
Newsnight proqramının əldə etdiyi sənədlərdə Kəmaləddin Heydərov və boks təşkilatları arasında 10 mln dollarlıq kredit razılaşmasına dair kommunikasiya göstərilir.
Azərbaycan Boks Federasiyasının prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Klikləyin
BBC-nin apardığı təhqiqatın nəticələrinin doğru olmadığını deyib.
Ötən həftə BBC-nin Newsnight proqramı Azərbaycanın Boks üzrə Dünya Kuboku - WSB (World Series Boxing) beynəlxalq boks təşkilatına milyonlarla dollar gizli odəniş etdiyini aşkara çıxarmışdı.
BBC-ə təşkilatın daxilindən ötürülən məlumata görə, WSB rəhbəri İvan Xodabəxş iddia edib ki, bu pullar Azərbaycan boksçularının London 2012 Olimpiada oyunlarına iki qızıl medal qazanmasına təminat əvəzində verilib.
Newsnight proqramı bidlirib ki, onun əldə etdiyi sənədlər cənab Xodabəxş, AIBA-nın icraçı direktoru Ho Kim və Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov arasında 10 milyon dollarlıq kredit üçün sərmayə razılaşmasına dair kommunikasiyanı göstərir.
"Böhtan"
BBC-nin yaydığı məlumata görə, bir azərbaycanlı WSB-nin təşkil etdiyi yarışlar üçün bu təşkilata 9 milyon dollar ödənişi artıq həyata keçirib.
APA agentliyi xəbər verir ki, nazir Heydərov bu məlumatları "böhtan" adlandırıb: AİBA-nın və ABF-nin əlində lazımi faktlar var ki, bunların söylədikləri böhtandan başqa bir şey deyil".
O, məlumatların "cəfəngiyyat olduğunu sübut etmək" üçün Azərbaycan boksçularını dünya çempionatında "daha yaxşı çalışmağa" çağırıb.
Bakıda keçiriləcək boks üzrə dünya çempionatı ilə əlaqədar Azərbaycanda olan AİBA Çinq-Kuo şənbə günü Bakıda keçirdiyi mətbuat konfransında BBC-ə məsələ ilə bağlı faktlar təqdim etməsi üçün müraciət olunduğunu deyib.
O, BBC-nin Newsnight proqramında yayımlanan məlumatları araşdırmaq üçün xüsusi təhqiqat komitəsi yaradıldığını deyib: "Amma proqramda deyilənlər əsaslandırılmayıb, hətta gülməlidir".
AİBA boks idman növü üzrə idarəedici orqandır və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Professional boks liqası WSB onun təşəbbüslərindən biridir.
BBC sübutlar təqdim edəcək
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jacques Rogge BBC-ni boksun nəticələrinə müdaxilə cəhdlərinə dair ittihamlara sübutlar təqdim etməyə çağırıb.
"Biz hər bir iddiaya çox ciddi yanaşırıq" - o, deyib.
BBC sözçüsü bildirib ki, Newsnight proqramı müvafiq hakimiyyət orqanları ilə danışır və lazımi istintaqa yardım edəcək.
İvan Xodabəxş heç kəsə pul əvəzində qızıl medal təklif etmədiyini deyib.
Azərbaycan ötən Olimpiya oyunlarındakı boks üzrə yarışlarda cəmi bir bürünc medal almışdı.
BBC-nin araşdırması Bakıda sentyabrın 26-da keçiriləcək Dünya Həvəskar Boks Çempionatından bir neçə gün öncə açıqlanıb.
























