BBC təsdiq edib ki, Azərbaycanın 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal əvəzində boks təşkilatına milyonlarla dollar ödəməsinə dair iddialarla bağlı dəlilləri AİBA rəsmisinə və Beynəlxalq Olimpiya Komitəsinə təqdim edib.
BBC deyib ki, ötən həftə AİBA rəsmisi Tom Virgets ilə əlaqə saxlayıb və ona aşağıdakı sənədləri təqdim edib:
1. Verilişin yazılı mətni
2. İvan Xodabəxşlə müsahibənin tam mətni
3. Birbaşa mənbələr və digər müsahiblərlə danışıqlardan efirə çıxarılmayan müsahibələr
4. AİBA, WSB və Azərbaycana qarşı iddiaların vaxtına dair məlumat
5. İvan Xodabəxş, Ho Kim və Azərbaycan rəsmiləri arasında email yazışmaları və müqavilə layihəsi.
BBC həmçinin eyni materialları Beynəlxalq Olimpiya Komitəsinin Etika Komissiyasına göndərib.
Qızıl medal əvəzində Azərbaycandan 9 milyon ödənməsinə dair iddiaları səsləndirən birbaşa mənbələr AİBA-nın məsələ ilə bağlı təyin etdiyi istintaq panelinin rəhbəri Tom Virgets ilə əməkdaşlığa hazır olmadıqlarını deyiblər. Onlar buna onun investisiya müqaviləsini imzalayan Çinq-Kuo Vu tərəfindən seçildiyini əsas gətiriblər.
Birbaşa mənbələr deyib ki, belə bir müqavilə imzalayan cənab Vunun istintaqı kimin aparacağını müəyyənləşdirməsi düzgün olmazdı.
Ancaq onlar BOC-nin Etika Komissiyası ilə şərtlərdən asılı olaraq əməkdaşlıq edəcəklərini deyiblər.
BBC-nin Newsnight proqramı Azərbaycanın Boks üzrə Dünya Kuboku - WSB (World Series Boxing) beynəlxalq boks təşkilatına milyonlarla dollar gizli odəniş etdiyini aşkara çıxarıb.
Məlumatlı mənbələrə görə, WSB rəhbəri iddia edib ki, bu pullar Azərbaycan boksçularının London 2012 Olimpiyada oyunlarına iki boks medalı qazanmasına təminat əvəzində verilib.
Klikləyin Ötən həftə cənab Vu Apa agentliyinə demişdi ki, BBC nümayəndələri səslənən ittihamlarla bağlı AİBA-ya fakt təqdim etməyib. "Bu səbəbdən təhqiqat komitəsi BBC nümayəndələri ilə əlaqə saxlamır, - deyib Çinq-Kuo Vu.
BBC-ə təqdim olunan sənədlərdə göstərilir ki, AİBA üzvlərilə investisiya müqaviləsi imzalanıb və həmin müqavilə AİBA-nın WSB qurumunun baş əməliyyat rəisi İvan Xodabəxş tərəfindən Azərbaycan hökumətində işləyən adama göndərilib.
Sənədlər 10 milyon dollarlıq bir müqavilənin mövcud olduğunu və bu məbləğdən 9 milyonunun artıq WSB-ə ödəndiyi göstərilib.
























