Neft sektorunda "ən çox əmək hüquqları pozulur"

Neftçilərin hüquqlarını müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı
Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.
2011-ci ildə neft sektorunda əsasən əmək hüquqlarının pozulması, əmək haqlarının yetərsizliyi, iş və istirahət şəraiti, təhlükəsizliklə bağlı problemlər yaşanıb.
Bu barədə hesabat təqdim edən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) deyir ki, işçilər həmin dövrdə əmək, iqtisadi, mülki və sosial məsələlərlə bağlı müraciətlər edib.
Ümumilikdə, keçən ildə iki minə yaxın şikayətçiyə kömək göstərilib.
Müddətli Əmək Müqavilələri
Müraciətlər Əmək Müqavilələrinə (ƏM) qanunsuz olaraq xitam verilməsi, ƏM- nin bir surətinin işçilərə təqdim edilməməsi və bağlanma şərtləri, əmək xəsarətinin gizlədilməsi, qeydə alınmaması və əvəzinin ödənilməməsi, əlavə ödənişlərin edilməməsi, gender bərabərliyinin pozulması və mülkiyyət hüquqlarının pozulması haqqında olub.
Birliyin sədri Mirvari Qəhrəmanlı hesab edir ki, bu kimi hüquq pozuntularının səbəbi işçilərin öz hüquqlarını bilməməsi, işçilərlə müddətsiz ƏM-nin imzalanmaması, işçilərin sayının azaldılması və ya ştatların ixtisarının qanunsuz aparılması və bu məsələlər barədə şikayətlərin düzgün araşdırılmamasıdır.
Təşkilata daxil olan müraciət, şikayət ərizələri və informasiya sorğularına əsasən hazırlanan hesabatda deyilir ki, əsas hüquq pozuntuları Dövlət Neft Şirkəti, Kaspian Katerinq Şirkəti, Hertel İndastrial Servises BV, RCB, KSA və DEUTAQ şirkətləri, Bahar Enerji LTD, Aramark LTD-də qeydə alınıb.
Neft Şirkətindən olan şikayətlərə qeyri-qanuni işdən azad olmalar aiddir. NHMT iddia edir ki, şirkət işçiləri ya qeyri-qanuni müvəqqəti əmək müqavilələri, ya da ki təqaüd yaşına çatmış işçilərə məcburi ərizə yazdıraraq vəzifəsindən azad edir.
Şirkət müvəqqəti əmək sazişləri bağlayır ki, bu da kobud pozuntudur - Qəhrəmanlı deyir.
Birlik iş yerlərində bədbəxt hadisələrin və neftçilər arasında ölüm hallarının artmasından narahatlığını bildirib.
Belə ki, yanvar ayının ilk günlərindən Salyan-Oil və AzəriQaz əməliyyat şirkətlərində çalışan iki neftçi həlak olub.
Ümumiyyətlə isə, 2011-ci ildə 23 nəfər, 2010-cu ildə 10, 2009-cu ildə 6 nəfər həlak olub.
Qəhrəmanlı deyir: Bu neftçilərin ölümünə görə heç kim cəzalandırılmayıb.
Birliyi narahat edən digər məsələ isə neftçilərin əmək haqqının onların iş şəraitinə, işin ağırlığına uyğun olmamasıdır.
Bu baxımdan birlik neftçilərin maaşlarının 10% artırılmasını kifayət olmadığını deyir.
Hazırda dənizdə işləyən operatorun əmək haqqının baza hissəsi 225, quruda işləyəninki 330 manat təşkil edir. Bu, çox aşağı göstəricidir. Əmək haqqının baza hissəsi minimum 800 manat olmalıdır, təşkilat sədri vurğulayıb.
"Müsbət" hallar
Hesabatda keçən il üçün neft sektorunda baş verən müsbət hallar da öz yerini tapıb.
Təşkilat ARDNŞ-nin nəzdində İnsan Resursları üzrə Departamentinin yaradılmasını və insan resurslarının idarə edilməsi proseslərinin vahid siyasətini alqışlayıb.
Bundan başqa, NHMT vətəndaşların Şirkətə işə qəbulu və vakansiyalar haqqında məlumatın rəsmi saytda verilməsini də təqdir edib.
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev BBC Azərbaycancaya bildirib ki, bu hesabatla tanış olmadığından şərh vermək istəmir.
NHMT 1996-cı ildən işçi hüquqlarının qorunması, neft şirkətlərinin fəaliyyətinin ətraf sosial mühitə təsirlərinin qiymətləndirilməsi, neft hasilatı və satışından daxil olan vəsaitlərin şəffaf, ədalətli və səmərəli sərf edilməsi sahəsində ictimai nəzarəti həyata keçirir.
























