bbc.co.uk navigation

Helsinki Komissiyası Qarabağda yeni müharibə riskindən naharatdır

Son yeniləmə: 8 dekabr, 2011 - 04:46 GMT

Vaşinqtonda Helsinki Komissiyası Qafqazda münaqişələri müzakirə edir

"Təəssüf ki, son 20 ildə həyata keçirilən yerli və beynəxalq tədbirlər Qafqazı Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya kimi problemlərdən xilas etməyə yetmədi"

Konqressmen Michael C. Burgess, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Helsinki Komissiyasının üzvü

Çərşənbə günü Vaşinqtonda Helsinki Komissiyası kimi tanınan Birləşmiş Ştatlar hökümətinin müstəqil agentliyi Dağlıq Qarabağ daxil olmaqla, Qafqazda münaqişələri müzakirə edib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Helsinki Komissiyasının üzvü Konqressmen Michael C. Burgess
və Komissiyasının siyasi məsləhətçisi Michael Ochs Qafqaz xalqlarının Sovet İttifaqının süqutunun üçüncü onilliyinə münaqişələrlə daxil olmasından narahatlıqlarını ifadə ediblər.

“Təəssüf ki, son 20 ildə həyata keçirilən yerli və beynəxalq tədbirlər Qafqazı Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya kimi problemlərdən xilas etməyə yetmədi”, deyib Konqressmen Burgess.

Məhz bunun səbəblərini araşdırmaq və münaqişə tərəflərinin qarşılıqlı tənqidlərindən yayınmaq məqsədilə, Helsinki Komissiyası bu dəfə dinləməyə rəsmi şəxsləri dəvət etməməyi qərara alıb.

Əvəzində Vaşinqtonda fəaliyyət göstərən və Qafqazda münaqişələr üzrə ixtisaslaşmış müstəqil analitiklər –Brookings İnstitutundan Fiona Hill, Xarici Əlaqələr Şurasından Wayne Merry və Karnegie Fondundan Tom de Waal Komissiya üzvlərini real vəziyətl barədə məlumatlandırmaq üçün dəvət ediliblər.

Hər üç təhlilçi Azərbaycan və Ermənistanda siyasi liderlərin xalqı sülh dialoqlarından kənarda saxlamasından narahatlıqlarını ifadə ediblər.

“Bunun əksinə olaraq, sülh prosesinin yeganə qarantı olan beynəlxalq vasitəçilər asanlıqla bu ölkələrdə tənqidə məruz qalırlar”, deyib Fiona Hill.

Onun fikrincə, yerli iqtidarlar tez-tez daxili siyasi və geosiyasi maraqları naminə münaqişələrə müraciət edirlər.

Sülh dialoqlarını təhlil edən Tom de Waal əlavə edib ki, bəzən tərəfələr razılaşmaya olduqca yaxınlaşıblar, bəzən isə müharibənin bir addımlığına.

Cənab Waal əmindir ki, Qarabağ diasloqunda mövcud vatisəçilik formatını dəyişmək və yaxud ondan imtina etmək sülh prosesinə xeyir verməzdi, daha yaxşı olardı, siyasətçilər öz xalqlarını düşmənçilik əhval-ruhiyyəsindən çəkindirsinlər.

26 il ABŞ diplomatiyasında çalışmış Wayne Merry isə Komissiyanın diqqətini son aylarda Qarabağda yeni müharinə təhlükəsinin artmasına çəkib.

“Həm Azərbaycanda, həm də Ermənistanda olduqca sürətli silahlanma prosesi gedir və indi indi bu bölgə 15-20 il əvvələ baxıldığında daha təhlükəli görünür”, deyib Merry.

Onun fikrincə, yeni mümkün müharibə əvvəlkindən dağıdıcı olacaq, belə ki, qarşıduran tərəflər indi döyüşə daha hazırlıqlı görünürlər.

“Azərbaycan neft gəlirlərinin, Ermənistan isə Rusiyanın dəstəyinin onu mümkün mühribədən qalib çıxaracağına əmindir”, deyə o əlavə edib.

İki saatlıq müzakirələrin yekununda Komissiya üzvləri Qarabağda gərginliyin artması barədə gələn xəbərlərdən narahatlıqlarını ifadə ediblər.

Ələkbər Raufoğlu
Vaşinqton

Mövzuya aid

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.