bbc.co.uk navigation

Azərbaycanda İnternetə "ciddi" təhlükə

Son yeniləmə: 8 dekabr, 2011 - 14:50 GMT
Media Hüququ İnstitutu video-yayımların lisenziyalaşdırılmasını təhlükə sayır

Media Hüququ İnstitutu (MHİ) hökumətin “İnternet-TV-lər lisenziyalaşdırılmalıdır” fikri ilə qəti razılaşmır və bunu ölkədə ifadə azadlığına “yeni və ciddi təhlükə” hesab edir.

Bu barədə MHİ cümə axşamı təşkil etdikləri “Azərbaycanda İnternet azadlığı” adlı dəyirmi masada danışıb. İnstitutun direktoru Rəşid Hacılı deyib: “Lisenziya tələbi internet vasitəsilə yayılan ictimai önəmli məzmunun nəzarət altına alınmasına gətirib çıxaracaq”. O, buna ehtiyac olmadığını və ondansa, İnternet sahəsində digər problemləri həll etməyi məsləhət görüb. Onun fikrincə, bunlar məzmunun və keyfiyyətin aşağı səviyyəsi və ölkədə internet xidmətlərinin hər bir vətəndaşa çatımlılığıdır. Hacılı misal kimi, əhalisinin hər birinə ən azı bir meqabit internetlə təmin olunması barədə qanun qəbul edən Finlandiyanı göstərib.

"Lisenziya tələbi internet vasitəsilə yayılan ictimai önəmli məzmunun nəzarət altına alınmasına gətirib çıxaracaq"

Rəşid Hacılı, MHİ

Hüquqşunas Ələsgər Məmmədli isə Azərbaycan qanunları ilə teleradio yayımının kontekstinə aydınlıq gətirib. “Hüquqi baxımdan Bambuser kimi onlayn yayım imkanı verən xidmətlərə lisenziya qoyulması fikri absurddur, çünki, Bambuser TV deyil”, Məmmədli bildirib. O, İnternet məzmunu olmazsa, Azərbaycan mediasının təkrəngli olacağını düşünür.

İnternet sahəsi üzrə ekspert Yaşar Hacıyev ölkədə əsas diqqətin lisenziya məsələsinə deyil, şəbəkələrin keyfiyyətinin artması və rayonlar və 5000 kəndin internetlə təmin edilməsinə yönəldilməsini dilə gətirib.

Həll yolu: İctimai məlumatlandırma

Hacılı BBC Azərbaycancaya deyib ki, bu məsələnin qarşısını almaq üçün MHİ yalnız "ictimai məlumatlandırma" yolundan istifadə edə bilər.

Keçən ildən bəri Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov mediaya İnternet TV-lərin fəaliyyətini tənzimləmək lazım olduğu barədə fikirlər açıqlayıb. Nazir buna səbəb kimi, “İnternet TVlərdə yerli yayımçıların xarici dillərdə proqramlar yaydığı bir məkana çevrildiyini” göstərib.

Azərbaycanda yüksək sürətli İnternetin qiymətinin aşağı düşdüyü son iki ildə bloqların sayı həddən artıq çoxalıb və video-bloqlar yaradılıb. Əhalinin aktiv hissəsi olan gənclər hökümətə narazılıqlarını əsasən müxtəlif videolar çəkmək və onu Youtube, Vimeo və Bambuser yayım-şəbəkələrində yayır. Gənclərin əsasən ingilis dilində hazırladıqları bu videolar dünya mediası tərəfindən də izlənilir.

Mövzuya aid

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.