bbc.co.uk navigation

Bakıda sürücülər Nəqliyyat Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər

Son yeniləmə: 16 yanvar, 2012 - 12:20 GMT
Bakıda taksi sürücüləri  etiraz aksiyası keçiriblər

Bu gün Bakıda yüzlərlə taksi sürücüsü Nəqliyyat Nazirliyi qarşısında kütləvi etiraz aksiyası keçirir.

Onlar paytaxtda "Jiquli" markalı maşınlarla taksi xidməti göstərilməsinə qadağa qoyulması göstərişlərinə etiraz bildirirlər.

BBCAzeri.com-un müxbiri bildirir ki, sürücülərlə polis arasında qarşıdurma yaranıb. Polis sürücülərin aksiyasını dağıtmağa çalışır.

BBCAzeri.com müxbirinə görə aksiyada azı 300 narazı taksi sürücüsü iştrak edir. 3 taksi sürücüsü polis bölməsinə aparılıb.

Aksiya iştirakçıları adından təxminən 10-a qədər səlahiyyətli şəxs danışıqlar üçün Nəqliyyat Nazirliyinin binasına daxil olub və onları Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov qəbul edib.

Sürücülərin dediyinə görə, Həsənov onlara iki gün ərzində nazirlə görüşüb məsələni müzakirə edildikdən sonra cavab verəcəyini deyib. Təxminən bir saat yarım davam edən aksiya sona çatıb.

Nəqliyyat nazirliyi taksi xidməti göstərməklə çörəkpulu qazananlar qarşısında yeni şərtlər qoyub. Həmin şərtləri sürücülər "astarı üzündən baha" olan kimi bir şərt kimi qiymətləndirilər.

Bakıda taksi sürücüləri  etiraz aksiyası keçiriblər

Sürücülərin təbirincə, həmin şərtlərin yerinə yetirilməsi azı 1000 manat əlavə xərc edir ki, bu da gündəlik dolanışıqlarını güclə təmin edən şofer təbəqəsini narazı salıb.

Azərbaycan mediasına əsasən, Nəqliyyat Nazirliyi bundan sonra sürücülərin yalnız lisenziya əsasında xidmət göstərəcəyini bildirib.

Lisenziyalar isə taksi fəaliyyəti ilə məşğul olan bütün avtomobillərə verilməyəcək.

Belə ki, lisenziyalı taksi fəaliyyəti göstərmək istəyən şəxsin avtomobili bir neçə şərtə cavab verməlidir. Maşının rəngi ağ və ya bənövşəyi olmalı, son 5 ildə istehsal edilməli, “QAZ-31" istisna olmaqla sovet maşını olmamalı, içi xüsusi sayğacla təchiz edilməli, və s.

Yanvarın 13-dən Nəqliyyat Nazirliyi ilə Daxili İşlər Nazirliyi reydlərə başlayıb. Reydlərdə lisenziyasız işləyən avtomobillər taksi xidməti göstərilən xəttlərdən yığışdırılır.

Bu aksiya taksi sürücülərinin sayca üçüncü etirazıdır. Bundan əvvəl, keçən şənbə və bazar günləri də bu tip aksiyalar təşkil edilib.

Narazı sürücülər hesab edir ki, bu yolla Nəqliyyat Nazirliyi Bakıya yenicə gətirilmiş daha 500 London taksiləri üçün "şərait yaradır".

Mövzuya aid

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.