
Dirijor Pavel Kotla orkestrdə təmsil olunan ölkələrin musiqilərini Qərbə gətirməyi düşünür.
Ötən həftəsonu Londonun Royal Festival Hall konsert mərkəzində Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsinə daxil olan ölkələri - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusu təmsil edən gənc musiqiçilərdən ibarət I, Culture orkestrinin konserti keçirilib.
Konsertdə Prokofyev, Jımanovski və Çaykovskinin əsərləri ifa olunub. Polşadan olan musiqiçilərin çoxluq təşkil etdiyi orkestrdə Azərbaycanı 8 musiqiçi təmsil edir.
Azərbaycanlı violonçel ifaçısı Üzeyir Mahmudbəyli BBC Azərbaycancaya video müsahibəsində öz hisslərini bölüşüb.
I, Culture - Mən, Mədəniyyət

Üzeyir Mahmudbəyli London səhnəsində ifasına dair fikirlərilə bölüşür
Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.
Orkestrin dirijorlarından biri, polşalı Pavel Kotla deyir ki, musiqiçilər bir araya bu il avqustun əvvəlində gəliblər və cəmi bir ay sonra sentyabrda Avropa turuna başlayıblar.
"Onların heç biri əvvəllər orkestrdə çalmayıb və bu, onlar üçün ilk orkestr təcrübəsidir" - deyir dirijor.
Cənab Kotla deyir ki, musiqiçilər mükəmməl təlimlər keçiblər və tez bir zamanda ifanı öyrəniblər: "Orkestrdə çox gözəl bir ovqat var, bilmirəm Şərqi Avropanın digər orkestrləri buna nail ola biliblərmi".
"Siz zəngin musiqisi olan ölkələrin, o cümlədən, Azərbaycanın musiqiçilərini bir araya gətimisiniz. Bəs repertuara həmin ölkələrdən olan bəstəkarların əsərlərini daxil etməyi düşünürsünüzmü" sualına cavabında dirijor Kotla deyib ki, Şərq Tərəfdaşlığı ölkələri bəstəkarlarının, o cümlədən Qara Qarayevin əsərlərini Qərbə gətirməyi düşünür.
"Biz bu orkestrin repertuarına çox diqqətlə yanaşırıq. Biz bilirik ki, məhşur olmayan bir orkestrin çıxışları üçün populyar repertuardan istifadə etmək lazımdır".

Təhminə Abdullayeva da orkestrdəki 8 azərbaycanlı ifaçıdan biridir.
Dirijor deyir ki, uzun-müddətli plan üçün iki yol seçiblər: "Onlardan biri orkestrdə iştirak edən ölkələrin musiqisini Qərb ölkələrində ifa etmək olacaq. Əlbəttə ki, Ukrayna, Gürcüstan, Azərbaycandan musiqilər olacaq, Qarayev, Xaçaturyan kimi bəstəkarların əsərləri ifa olunacaq".
O, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinə də turların təşkil olunacağını deyib: "O zaman özümüzlə, Şərqi Avropada tez-tez ifa olunmayana Qərb repertuarını götürmək istəyirəm. "
Orkestr Avropa turu çərçivəsində Stokholm, Berlin, Brüssel və Kiyevdə konsertlər verib. Noyabrın 8-də musiqiçilər Madriddə çıxış edəcəklər.
I, Culture Polşanın Adam Mickiewicz institunun layihəsi və Polşanın Avropa İttifaqında prezidentliyinin mədəniyyət proqramlarının bir hissəsidir.
























