BBC navigation

Azərbaycanda kibercinayətkarlıq üçün "münbit şərait artmaqdadır"

Kiber hücumlar

Hazırda Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizə ilə hakimiyyət orqanları məşğul olur.

Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizə barədə qanun qəbul edilə bilər. Bu barədə təkliflər ATƏT-in Bakı Ofisi tərəfindən təşkil edilmiş bugünkü beynəlxalq konfransda verilib.

APA İnformasiya Agentliyinin məlumatına görə, konfransın məqsədi kibercinayətkarlıqla mübarizədə problemlər və onların həlli yolları barədə məlumatlılığı artırmaqdır.

Avropa Şurasının Bakı Ofisinin rəhbəri Konstantin Yerokostopulos deyib ki, kibercinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq vacibdir.

Onun fikrincə, AŞ-nin Kibercinayətkarlığa qarşı Mübarizə Konvensiyasını imzalayan hər bir ölkə, eləcə də Azərbaycan bir sıra öhdəlikləri yerinə yetirməlidir. O deyib: "Bu Konvensiya uşaq pornoqrafiyası, İnternetdə uşaqların seksual istismarı və digər məsələlərlə mübarizəyə yönəlib"

Yerokostopulos bu problemləri həllini internet xidməti verən provayderlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmələrində görür.

Ekspert Osman Gündüz deyir ki, ölkədə "bu sahədə mübarizə üsullarında konkretlik olmadığından" kibercinayətkarlıq üçün münbit şərait var və bu sahədə artım müşahidə edilir.

"Həm kadr çatışmazlığı, həm müvafiq qanunveriçiliyin yoxluğu, həm lazımi təcrübənin azlığı və həm də, çevik və effektiv infrastrukturun olmaması buna öz təsirini göstərir" deyə Gündüz BBC Azərbaycancaya bildirib.

Konfransda həm də kibercinayətkarlığa qarşı mübarizə üçün müvafiq bir strukturun yaradılması ilə bağlı təkliflər edilib. Lakin ekspert düşünür ki, buna ehtiyac yoxdur.

Hazırda Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizə ilə iki nazirlik- Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri məşğul olur. Mütəxəssisin fikrincə, bu sahədə səlahiyyətlərin konkretləşdirilməsi prosesi getməlidir.

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.