bbc.co.uk navigation

Azərbaycan niyə atletləri xaricdən alır?

Son yeniləmə: 28 dekabr, 2011 - 14:55 GMT
Ağır atletlər

Son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin çoxu idmanla bağlıdır. Ölkənin adı boks, güləş və ağır atletika kimi idman sahələrində hallandıqca başqa bir məsələ ortaya çıxır. Niyə Azərbaycanın adını yüksəyə qaldıranların əksəriyyəti yerli deyil, alınmadır?

Adını mediaya açıqlamaq istəməyən idman yazarı deyir ki, Azərbaycanda bu sahədə vəziyyət miyanədir, yəni həm inkişaf var, həm də yoxdur.

“İnkişaf” əgər qızıl və gümüş medalların sayı ilə ölçülürsə, “uğursuzluq” bu medalları ölkəyə gətirənlərin milliyəti ilə bağlıdır. Yazar deyir ki, bəzən “bütöv idmançı qrupunda adlar xarici, soyadlar azərbaycanca”dır.

Bununla yanaşı, legionerlərin alınmasını alqışlayanlar da var. Onlar düşünür ki, ölkədə idman sahəsində yaşlı nəslin hələ də hökmranlıqda olması, texniki bazanın zəifliyi və köhnə sistemlə işləmə xaricilərin Azərbaycanı təmsil etməsini qaçılmaz edir.

Digər bir yazar isə idmançıları günahlandırır. O deyir ki, “əgər yerlilər legionerlərdən güclü olsalar, heç vaxt idmandan uzaq qalmazlar”. Onun sözlərinə görə, idmançılar “yaxşı məşq etmir, bir qədər uğur qazanıb idmandan uzaqlaşırlar”.

Ağır Atletika Federasiyasının icraçı direktoru İskəndər Əsgərov BBC Azərbaycancaya deyib ki, həqiqətən də ölkədə yerli idmançıların yetişdirilməsi problemi var. Onun sözlərinə görə, əsas məsələ məktəbin olmaması, seminarların keçirilməməsi, zəif ixtisaslaşma, idmançıların psixoloji nəzarətinin qurulmamasıdır.

“Bir günə məşqçi olmaq olmaz. İdmanla 13-14 yaşdan məşğul olmaq lazımdır”, Əsgərov deyir. Onun əsas şikayəti bəzilərinin idman təhsili alıb “mən təcrübəli məşqçiyəm və ya idmançıyam” deyib, “özündənrazı” olmalarıdır.

İcraçı direktor düşünür ki, yerli idmançılar xaricilərdən heç də əksik deyil. Lakin bircə amma var: “Köhnə üsulla işləyirlər”

İdmançıları formada dayanmağa mane olan digər səbəb isə əsgərlikdir. Əsgərov deyir ki, bir il və ya il yarım əsgərliyə gedən idmançılar o müddətdə məşq etmir. Qayıtdıqda isə, yenidən formaya düşmək vaxt alır.

"Kim prezidentə özünü yaxşı göstərmək istəməz ki?"

İskəndər Əsgərov

Yazarlar BBC Azərbaycanca ilə söhbətində deyirlər ki, idmançıların inkişafına maneə törədən faktlardan biri də maliyyə çətinlikləridir. Bura yalnız “tez uğur qazanmaq” naminə legionerlərin alınması, yalnız ölkə birincilərinə sponsorluq edilməsi və xaricə-məşqə göndərilməsi, digərlərinin isə yerli resurslarla kifayətlənməsi aiddir.

Azərbaycanda müxtəlif idman klublarının və qruplarının sponsorları sırasında yüksək rütbəli məmurların adları çəkilir.

İdman mütəxəssisləri iddia edir ki, bu sponsor-məmurlar yerli idmançıların inkişafında maraqlı deyil, çünki “əsas məsələ özünü prezidentə yaxşı göstərməkdir”.

Əsgərov sırf AAF-ın sponsorunun prezidentə yarınması iddiası ilə razı olmasa da, BBC Azərbaycancaya deyib:

“Kim prezidentə özünü yaxşı göstərmək istəməz ki?”

İmtiyazlar

Əsgərov deyir ki, əslində “indi dövlət idmanın inkişafının üstünə çox düşüb”. Sovetlərdən ayrılandan sonra dağılan idman bazaları, pərən-pərən olmuş idmançıları müstəqilliyin 20 ilində bir yerə yığmaq elə də asan olmayıb.

Onun fikrincə, hər şeyi yenidən yoluna qoymaq üçün həm illər, həm də böyük vəsait lazımdır. Lakin hələlik boşluğu doldurmaq üçün xaricilərə ehtiyac var.

“Legionerlər istər bolqar olsun, istər gürcü, nə fərqi var, bizim adımızı qaldırır”- deyir Əsgərəv.

Lakin mütəxəssislər deyir ki, xarici və yerli atletlərə ödənilən məbləğlər fərqlidir. Onlara təxminən hər ay min avro civarında ödəniş olunur.

Əsgərov isə bununla razılaşmır. “Legionerlərə ayrıca imtiyazlar verilmir, onlara bizim idmançılarla eyni şərait yaradılır.

O hər bir legionerə təxminən yüz min, iki yüz min pul sərf edildiyini bildirsə də, bu pulun tezliklə ölkəyə qayıtdığını iddia edir.

AAF gələn ildən ölkədə Beynəlxalq Atletika Federasiyası ilə birlikdə Ağır Atletika Akademiyası tikmək istəyir. Federasiya çox ümid edir ki, bu məktəb onlara yerliləri hazırlamaqda kömək edəcək, yerlilərə xaricilərin təcrübəsini öyrətmək üçün məkan rolunu oynayacaq.

AAF gələcəyə ümidlə baxsa da, idman şərhçiləri “asan əldə edilən uğurların” gələcəkdə Azərbaycan idmanına marağın azalmasına şübhə ilə yanaşır.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.