıyolda, etirazçıları ANS kanalının jurnalist heyəti qarşılayıb. ANS-ə müsahibə verəndən sonra aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər.
Sürücülər növbəti aksiyalarını yanvarına 19-na təyin etdiklərini bəyan ediblər.
Taksi sürücüləri köhnə maşınlarla taksi xidmətinin göstərilməsinə qoyulan qadağaya qarşı etiraz edirlər.
Onların təbirincə, hazırda Azərbaycanda on minlərlə insan bir təhər köhnə maşına pul yığaraq, taksiliklə gündəlik dolanışığını təmin etməyə çalışır.
Nəqliyyat Nazirliyinin köhnə maşınlara qoyduğu qadağa isə, onları, sürücülərin təbirincə, "ölümə məhkum edir".
























